Xəbərlər
Əsl qəhrəmanlıq, fədakarlıq və rəşadət
Malik Mirzəyev
YAP Lerik rayon təşkilatının sədri
Oktyabrın 4-də Azərbaycanın Cəbrayıl rayonunun Ermənistanın işğalından azad olunmasının dörd ili tamam oldu. 2020-ci il oktyabrın 4-də Ali Baş Komandan, Prezident İlham Əliyevin başçılığı ilə qəhrəman Azərbaycan Ordusu Cəbrayıl rayonunu düşməndən azad etdi. Bu əlamətdar gün münasibətilə oktyabrın 4-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak ediblər, yeni evlərə köçən şəhər sakinlərinə mənzillərin açarlarını təqdim ediblər.
Dövlət başçısı tədbirdə çıxışı zamanı Cəbrayıl şəhərinin azad edilməsinin tarixi əhəmiyyətindən danışaraq qeyd edib ki “Cəbrayılın azad olunmasının çox böyük əhəmiyyəti vardır. Çünki İkinci Qarabağ müharibəsi dövründə işğalçılardan azad edilmiş birinci şəhər idi. O vaxta qədər artıq müharibə bir həftə idi ki, gedirdi və 20-yə yaxın kənd azad edilmişdi, o cümlədən Cəbrayıl rayonunun kəndləri. Ancaq şəhər olaraq birinci şəhər Cəbrayıl olmuşdur və Cəbrayıl əməliyyatı xüsusi əhəmiyyətə malik idi. Ordumuz, Silahlı Qüvvələrimiz böyük peşəkarlıq, qəhrəmanlıq göstərmişdir və işğalçıları Cəbrayıl şəhərindən qovmuşdur. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Azərbaycan Silahlı Qüvvələri Vətən müharibəsində əsl qəhrəmanlıq, fədakarlıq, rəşadət göstərmişdir. Biz şəhidlərimizlə əbədi fəxr edəcəyik”.
Rəşadətli Ordumuzun zəfərə gedən yolunda mühüm qələbələrdən biri Cəbrayıl şəhərinin düşməndən təmizlənməsi oldu. Xalqımız bu xəbəri böyük coşqu ilə qarşıladı və Cəbrayıl işğaldan azad edilən ilk şəhər kimi Zəfər tarixinə həkk oldu. Rayonun azad olunması uğrunda gedən döyüşlərdə fədakarlıq göstərən hərbçilərin xidmətləri dövlətimiz tərəfindən yüksək qiymətləndirildi. Prezident İlham Əliyevin Sərəncamı ilə Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin on mindən çox hərbi qulluqçusu “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilib.
İşğaldan azad edilmiş digər ərazilərimizdə olduğu kimi, Cəbrayıl rayonunda da yenidənqurma və bərpa işləri operativ və sistemli şəkildə davam etdirilir, sakinlərin öz ata-baba yurdlarında rahat və firavan yaşaması üçün bütün infrastruktur yaradılır. Həmçinin, məşğulluğun yüksək səviyyədə təmin edilməsi üçün zəruri tədbirlər həyata keçirilir. Dövlətimizin başçısı İlham Əliyev Cəbrayıl rayonuna mütəmadi səfərlər edərək görülən işlərlə yaxından tanış olur, təməlqoyma və açılış mərasimlərində iştirak edir, müvafiq tapşırıq və tövsiyələrini verir.