Xəbərlər
Qüdrətli Azərbaycan dövlətinin təməli
Təvəkkül Əliyev
YAP Şuşa rayon təşkilatının sədri
Azərbaycan xalqının taleyində böyük əhəmiyyətə malik elə günlər var ki, həmin vaxtlarda onun gələcək həyatını müəyyən edən mühüm başlanğıcların əsası qoyulub. Belə günlərdən biri də oktyabrın 3-nə təsadüf edir. Həmin gün xalqımız özünün gələcək taleyini, müqəddəratını həll edən seçim etdi. Məhz 1993-cü ilin oktyabrında Ulu Öndərin dövlət başçısı seçilməsindən sonra müstəqil Azərbaycanın hüquqi və siyasi-iqtisadi suverenliyinin təmin olunması prosesinin başlanğıcı qoyuldu. Məhv olmaq təhlükəsi ilə üz-üzə qalan dövlətin sükanı arxasına keçən Ulu Öndər hər şeyi sıfırdan başlayaraq, ölkədə ictimai-siyasi sabitliyin bərpası, qeyri-qanuni silahlı dəstələrin zərərsizləşdirilməsi istiqamətində qısa müddətdə inanılmaz nəticələrə nail oldu.Ulu Öndər Heydər Əliyev qlobal düşüncəli, geniş dünyagörüşlü nəhəng bir siyasətçi idi. O, realist bir insan olaraq hadisələrə praqmatik yanaşır, tarixi şəraitdən düzgün baş çıxarır, ölkənin taleyi üçün uğurlu qərarlar qəbul edirdi. O, beynəlxalq aləmdə tarazlaşdırılmış siyasətin, ölçülüb-biçilmiş fəaliyyətin ustadı idi. Bu dahi siyasət adamı bütün fəaliyyəti boyu müdrik insan, peşəkar rəhbər, xalq məhəbbətini qazanan uzaqgörən siyasətçi və ağıllı dövlət xadimi olduğunu təsdiq edib.
Ulu Öndər Heydər Əliyevin iqtisadiyyatın inkişafında neft amilinə xüsusi önəm verməsi uzaqgörən siyasətindən irəli gəlirdi. 1994-cü il sentyabrın 20-də dünyanın aparıcı transmilli şirkətləri ilə tarixə “Əsrin müqaviləsi” kimi daxil olan neft sazişinin imzalanması Azərbaycanın iqtisadi tərəqqisində və insanların yüksək rifahının təmin edilməsində əhəmiyyətli rol oynadı. Cənab İlham Əliyev 2006-cı ildə Azərbaycan neftinin Ceyhan terminalına çatması münasibəti ilə xalqa təbrikində bildirmişdir ki, “Əsrin müqaviləsi” imzalanmasaydı, Azərbaycanın hazırkı iqtisadi inkişafını, beynəlxalq mövqeyini təsəvvür etmək çətin deyildi. Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri olmasaydı Bakı-Tbilisi-Ərzurum (BTƏ) qaz kəmərindən, onlar olmasaydı, Cənub Qaz Dəhlizindən danışmaq qeyri-mümkün idi.1993-cü ildən başlayaraq bu günə qədər Azərbaycan, sözün əsl mənasında, müstəqil həyat yaşayır. Dövlətçiliyin əsasları qoyuldu, müstəqil dövlətin Konstitusiyası qəbul edildi, milli ideologiyamız qəbul olundu, azərbaycançılıq məfkurəsi bu gün bizim ideoloji əsaslarımızı təşkil edir. Siyasi islahatlar aparılmağa başlamışdır, demokratik inkişafla bağlı önəmli qərarlar, qanunlar qəbul edilmişdir. İqtisadi sahədə liberallaşma siyasəti aparılmağa başlamışdır və bazar iqtisadiyyatına keçid məhz Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə baş vermişdir.
Bu gün Heydər Əliyev siyasəti uğurla davam etdirilir. 2003-cü ildə cənab İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra ölkənin inkişafında yeni mərhələ başlandı. Məmnunluqla qeyd edilməlidir ki, Ulu Öndər Heydər Əliyevin ideyaları yaşayır və hər zaman yaşayacaq. Çünki bugünkü və gələcək inkişafımız Heydər Əliyevin qurduğu bünövrə üzərindədir, Onun müəyyənləşdirdiyi inkişaf siyasəti Azərbaycan xalqının daim firavanlığına, əmin-amanlığına, sabitliyinə, rifahına xidmət edir və edəcək.