Xəbərlər
Artıq torpaqlarımızın işğal deyil, azad olunduqları tarixləri qeyd etməyimiz qürur mənbəyimizdir
Artıq 4 ildir ki, torpaqlarımızın işğal deyil, azad olunduqları günləri böyük qürur hissi ilə qeyd edirik. Tarixi Zəfərimizin əbədiləşdirilməsinə xidmət edən addımlar sırasında dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə işğaldan azad edilmiş ərazilərimiz üzrə şəhər günlərinin təsis olunması xüsusi məna daşıyır. Bu mühüm sənəd özündə bugünümüz və gələcəyimizlə bağlı mühüm çağırışları ehtiva edir. Bu baxımdan ki, həm indiki, həm də gələcək nəsillər işğalçı Ermənistanın əsassız torpaq iddiasının nəticəsi olaraq yaranan keçmiş Qarabağ münaqişəsini, torpaqlarımızın işğalını və dövlətimizin qətiyyəti, xalqımızın birliyi, rəşadətli ordumuzun gücü, qüdrəti sayəsində 30 illik işğala son qoyulduğunu bilməli, tariximizi öyrənməli, Zəfərimizin qəhrəmanlarını unutmamalıdırlar. 44 günlük İkinci Qarabağ müharibəsinin hər günü tariximizə Zəfər günü kimi yazıldı. 2020-ci il 27 sentyabr tarixində - Vətən müharibəsinin ilk günündə Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndləri, 3 oktyabr tarixində Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndləri, 4 oktyabr tarixində Cəbrayıl şəhəri və rayonun 9 kəndi – Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan və Decal kəndləri işğaldan azad edilmişdir. Cəbrayıl rayonunun ərazisində aparılan hərbi əməliyyatlar nəticəsində ümumilikdə 1 şəhər (Cəbrayıl) və 90 kənd işğaldan azad edildi. Onu da qeyd edək ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə “Dəmir yumruq” əməliyyatını uğurla davam etdirən Azərbaycan Ordusu oktyabrın 3-də mühüm strateji əhəmiyyətə malik Suqovuşan və Talış kəndlərini də işğaldan azad etdi. Dövlətimizin başçısı İlham Əliyev bu xoş müjdələri özünün “Tvitter” hesabında xalqımıza çatdırmaqdan böyük qürur hissi keçirirdi. 44 gün ərzində Müzəffər Ali Baş Komandan İlham Əliyevin çoxsaylı müraciətlərinin hər birində hər kəsin gözlədiyi xəbər hansısa bir ərazimizin azad edilməsi oldu. Təbii ki, bu müjdələrə əsas verən Azərbaycan ordusunun gücü ilə yanaşı, Vətən, torpaq sevgisi idi. İşğalçılardan təmizlənməsinin 4-cü ildönümünü qeyd etdiyimiz Suqovuşan qəsəbəsi və Talış kəndi Azərbaycan Ordusu üçün çox böyük strateji əhəmiyyətə malik ərazilərdən idi. Bu ərazilərin azad edilməsi ordumuza ətrafdakı əraziləri nəzarətdə saxlamaq imkanı verdi. Hər qarış torpağımızın azad edilməsini qarşıya əsas vəzifə kimi qoyan Silahlı Qüvvələrimiz üzərilərinə düşən şərəfli missiyanı uğurla yerinə yetirdilər.
Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə bildirib.
Deputat qeyd edib ki, dövlət başçısı İlham Əliyevin torpaqlarımızın azad olunduğu tarixləri məhz həmin ərazilərdə rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə qeyd etməsi artıq ənənə halını alıb. Cəbrayıl Şəhəri Günü ərəfəsində dövlət başçısı İlham Əliyevin Cəbrayıl rayonuna növbəti səfəri hər birimizdə böyük qürur hissi yaratdı. Artıq Cəbrayıl sentyabrın 26-dan mərhələ-mərhələ sakinlərinə qovuşur. İlk köç karvanı məhz sentyabrın 26-da yola salınmışdı. Dövlət başçısı İlham Əliyevin 2021-ci il oktyabrın 4-də Cəbrayıl rayonuna səfəri zamanı ictimaiyyət nümayəndələri ilə görüşündə səsləndirdiyi “Cəbrayıllılarla müzəffər Ordumuzun Qələbəsindən sonra ilk görüşümdür və bu görüşü məhz oktyabrın 4-də keçirmək xüsusi məna daşıyır. Çünki düz bir il əvvəl məhz oktyabrın 4-də Azərbaycan Ordusu Cəbrayıl şəhərini işğalçılardan azad etdi və bu gün bu şanlı tarixi birlikdə qeyd etmək üçün mən cəbrayıllıları onların öz yurduna, vətəninə dəvət etdim. Ona görə “Cəbrayıla xoş gəlmisiniz” demək sözləri ilə öz çıxışıma başlayıram. Amma əminəm ki, bundan sonra mən Cəbrayıla gələndə həmişə cəbrayıllılar mənə “Xoş gəlmisiniz, cənab Prezident” deyəcəklər” fikirlərini və onun özündə ehtiva etdiyi arzunu yada salmaq istərdik. Bu gün Prezident İlham Əliyevin Cəbrayıl rayonuna səfəri artıq həmin arzunun 3 ildən sonra reallığa çevrildiyinin təsdiqi oldu. Cəbrayıllılar bu məkanda Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı qarşıladılar.
Vüqar Rəhimzadə bu mühüm məqamı da xüsusi qeyd edib ki, Cəbrayılın azad olunması 2016-cı ildən başlamışdı. Aprel döyüşləri nəticəsində Cocuq Mərcanlı kəndinə insanları qaytarmaq üçün imkanlar əldə edildi. Qeyd edim ki, 5 yanvar 1994-cü il tarixində Horadiz əməliyyatı zamanı Cocuq Mərcanlı kəndi işğaldan azad edilmişdi. 2016-cı ilin Aprel döyüşləri zamanı Azərbaycan Ordusunun əks-hücumu nəticəsində Lələtəpə yüksəkliyi də işğaldan azad edildi. Strateji yüksəkliklər işğalçılardan azad olunandan sonra Cocuq Mərcanlıya həyatın qayıtması artıq mümkün oldu və bu, önəmli qələbəmiz idi. Strateji yüksəkliklər işğalçılardan təmizləndikdən sonra Cocuq Mərcanlıya həyatın qayıtması artıq mümkün oldu. Cocuq Mərcanlıya qayıdış Böyük Qayıdışın başlanğıcı idi.
Milli Məclisin deputatı bildirib ki, Cəbrayıl rayonunun və kəndlərinin ilk olaraq işğaldan azad edilməsi rəşadətli ordumuzun növbəti zəfərlərinə stimul oldu. Addım-addım irəliyə doğru irəliləyən Silahlı Qüvvələrimiz bu gün hər birimizin qürur duyduğu şanlı Zəfərin yaşanmasına gətirib çıxardı. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, bu gün biz Azərbaycan xalqının əyilməz ruhunu Qarabağa və Şərqi Zəngəzura qayıdan soydaşlarımızın timsalında görürük. O torpaqları heç vaxt görməyən Qarabağdan, Şərqi Zəngəzurdan olan soydaşlarımız həvəslə Böyük Qayıdış Proqramının icrasını səbirsizliklə gözləyirlər. Əslində, bu proqram artıq icra edilir. Heç vaxt o torpaqlarda yaşamamış, amma o torpaqlara qayıtmaq eşqi ilə yaşamış qarabağlılar və Şərqi zəngəzurlular artıq bu cənnət məkana qayıdırlar. Qayıdış məkanlarının say tərkibinin genişlənməsi ölkəmizin malik olduğu imkanların təqdimatı ilə yanaşı, bu torpaqların əsl sahibinin Azərbaycan xalqı olmasının dünyaya təqdimatıdır.
Vüqar Rəhimzadə qeyd edib ki, bu, dövlət başçısı İlham Əliyevin Cəbrayıl rayonuna sayca 10-cu səfəridir. Hər bir səfər mühüm sosial obyektlərin açılışı və təməlqoyma mərasimlərinin keçirilməsi ilə yadda qalır. Atılan hər bir addım soydaşlarımızın burada rahat yaşayışının təmin edilməsinə xidmət edir. Ümumilikdə azad olunmuş ərazilərdə aparılan bərpa-quruculuq işləri dünyaya şəhərsalmanın müasir təcrübəsini təqdim edir. Təkcə dövlət başçısı İlham Əliyevin Cəbrayıl rayonuna bir səfəri çərçivəsində görülən işlərə diqqət yetirməklə işğaldan azad edilmiş bütün ərazilərimizdə həyata keçirilən genişmiqyaslı quruculuq tədbirləri barədə aydın təsəvvür yaratmaq mümkündür. Bu gün Qarabağımız, Şərqi Zəngəzurumuz dirçəlir, cənnət məkana çevrilir. Tezliklə bu ərazilərimiz böyük investisiyalar məkanı kimi dünyanın diqqətində olacaq.