Xəbərlər
Müasir dövlətçilik tariximizdə yeni səhifə
Mansur Quliyev
YAP Ağdam rayon təşkilatının sədri
Hər birimizin yaxşı xatirindədir ki, 1993 cü ildə Azərbaycan parçalanmaq, bir ölkə kimi, bir dövlət kimi məhv olmaq təhlükəsi qarşısında idi. Belə bir çətin məqamda xalqın təkidli tələbini və istəyini qəbul edən Ümummilli Lider Heydər Əliyev 9 iyun 1993-cü ildə Naxçıvandan Bakıya gəldi, beləliklə Azərbaycanın müasir dövlətçilik tarixində yeni səhifə açıldı. İyunun 13-də Ulu öndər Heydər Əliyev vəziyyətlə yerində tanış olmaq üçün vətəndaş müharibəsinin astanasında olan Gəncə şəhərinə gəldi. Vəziyyətlə yerində tanış olub öyrənəndən sonra Milli Məclisinin növbəti iclasında Ulu Öndər Gəncə hadisələri barədə öz qəti mövqeyini bildirdi. 1993-cü il iyunun 15-də Ulu Öndər Heydər Əliyev Ali Sovetə sədr seçildi və ölkənin gələcək inkişaf strategiyası istiqamətində mühüm addımlar atmağa başladı. Ulu Öndər Ali Sovetin sədri kimi Azərbaycan xalqının tarixi nailiyyəti olan Azərbaycan Respublikasının dövlət müstəqilliyini qorumağı, möhkəmləndirməyi və inkişaf etdirməyi özünün əsas vəzifələrdən biri hesab edirdi. Bu bir həqiqətdir ki, 15 iyun Azərbaycanın müstəqillik tarixində yeni siyasi eranın başlanğıcı oldu!
“Azərbaycan Respublikası, bundan sonra onun başına nə gəlirsə-gəlsin, müstəqilliyini itirməyəcək, yenidən heç bir dövlətin tərkibinə daxil olmayacaq, heç bir başqa dövlətin əsarəti altına düşməyəcək.” fikrini söyləyən Ümummilli Lider Heydər Əliyev Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi və gələcək inkişafı istiqamətində mühüm addımlar atırdı.
1993-cu ilin iyununda Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıtması ilə bütün sahələrdə müsbət dəyişikliklərin əsası qoyuldu. O ağrılı-acılı günlər hər birimizin yaddaşındadır və o zamanki nəslin nümayəndələri həmin dövrdə ölkəmizin və xalqımızın hansı çətin, mürəkkəb sınaqlar qarşısında qalmasının canlı şahidləridirlər. Məhz Ulu Öndər Heydər Əliyev dühası və qətiyyəti sayəsində müstəqil Azərbaycan dövləti məhv olmaq təhlükəsindən qurtuldu.
Ölkənin düşdüyü bu bəladan qurtarmaq kimi çətin bir missiyanı və məsuliyyəti öz üzərinə götürən Ulu Öndər Heydər Əliyev 1993-cü ilin iyunun 24-də yaranmış mürəkkəb proseslərlə bağlı Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini icra etməyə başladı. Beləliklə Ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi təxirəsalınmaz sosial-iqtisadi, siyasi və mənəvi tədbirlərin nəticəsi kimi, Milli Ordunun formalaşdırılması, torpaqlarımızın müdafiə olunması ilə bağlı mühüm addımlar atılmağa başlandı.
Xalq öz liderini ölkə başçısı görmək arzusunda idi. Bu məqsədlə 1993-cü ilin oktyabr ayının 3-də Heydər Əliyev keçirilən prezident seçkilərində Azərbaycan Respublikasının Prezidenti seçildi. Qısa müddətdə Ulu Öndərin siyasi idarəetmə qabiliyyəti və uzaqgörənliyi ilə ölkədəki böhrana son qoyuldu.
Bu gün Ümummilli Lider Heydər Əliyev siyasi kursunu uğurla və qətiyyətlə davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Beynəlxalq müstəvidə böyük nüfuz və söz sahibi olan ölkələrdən birinə çevrilmişdir.
Bu gün dövlətimiz Heydər Əliyev ideyaları ilə yaşayır və bu gün Onun dövlətçilik konsepsiyası əmin əllərdədir.
Azərbaycanı, xalqımızı bəlalardan xilas edən Ümummilli Liderin əsasını qoyduğu daxili və xarici siyasət kursunu layiqincə davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz bu gün dünya dövlətləri içərisində öz layiqli yerini tutmağı bacarıb.
Xüsusilə qeyd etmək lazımdır ki, 44 günlük Vətən müharibəsi və 19 sentyabr tarixində həyata keçirilən lokal anti-terror əməliyyatları zamanı Müzəffər Ali Baş Komandan İlham Əliyev düşmənə öz layiqli yerini göstərdi və tarixi Zəfərlərə imza atdı.
Qürur hissi ilə deyə bilərik ki, ölkəmiz Ümummilli Lider Heydər Əliyev siyasi kursunu uğurla və qətiyyətlə davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi altında gündən günə inkişaf etməkdədir və bütün müstəvilərdə davamlı olaraq yeni-yeni uğurlara imza atmaqdadır.