Xəbərlər
Qalibiyyətlər üçün doğulmuş Lider
Elman Nəsirov
YAP Təftiş komissiyasının üzvü, Milli Məclisin deputatı
Ulu Öndər Heydər Əliyev şəxsi ləyaqət hissini paklıq zirvəsinə qaldırmağı bacaran və bu unikal keyfiyyəti titanik siyasi fəaliyyətinin məhək daşına çevirməyə nail olan böyük azərbaycanlıdır. Bu unikal xüsusiyyəti ilə dünya siyasətində Dahi Liderin rəqibi yoxdur. Yəqin ki, hələ uzun tarixi dövrdə də bu reallıq dəyişməz qalacaqdır. Necə deyərlər, dahilər ən azı 100 ildən bir doğulur.
Ümummilli Lider Heydər Əliyev Azərbaycanda siyasi plüralizm, siyasi mədəniyyət və siyasi sistemin yaranmasının əsasını qoyan dühadır. 1992-ci ildə bir müxalifət partiyası olaraq yaratdığı Yeni Azərbaycan Partiyası hakimiyyətə sivil yolla gəlməyin əsl “yol xəritəsi”ni ortaya qoydu. Bununla da bir siyasi mədəniyyət və siyasi əxlaq nümunəsi yaratdı. Bu nümunə əslində siyasi xəttindən və davranışından asılı olmayaraq bütün siyasi qüvvələr üçün örnək olmalıdır. Bu nümunə özündə sağlam, obyektiv, şəffaf və demokratik mübarizə mədəniyyətini ehtiva edir və 100 faizlik qələbə təminatına görə unikaldır. Fikrimizi faktlar və arqumentlərlə əsaslandıraq.
Heç kəsə sirr deyildir ki, Ulu Öndər 1993-cü il 3 oktyabrda keçiriləcək prezident seçkiləri öncəsi seçkiqabağı təşviqat kampaniyasına xüsusi əhəmiyyət verir, praktiki olaraq əhalinin bütün təbəqələri ilə görüşürdü. Azərbaycan Respublikasının prezidentliyinə namizəd Heydər Əliyev 1993-cü il sentyabrın 10-da yerli və xarici jurnalistlər üçün mətbuat konfransı keçirdi. Sentyabrın 20-də Azərbaycan Daxili İşlər Nazirliyinin əməkdaşları, sentyabrın 21-də AMEA-da ziyalılar qarşısında, sentyabrın 22-də Ali Sovetdə Azərbaycan gənclərinin nümayəndələri, sentyabrın 28-də Bakı Məişət Kondisionerləri zavodunda əmək kollektivlərinin təmsilçiləri qarşısında çıxışlar etdi. Bu çıxışlarda Ulu Öndər Heydər Əliyev Prezident seçiləcəyi təqdirdə xalqı narahat edən hansı müəkkəb problemlərin köklü həllinə nail olmağı hədəf seçdiyini bəyan etdi. Bu, ilk növbədə, polisin siyasi oyunbazlıqla məşğul olmaması və ictimai asayişin qorunması ilə bağlı birbaşa vəzifəsini icra etməsi, müxtəlif rayonlarda kök salmış və dinc sakinləri qorxu altında saxlayan çoxsaylı gizli silahlı qrupların və bandaların üzə çıxarılması, onların ifşa və tərksilah edilməsi ilə bağlı idi.
Ziyalılar qarşısında çıxış edən Heydər Əliyev ideoloji streotiplərdən və təhriflərdən azad olmuş real və həqiqi Azərbaycan tarixinin yazılmasını təxirəsalınmaz vəzifə kimi qarşıya qoydu. Ulu Öndər xüsusi olaraq vurğuladı ki, tarixi qələmə alarkən ədalət hissini bir an yaddan çıxarmaq olmaz. Ağı ağ, qaranı qara yazmaq lazımdır. Bu xüsusda Ümummilli Lider xüsusi olaraq vurğuladı ki, 1920-ci ildən başlayaraq müstəqililik əldə etdiyimiz vaxtadək Azərbaycan xalqı böyük bir tarixi yol keçmişdir: “Azərbaycanda boyük elm, mədəniyyət yaranmışdır. Ölkənin sənayesi, kənd təsərrüfatı inkişaf etmişdir. Bu dövrü tarixdən silmək olarmı? Şübhəsiz, bu dövrün çox qaranlıq səhifələri də var, 37-38-ci illər, elə 20-ci illərin əvvəlləri, 30-cu illər, repressiya illəri, qanunsuzluq, insan hüquqlarının pozulması, Azərbaycan xalqına böyük zərbələr vurulması. Bunlar həqiqətdir. Eyni zamnada o da həqiqətdir ki, bu dövrdə əzab-əziyyətlərlə, çətinliklərlə yanaşı, Azərbaycan xalqı öz iqtisadiyyatını yaratmışdır. Əgər 70-ci illərdə yaranmış bu iqtisadiyyat olmasaydı, indi Azərbaycan Respublikası müstəqil dövlət kimi yaşaya bilərdimi? Eləcə də şəxsiyyətləri itirmək olmaz. Bizim üçün Mirzə Fətəli Axundov da, Əhməd bəy Ağayev də, Məmməd Əmin Rəsulzadə də böyük şəxsiyyətlərdir. Nəriman Nərimanov da... Tarixi təhrif edənlər xalqa xəyanət edir. Tariximizdə olan şəxsiyyətlərin hamısı bizim üçün qiymətlidir. Onların heç birinə toxunmaq olmaz”. Hesab edirəm ki, bu movqeyi ilə Ulu Öndər Heydər Əliyev bir daha paklıq zirvəsinə yüksələrək haqq və ədalətin keşiyində dayanırdı. Xalqın gözü tərəzidir. Xalq öz Liderini birmənalı olaraq müəyyən edirdi. O xalq ki, ölkəsinin viran olduğunun fərqində idi və Heydər Əliyevə yeganə ümüd yeri kimi baxirdı.
Həmin çıxışında Heydər Əliyev Azərbaycanın o zamankı faciəli vəziyyətini fırtınanın sahilə tulladığı sınıq gəmi ilə müqayisə etdi: “Həmin gəmini yenidən tikmək, elə vəziyyətə salmaq lazımdır ki, bir daha dənizə çıxa bilsin. Azərbaycan indi təxminən belə vəziyyətdədir”.
Gənclər qarşısında çıxışında isə Ulu Öndər Heydər Əliyev ölkənin təhsil və gənclər siyasəti sahəsində həlllini gozləyən olduqca mürəkkəb problemlərə diqqəti cəlb etdi və bu istiqamətlərdə konseptual yanaşmalarını ortaya qoydu. İlk növbədə onu vurğuladı ki, milli nihilizm mövqeyindən birdəfəlik imtina etmək lazımdır. Sovet ideologiyasını haqlı olaraq özümüzdən uzaqlaşdırsaq da, ancaq Sovet təhsil sistemində bir çox müsbət cəhətlərin olduğunun da üstündən xətt çəkə bilmərik. Biz savadlı, təhsilli millətə çevrilmişik. Elmdə və mədəniyyətdə böyük uğurlara imza atmışıq. Bundan sonranı düşünmək lazımdır. İndi necə irəliləyək? Təkcə texnikumları kolleclərə, məktəbləri liseylərə, institutları universitetlərə və akademiyalara çevirməklə işləri düzəltmək olmaz.
Ulu Öndər hər zaman olduğu kimi, təkcə problemləri qabartmır, eyni zamnada onların həlli yoluna işıq salırdı. Bu xüsusda o, Azərbaycan gənclərinin ABŞ, Böyük Britaniya, Fransa, Türkiyə, Rusiya və digər ölkələrin nüfuzlu ali təhsil ocaqlarına göndərilməsinin vacibliyini vurğulayır və bu sahədə hələ Sovet dövründə olduqca müsbət təcrübənin qazanıldığına diqqəti cəlb edirdi.
Eyni zamanda, Ulu Öndər gənclər arasında xoşagəlməz halların, o cümlədən sərxoşluq, narkomaniya, ən dəhşətlisi isə fərariliyin artmasından ürək ağrısı ilə danışırdı. “Bilirsiniz adam dəhşətə gəlir. Axı nə üçün Azərbaycan oğulları fərarı olsunlar? Fərarilik edən hər bir gənc gərək cəmiyyətin üzünə çıxa bilməsin, fərarilik xalqa düşmən olmaq deməkdir”.
Ulu Öndər Heydər Əliyevin Azərbaycan gəncləri ilə bu və digər görüşləri cəmiyyətdə böyük siyasi rezonans doğurdu. Gənclərdə vətənpərvərlik hissləri miqyasagəlməz səviyyədə yüksəldi. Xalqımız bir daha əmin oldu ki, ona elə bir siyasi Lider rəhbərlik etməyə hazırlaşır ki, Onun polad iradəsi, əzmi və enerjisi sayəsində bütün bəlalardan hifz olacağımız artıq xülya deyil, bir reallıqdır.
Oktyabrın 1-də Azərbaycan Prezidentinin səlahiyyətlərini həyata keçirən Heydər Əliyev Bakıda respublikada yaşayan azsaylı xalqların nümayəndələri ilə gorüşdü. Bu görüşün ölkəmizdə ictimai-siyasi sabitliyin təminatı baxımından mühüm əhəmiyyəti var idi. “Xalq Cəbhəsi-Müsavat” cütlüyünün antimilli siyasəti sayəsində ölkə ərazisində yaşayan xalqlar arasında birlik və harmoniya deyil, təfriqə və toqquşma meyilləri güclənmişdi. Xüsusən azsaylı xalqlara süni şəkildə belə bir ideya təlqin olunurdu ki, siz Azərbaycanın koklü xalqları deyilsiniz, ikinci sort xalqlar statusundasınız. Əslində bu yarıtmaz və xəyanətkar siyasətin müəllifləri ölkənin bütövlüyü və suverenliyi əleyhinə ən qorxulu ssenarilərin formalaşmasına rəvac verir və dövlətçiliyə qarşı xəyanətkar yol seçmiş olurdular. Bu acı reallıqlar fonunda Ulu Öndər Heydər Əliyev məlum görüşdə xüsusi olaraq vurğuladı ki, prezident seçiləcəyi təqdirdə o, respublikanın keçmiş rəhbərliyinin milli siyasətdə buraxdığı ciddi pozuntuların aradan qaldırılması üçün əlindən gələni əsirgəmiyəcəkdir. Azərbaycanda yaşayan bütün xalqlar siyasi əqidəsindən, millətindən, dinindən asılı olmayaraq bərabər hüquq və imkanlara malik olacaqlar.
Dahi Lider Heydər Əliyevin xalq tərəfindən böyük coşqu ilə qarşılanan seçki kampaniyası xalqın etimadını tam itirmiş Azərbaycan Xalq Cəbhəsinin (AXC) əsl antimilli, xəyanətkar və dönük mahiyyətinin daha bariz şəkildə üzə çıxmasına səbəb oldu. Onlar məğlubiyyətləri barışa bilmir, əvvəlcə referendumu, sonra isə prezident seçkilərini boykot etmək çağırışları ilə mitinqlər təşkil edirdilər. AXC-nin ekstremist qanadı isə Türkiyə vətəndaşı Həsən Tokunun iştirakı ilə sentyabrın 30-da Heydər Əliyevin həyatına sui-qəsd təşkil etməyə cəhd göstərdilər. Nə bu sui-qəsd addımı, nə də sonralar təkrarlanan oxşar cinayətlər və dövlət çevrilişinə cəhdlər nəticəsiz qaldı. Xalq sevgisi və ulu yaradan missiyası millətin və dovlətin xilaskarı olan Heydər Əliyevi hifz etdi.
Heydər Əliyev qalibiyyətlər üçün doğulmuşdu. 1993-cü il 3 oktyabr tarixli prezident seçkilərində xalqın 98,8% səsini toplayaraq hakimiyyət olimpinin zirvəsinə yüksəlməlkə məhv olmaq təhlükəsi ilə üz-üzə qalan Azərbaycan dövlətçiliyini xilas etdi, onun növbəti intibahının əsasını qoydu.
Ümummilli Lider Azərbaycanda demokratik inkişaf proseslərinin də əsasını qoydu. Ölkəmizdə şəxsiyyətin azadlığı və toxunulmazlığı, habelə onların hüquqi müdafiəsi təmin edildi, çoxpartiyalı sistem üçün əsaslar yaradıldı, siyasi plüralizm, vicdan və etiqad azadlığı, azlıqların hüquqları, qanun qarşısında bərabərlik təmin edildi. Azərbaycan Respublikasının qanunvericilik aktlarında əks olunan, onun ayrılmaz komponenti olan təqsirsizlik prezumpsiyası təmin edildi. Bundan savayı, Konstitusiya Məhkəməsi, üçpilləli məhkəmə sistemi, yeni məhkəmə korpusu yaradıldı, məhkəmələrin müstəqilliyi və prosedur qaydalarının şəffaflaşması təmin edildi, on minlərlə insan amnistiya edildi və böyük sayda məhkum bağışlandı, senzura ləğv edildi, KİV-in azadlığı və QHT-lərin sərbəst fəaliyyəti təmin edildi.
Bu prosesdə - demokratik dövlət quruculuğu istiqamətində Ümummilli Liderin miras qoyduğu irsin öyrənilməsi, təbliği və tətbiqində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, mərhəmətli Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun xidmətləri müstəsna əhəmiyyət kəsb edir. Başqa sözlə, Ulu Öndərin irsinin öyrənilməsi istiqamətində irimiqyaslı proqramların həyata keçirilməsini dəstəkləmək, Azərbaycan xalqının rifahının yüksəldilməsinə yönəldilmiş təşəbbüsləri himayə etmək, ölkədə elm, təhsil, mədəniyyət, səhiyyə və idmanın inkişafını təmin edən layihələrə yardımçı olmaq, milli-mənəvi dəyərlərə sadiq gənclərin yetişdirilməsinə və digər mühüm vəzifələrin yerinə yetirilməsinə nail olmaq ölkənin birinci xanımının rəhbərlik etdiyi Fondun genişmiqyaslı fəaliyyətinin prioritet istiqamətlərini təşkil edir və geniş ictimaiyyət tərəfindən olduqca yüksək dəyərləndirilir. Hörmətli Mehriban xanımın qazandığı ümumxalq sevgisinin kökündə dayanan əsas amil insanların inamını qazanması ilə bağlıdır. Mehriban xanım Əliyeva bu xüsusda haqlı olaraq vurğulayır ki, üzərimə düşən məsuliyyət olduqca böyükdür: “Mən Prezidentin etimadını doğrultmalıyam və ən başlıcası isə inamı, ümidi olan insanların etimadını doğrultmalıyam”.
Azərbaycan xalqı qəlbində əbədi heykəlini qoyduğu Ulu Öndər Heydər Əliyevin ilk dəfə prezident seçilməsinin 31-ci ildönümünü Dahi Liderin siyasi xətti ətrafında daha sıx və monolit birlik nümayiş etdirərək qeyd edir. Zəmanəmizin dühasından “Ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”, - qiymətini alan Prezident İlham Əliyev Azərbaycanın bugünkü və gələcək inkişafının təminatçısıdır. Dövlət başçısı Azərbaycanın çağdaş tarixinə yeni missiya ilə daxil olmuşdur.
Son 21 il Azərbaycanın dövlətçilik tarixinə dinamik və hərtərəfli inkişaf dövrü kimi daxil olmuşdur. Ölkə həyatının bütün sahələrində böyük uğurlar, misilsiz və qürurverici qələbələr əldə edilmişdir. Azərbaycanın zəngin iqtisadi, siyasi və hərbi potensialı yaradılmışdır. Ərazi bütövlüyü və suverenliyi tam, qəti və əbədi təmin edilmişdir. Bütün bu nailiyyətlərin təməlində Ulu Öndər Heydər Əliyevin başladığı və Prezident İlham Əliyevin inamla davam etdirdiyi uzaqgörən daxili və xarici siyasət kursu dayanır.
Bu gün Müzəfər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə yenilməz Azərbaycan Ordusu torpaqlarımızı Ermənistanın işğalçı silahlı qüvvələrindən azad etmək kimi müqəddəs vəzifəni şərəflə yerinə yetirmişdir. 2020-ci il noyabrın 8-də qədim Azərbaycan şəhəri, Qarabağın incisi Şuşanın müasir hərb elminin ən nadir və unikal əməliyyatlarından birinin həyata keçirilməsi nəticəsində azad olunması düşmənin müqavimət potensialını heçə endirdi. Nəticədə noyabrın 10-da prezidentlər İlham Əliyev, Vladimir Putin və baş nazir Nikol Paşiyanın imzaladığı üçtərəfli Bəyanat regionda uzunmüddətli problemin hərbi fazazasını başa çatdırdı və faktiki olaraq işğalçı Ermənistan dövlətinin kapitulyasiyası aktı oldu. Noyabr ayının 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın rayonu bir güllə belə atılmadan, bir nəfər şəhid belə vermədən işğaldan azad olundu.
8 Noyabr - Zəfər Günü xalqımızın qürur mənbəyinə çevrilmiş şanlı tarixdir. Həmin tarixin üç qəhrəmanı vardır: Müzəffər Ali baş Komandan, onun formalaşdırdığı yenilməz ordu və dəmir yumruğa çevrilmiş xalq. Bu reallıqda Prezident, ordu, xalq sözləri sinonimləşmiş, tarixi Zəfərin simvollarına çevrilmişdir.
Bu tarixi Zəfərlə Prezident İlham Əliyev öz adını müzəffər sərkərdə olaraq təkcə mənsub olduğu ölkənin deyil, əslində dünyanın hərb tarixinə əbədi olaraq həkk etdi. Möhtəşəm qalibiyyətlə ordumuzun yenilməzliyi, qüdrəti və vətənpərvərliyi sözdə deyil, qanlı döyüş meydanlarında sübuta yetirildi. Xalq olaraq qəddimiz düz, başımızı uca oldu. Qürurumuz özümüzə qaytarıldı. Alnımızdan xəcalət təri birdəfəlik silindi. Birləşdik və bütövləşdik. Ən qatı əleyhdarlarımız belə bu həqiqəti etiraf etmək məcburiyyətində qaldılar.
Tarixi Zəfər nəticəsində təkcə ərazi bütövlüyümüz və suverenliyimiz təmin olunmadı, həm də erməni faşizminə ölümcül zərbə endirildi. Eyni zamanda Ermənistanın və dünya ermənilərinin son 30 il ərzində sitayiş etdikləri Miatsum ideologiyası - İrəvan və Qarabağ ermənilərini vahid dövlət tərkibində görməyi hədəfləyən, bu prosesdə qonşu Gürcüstan ərazisinə də ilhaq zonası kimi yanaşan irticaçı ideya iflasa uğradı. Bu gün Ermənistan dövləti və erməni xalqı milli ideologiyadan məhrum olmuşdur. O, tarixin zibilliyinə atılmışdır. Eyni məkanda “Ermənistan-diaspora-artsax” ideoloji triadası da yer almışdır.
Ermənistanın hərbi-siyasi rəhbərliyi məruz qaldıqları rüsvayçı məğlubiyyətdən lazımi nəticə çıxarda bilmədi. 2023-cü il sentyabrın 2-də Ermənistanın baş naziri qondarma “Dağlıq Qarabağ Respublikası”nın yaradılmasının ildönümü ilə bağlı separatçı rejimin rəhbərliyinə təbrik məktubu göndərdi. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu, qırmızı xətti keçmək demək idi və təbii ki, Azərbaycan buna dözə bilməzdi: “Bu, bizim ərazimizə qarşı açıq-aşkar iddia irəli sürülməsi idi. Sentyabrın 9-da qondarma “Dağlıq Qarabağ”ın qondarma hakimiyyət orqanları “seçki” keçirdilər, özlərinə yeni başçı seçdilər, bu isə mövcud reallıqların tam şəkildə inkar edilməsi demək idi”.
Formalaşmış şəraitdə 2023-cü il sentyabrın 19-da Azərbaycana antiterror tədbirləri keçirmək və öz suverenliyini tam şəkildə bərpa etmək üçün başqa seçim yolu qalmadı. Bir sutkadan da az davam edən tədbirlər nəticəsində Ermənistanın Qarabağdakı ordusu tamamilə tərk-silah edildi, 10-15 min nəfərlik kontingent silahsızlaşdırıldı və ərazilərimiz üzərində tam nəzarət bərpa olundu. Prezident İlham Əliyevin vurğuladığı kimi, buna paralel olaraq, biz artıq Qarabağın erməni əhalisinin reinteqrasiya planını açıq şəkildə dərc etdik, bu plan internetdə də mövcuddur: “Erməni əhalisinə öz evlərində qalmaqla bağlı çağırış edildi, çünki bizim tədbirlərin hədəfləri dəqiq xarakter daşıyırdı. Mülki infrastruktur, mülki obyektlər və mülki şəxslər zərər çəkmədilər. Artıq dediyim kimi, bütün tədbirlər 24 saatdan da az davam etdi. Bu müddət Ermənistanın qanunsuz hərbi birləşmələrinin tam şəkildə demoralizasiyası və mahiyyət etibarilə, təslim olması üçün kifayət etdi”.
Uzun illər ərzində ilmə-ilmə işlənən, müxtəlif dövrlərdə Cənubi Qafqazla bağlı planları olan qüvvələrin dəstəyi ilə reallaşdırılmağa çalışılan “böyük Ermənistan” planı Azərbaycan Liderinin uzaqgörən siyasəti, qətiyyəti və iradəsi sayəsində süquta uğradı, darmadağın edildi. Erməni “miatsum”u, “ikinci erməni dövləti” xəyalları birdəfəlik məhv edildi.
Qarabağda Azərbaycan xalqının qanını tökmüş, Xocalıda soyqırımı törətmiş hərbi canilər artıq əli qandallı Bakıya gətirilmiş, onlara qarşı istintaq hərəkətlərinə başlanılmışdır. İnsanlıq əleyhinə ağır cinayətlər törətmiş bu müharibə canilərinə qarşı sərt və ədalətli cəzanın tətbiq olunacağı labüddür.
Beləliklə, 2020-ci ilin sentyabr-noyabr aylarında Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə yenilməz ordumuz tarixi Zəfərə imza atıb ərazi bütövlüyümüzü bərpa etdikdən və cari ilin 19-20 sentyabrında lokal antiterror tədbirlər hesabına Qarabağ iqtisadi rayonu üzərində suverenliyimizi tam, qəti və əbədi təmin etdikdən sonra yeni tarixi reallıq yarandı. Bu reallığın, yəni ərazi bütövlüyümüz və suvernliyimizin 100% təmin edilməsinin beynəlxalq birlik və ictimaiyyət tərəfindən yubadılmadan, vaxtında qəbul edilməsi növbəti strateji vəzifəyə çevrildi. Bu vəzifənin uğurlu icrası bütün Azərbaycan ərazisində 2025-ci ili gözləmədən növbədənkənar prezident seçkilərinin keçirilməsini zəruri edən həlledici amil oldu.
Beləliklə, Ulu Öndər Heydər Əliyevin yaratdığı ümumxalq partiyası olan Yeni Azərbaycan Partiyası 2024-cü il fevralın 7-də növbədənkənar prezident seçkilərinə vahid namizədi - Müzəffər Ali Baş Komandan İlham Əliyev ilə qatıldı. Müdrik xalqımızın yenidən düzgün seçim edərək qalibiyyətlər tariximizin davamına səs verdi. Elə bir rəhbərə səs verdi ki, tarixi Zəfərlə öz adını təkcə ölkəmizin zəngin döyüş tarixinə deyil, dünyanın qalibiyyətlərlə dolu hərb tarixinə əbədi həkk etmişdir. Bu baxımdan İlham Əliyev tarixi şəxsiyyətdir. Tarix yazan və tarixə yazılan sərkərdədir.