YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Heydər Əliyev yolu ilə yüksələn Azərbaycan...

Mübariz Qurbanlı

YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı

Elə tarixi şəxsiyyətlər var ki, onlar zaman və məkan anlayışına, milli ölçülərə sığmayaraq dünya miqyasında tanınır və qlobal səviyyədə başqaları üçün örnəyə çevrilirlər. Bu baxımdan Ulu Öndər Heydər Əliyev müdrik siyasəti ilə ümumdünya tarixində özünə dərin iz qoymuş dahi liderdir. Azərbaycanın tərəqqisi naminə yorulmaz fəaliyyət göstərməsi, regional və beynəlxalq təhlükəsizliyin təmin olunması istiqamətində məqsədyönlü və uzaqgörən siyasət aparması, bu sahədə böyük uğurlar əldə etməsi Heydər Əliyevin Liderliyini səciyyələndirən vacib xüsusiyyətlərdir.

Oktyabr ayının 3-də Heydər Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsinin 31-ci ili tamam olur. Öncə onu qeyd edim ki, Ümummilli Lider Heydər Əliyevin 1993-cü Naxçıvandan Bakıya gəlməsi və Ali Sovetin Sədri seçilməsi xalqımızın öz sınanmış oğluna olan dərin inamının və etimadının göstəricisi idi. Xalq əmin idi ki, ölkədəki dərin böhranlara yalnız Heydər Əliyev son qoya bilər. Kiçikdən böyüyə hər kəs əmin idi ki, Azərbaycanın dövlət müstəqilliyini yalnız Heydər Əliyev dühası, Onun siyasi təcrübəsi xilas edə bilər. Təsadüfi deyil ki, Ulu Öndərin Ali Sovetin Sədri seçildiyi vaxtdan respublikamızdakı siyasi-hərbi böhrana son qoyuldu, müstəqilliyimiz üçün yaranmış təhdidlər aradan qaldırıldı. Ulu Öndərin Ali Sovetin Sədri seçildiyi gündən də artıq aydın idi ki, Azərbaycanın taleyi etibarlı əllərdədir.

1993-cü il oktyabrın 3-də keçirilən prezident seçkilərində Heydər Əliyevin seçicilərin mütləq əksəriyyətinin səsini qazanaraq Azərbaycan Prezidenti seçilməsi bir daha xalqın Ulu Öndərə olan dərin inamının və etimadının təntənəsinə çevrildi. Bu seçki vətəndaşların Heydər Əliyev şəxsiyyətinə verdiyi qiymətin göstəricisi oldu. Həmin dövrün nəticələrini təhlil edəndə görürük ki, Ümummilli Lider Heydər Əliyev öz siyasi dühası ilə qısa müddətdə nə qədər əzəmətli missiya həyata keçirib. Fövqəldüşüncə sahibi Dahi Liderin siyasətinin əsas fəlsəfəsi mükəmməl olmaqla bərabər, həm də əhatəli idi. Onun həyata keçirdiyi təxirəsalınmaz sosial-iqtisadi, siyasi və mənəvi tədbirlərin nəticəsi kimi qısa müddətdə müstəqilliyimizin etibarlı təməlləri yaradıldı, hüquqi dövlət quruculuğu həyata keçirildi, iqtisadi tənəzzülə son qoyuldu.

1994-cü ilin may ayında cəbhə xəttində atəşkəs əldə edildi. Atəşkəsin həyati əhəmiyyəti onda idi ki, məhz bu müqavilədən sonra ölkəmizin dünya birliyinə inteqrasiyası sürətləndi, Azərbaycanın öz iqtisadi potensialından səmərəli istifadə edərək dünya birliyinə daxil olmasına imkan yaradan beynəlxalq müqavilələr, razılaşmalar əldə edildi. Heydər Əliyevin başlatdığı yeni neft strategiyasının uğurla reallaşması Azərbaycanın inkişafına böyük töhfələr verməklə yanaşı, beynəlxalq münasibətlər sistemində ölkəmizin layiqli mövqeyini təmin etdi. Bütövlükdə, Ulu Öndər Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərlik etdiyi 10 il Azərbaycanın tarixinə yüksəliş və dövlətçiliyimizin etibarlı təməllərinin yaradılması dövrü kimi daxil oldu.

Azərbaycanın Heydər Əliyevin adı ilə bağlı olan inkişafının bu gün də yüksək dinamika ilə davam etməsi o dövrdən başlayan yüksəliş strategiyasının yerinə yetirildiyinin sübutudur. Bu gün respublikamızda Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə əldə olunan bütün uğurlar Heydər Əliyevin ölməz ideyalarının həmişəyaşar, əbədi olduğunu bir daha göstərir. Müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin həyata keçirdiyi siyasət Prezident İlham Əliyev və ölkə rəhbərliyinin siyasətinə layiqli töhfələr verən birinci xanım, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva tərəfindən uğurla davam etdirilir. Bu gün dövlət quruculuğu prosesi daimi xarakter daşıyır, cəmiyyət inkişaf edir, müasir dünyamızda gedən proseslərə uyğun olaraq Azərbaycanın sosial-iqtisadi həyatında, qanunlarında, insanların həyat tərzində, idarəçilikdə müvafiq dəyişikliklər həyata keçirilir. Cəmiyyətimiz indiki dövrün çağırışlarına uyğun olaraq yeniləşir, müasirləşir və müstəqil Azərbaycanın mövqeləri getdikcə möhkəmlənir.

Heydər Əliyev siyasətinin təntənəsinin ən böyük təcəssümü isə torpaqlarımızın işğaldan azad edilməsi, ərazi bütövlüyümüzün bərpa olunması, yurd yerimiz olan Qarabağda erməni separatizminə son qoyulmasıdır.  Bütün bunlar həm də ondan xəbər verir ki, Ulu Öndər Heydər Əliyevin ideyaları və Prezident İlham Əliyevin həyata keçirdiyi strategiya  bundan sonra da Azərbaycana möhtəşəm uğurlar bəxş edəcək.