YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sabitlik və təhlükəsizlik modeli

Əlişah Rəcəbov

YAP Ağdaş rayon təşkilatının sədri

İstənilən dövlətlə əməkdaşlıqda Azərbaycan öz milli maraqlarını hər zaman üstün tutur. Öz ərazi bütüövlüyü və suverenliyini təmin etdikdən sonra bir sıra dövlətlər Azərbaycanla əməkdaşlığa xüsusi maraq göstərmiş və əlaqələri gücləndirməyə başlamışlar.

Lakin Azərbaycanın möhtəşəm Qələbəsini həzm etməkdə çətinlik çəkən bəzi Qərb dairələri erməni lobbisinin təsiri ilə  ölkəmizə qarşı sanksiyalar tətbiq etməyə cəhdlər edirlər. Əlbəttə, bu sanksiyalar siyasətinin heç bir perspektivi yoxdur, çünki tamamilə əsassız və qeyri-qanunidir. Azərbaycana qarşı qərəzli yanaşmanın, ikili standartların göstəricisidir.

Prezident İlham Əliyev oktyabrın 8-də Moskvada “Rossiya-1” televiziya kanalına müsahibəsində bildirdi ki, Azərbaycana qarşı sanksiyalar 1992-ci ildə, ərazilərimizin Ermənistanın işğalı altında olduğu bir vaxtda ölkəmizin “Ermənistanı blokadada saxlaması” barədə qondarma ittihamla tətbiq edilmişdi. Bu sanksiyalar 2001-ci ildə, ABŞ-ın öz yüklərini hava, quru və dəniz yolu ilə Azərbaycan ərazisindən Əfqanıstana tranzit daşımalı olduğu vaxt aradan qaldırılmışdı. Partiya mənsubiyyətindən asılı olmayaraq, Amerika Birləşmiş Ştatlarının Prezidenti ABŞ Əfqanıstandan çıxana qədər hər il bu sanksiyaları öz qərarı ilə ləğv edirdi. Bundan sonra Azəraycana qarşı həmin sanksiyalar yenidən tətbiq olundu. Bu fakt özlüyündə təsdiq edir ki, bütün bunlar nankorluq və selektiv yanaşmadır. Azərbaycan istənilən sanksiyalara qəti şəkildə qarşıdır. Beynəlxalq ictimaiyyət də sanksiyalarla bağlı öz mövqeyini vahid qaydada bildirməlidir.

Dünya yalnız ABŞ və Fransadan ibarət deyil. Azərbaycanla hər bir sahdə yüksək səviyyəli əməkdaşlıq əlaqələri olan çoxlu sayda ölkələr mövcuddur. Həmçinin dünya ictimaiyyətinin Azərbaycana hörməti yüksək səviyyədədir. COP29 iqlim konfransın Bakıda keçirilməsi haqqında 200-ə yaxın ölkənin yekdil qərarı bunun əlamətidir. Ölkəmizin beynəlxalq tədbirlərin yüksək səviyyədə keçirilməsi sahəsində böyük təcrübəsi vardır. Gələn il ölkəmizdə III MDB Oyunları keçiriləcək. Gəncə şəhəri idman paytaxtına çevriləcək. Yarışlar, həmçinin Azərbaycanın 10-dan çox şəhərində keçiriləcək. Bir halda ki, Azərbaycanın MDB ölkələrinin əksəriyyəti ilə yüksək səviyyəli əməkdaşlıq əlaqələri mövcuddur. Azərbaycan MDB-yə üzv dövlətlərlə əməkdaşlığa böyük əhəmiyyət verir.

Oktyabrın 8-də Moskvada MDB Dövlət Başçıları Şurasının iclasında çıxışı zamanı Prezident İlham Əliyev Azərbaycanın MDB-yə üzv dövlətlərlə əlaqələrindən bəhs etdi. Dövlət başçısı vurğuladı ki, MDB Humanitar Əməkdaşlıq Şurasının qərarına əsasən, Azərbaycanın Şərqi Zəngəzur bölgəsinin Laçın şəhəri 2025-ci ildə MDB-nin mədəniyyət paytaxtı elan edilib. Laçın Azərbaycanın 30 ilə yaxın müddətdə Ermənistanın işğalı altında olmuş şəhərlərindən biridir və demək olar ki, tamamilə dağıdılmışdı. Bu gün Laçın artıq bərpa olunub. Burada yeni həyat başlayıb, keçmiş məcburi köçkünlər qayıdıblar. Laçının MDB-nin mədəniyyət paytaxtı elan edilməsi həm laçınlılar, həm də bütün Azərbaycan xalqı tərəfindən böyük minnətdarlıqla qarşılanıb.