Xəbərlər
Praqmatik siyasətin real nəticələri
Rövşən Əhmədov
YAP Ağcabədi rayon təşkilatının sədri
Oktyabrın 4-ü Azərbaycanın ən yeni dövrdə təqvimə düşən şanlı günlərdən biri, xalqımızın şərəf və ləyaqət salnaməsi olan Vətən müharibəsində ilk böyük qalibiyyətin qazanıldığı tarixdir.
Dörd il öncə, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qüdrətli Azərbaycan Ordusu Cəbrayıl şəhərini və rayonunun bir neçə kəndini işğaldan azad edib. Bununla da, Cəbrayıl Vətən müharibəsinin işğaldan azad edilən ilk şəhəri olub. Ordumuz günbəgün, saatbasaat irəli gedərək düşmənə sarsıdıcı zərbələr vurub, torpaqlarımızı azad edib. Vətən müharibəsində əldə olunmuş tarixi Qələbəni əbədiləşdirmək və işğaldan azad edilmiş şəhərlərin günlərini təsis etmək məqsədilə dövlət başçısı tərəfindən 31 iyul 2023-cü il tarixində Sərəncam imzalanıb. Sərəncama əsasən, 4 Oktyabr - Cəbrayıl Şəhəri Günü elan olunub.
Məhz Cəbrayıl Şəhəri Günü ilə əlaqədar cari ilin oktyabr ayının 4-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edərək, yeni evlərə köçən şəhər sakinlərinə mənzillərin açarlarını təqdim ediblər. Dövlət başçısı İlham Əliyev mərasimdə Cəbrayılın azad olunmasının çox böyük əhəmiyyəti olduğunu vurğulayıb: “Çünki, İkinci Qarabağ müharibəsi dövründə işğalçılardan azad edilmiş birinci şəhər idi. Bu şəhərin azad olunması həm müharibənin sonrakı gedişatına müsbət təsir göstərmişdir, eyni zamanda, ordumuzun və ümumiyyətlə, xalqımızın mənəvi ruhunu yüksəltmişdir. Bizim hamımızda inam var idi ki, bu müharibə bizim Zəfərimizlə başa çatacaq və hər yaşayış məntəqəsinin azad edilməsi, o cümlədən, şəhərlərimizin azad edilməsi bu inamı daha da artırırdı”.
İşğaldan azad edilmiş digər ərazilərdə olduğu kimi, Cəbrayıl rayonunda da yenidənqurma və bərpa işləri operativ və sistemli şəkildə davam etdirilir, sakinlərin öz ata-baba yurdlarında rahat və firavan yaşaması üçün bütün infrastruktur yaradılır. Həmçinin, məşğulluğun yüksək səviyyədə təmin edilməsi üçün zəruri tədbirlər həyata keçirilir. Dövlətimizin başçısı Cəbrayıl rayonuna mütəmadi səfərlər edərək görülən işlərlə yaxından tanış olur, təməlqoyma və açılış mərasimlərində iştirak edir, müvafiq tapşırıq və tövsiyələrini verir. Yaxın gələcəkdə Cəbrayıl ölkəmizin inkişaf etmiş rayonlarından birinə çevriləcək.
Beləliklə, həyata keçirilən bütün bu işlər Azərbaycan dövlətinin iqtisadi, siyasi gücününün növbəti təzahürüdür. Bu gün bütün dünyanın gözü Azərbaycanın işğaldan azad olunan ərazilərində gördüyü işləri heyranlıqla izləyir.