YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın sülh təşəbbüsləri beynəlxalq səviyyədə dəstəklənir

Fidan Hüseynova

YAP Quba rayon təşkilatının sədri

Cari ilin 23 sentyabr tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yeddinci çağırış Milli Məclisin ilk iclasındakı çıxışında bir çox istiqamətdə önəmli açıqlamalar verib. Dövlət başçısı son illərdə bölgəmizdə formalaşmış mövcud siyasi reallıqlar şəraitində ölkənin hərbi qüdrətinin davamlı olaraq artırılmasının zəruriliyini vurğulayıb. Bu məqsədlə milli hərbi-sənaye kompleksinin inkişaf etdirilməsi, ən yeni texnologiyaların tətbiqi vasitəsilə Silahlı Qüvvələrin maddi-texniki bazasının daim modernləşdirilməsi və son nəticədə ölkənin müdafiə qabiliyyətinin yeni dövrün tələblərinə uyğun şəkildə artırılması dövlətin prioritet fəaliyyət istiqaməti kimi dəyərləndirilib.

Bütün bunlar Ermənistanın sülh prosesindən yayınmaq cəhdləri, bölgədən kənar güclərin bu mənfur dövləti silahlandırması, orada baş qaldıran revanşist ideyaları dəstəkləməsi və nəticədə Ermənistanda möhkəmlənməklə onun üzərindən bölgə dövlətlərini öz təsir dairəsinə salmaq təşəbbüslərindən doğan obyektiv reallıqlar kimi özünü göstərir.

Dövlətimizin başçısı ölkədə daxili sabitliyin təmin edilməsi, davamlı iqtisadi inkişafın və sosial rifah səviyyəsinin yüksəldilməsi üçün bütün zəruri addımların atıldığını diqqətə çatdırıb və bu istiqamətdə dövlət tərəfindən görülən tədbirlərin kifayət qədər səmərəli olduğunu qeyd edib. Daxili sabitliyə təhlükə yaradan amillərdən birinin ideoloji təxribat olduğunu vurğulayan Prezident İlham Əliyev müstəqilliyimizin bərpasından sonrakı bütün illər ərzində xarici güclər tərəfindən bu kimi cəhdlərin heç vaxt dayandırılmadığını bildirib. Belə təxribatların qarşısının alınması üçün ölkədə milli həmrəyliyin təmin edilməsi və gənc nəslin milli-mənəvi dəyərlərimizə sədaqət ruhunda tərbiyəsinin cəmiyyət qarşısında dayanan prioritet vəzifə olduğu və bu vəzifələrin yerinə yetirilməsində ailənin və məktəbin rolunu xüsusi olaraq ifadə olunub.

İşğaldan azad olunmuş ərazilərdə aparılan abadlıq-quruculuq işləri, orada həyata keçirilən irimiqyaslı infrastruktur layihələri haqqında danışan cənab İlham Əliyev ermənilər tərəfindən dağıdılmış tarixi-mədəni irsimizin bərpa olunmasını və keçmiş məcburi köçkünlərin ləyaqətli şəkildə öz doğma yerlərinə qaytarılmasını dövlətin ən vacib fəaliyyət sahəsi olduğunu bildirib və qeyd edib ki, həmin ərazilərdə yeni istehsal sahələrinin yaradılması, bütövlükdə iqtisadiyyatın şaxələndirilməsinə və qeyri-neft sektorunun inkişafına böyük töhfə verəcək.

44 günlük müharibədən sonra ilk sülh təşəbbüsü məhz Azərbaycan tərəfindən irəli sürülüb. Bu təşəbbüs faktiki olaraq çıxılmaz vəziyyətdə olan Ermənistana Azərbaycanın xoş məramı kimi öz ifadəsini tapıb. Lakin hadisələrin sonrakı gedişatı göstərir ki, Ermənistan bölgədə sülhün bərqərar olunmasına məsuliyyətli yanaşmır və kifayət qədər maraq göstərmir. Prezident Ermənistan siyasi rəhbərliyinin sülh müqaviləsinə göstərdiyi yanaşmanı “primitiv” və “qeyri-adekvat” adlandırıb.

Cənab İlham Əliyev, həmçinin Ermənistanda revanşist qüvvələri dəstəkləyən və silahlandıran dövlətlərə də işarə edərək, bölgədə yeni müharibənin alovlanacağı təqdirdə bütün məsuliyyətin məhz onların üzərinə düşəcəyini bildirib, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılmasına müdaxilə etmək istəyən dövlətləri bu kimi fəaliyyətlərdən imtina etməyə çağırıb.

Bütün bunlarla yanaşı, ölkəmizin mövqeyi beynəlxalq birlik tərəfindən alqışlanır. COP29 kimi qlobal tədbirin ölkəmizdə keçirilməsi bütün dünya dövlətləri tərəfindən yekdil şəkildə dəstəklənir. Yeni mərhələdə Azərbaycanın dünya dövlətləri ilə siyasi-iqtisadi, mədəni əlaqələri daha da artacaq.

DİGƏR Xəbərlər Arxiv