YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan beynəlxalq aləmdə sosial dövlət kimi tanınır

Fəxrəddin Vəliyev

YAP Şəmkir rayon təşkilatının sədri

Sentyabrın 23-də Prezident İlham Əliyev yeddinci çağırış Milli Məclisin ilk iclasında cari ilə yeni hədəflərlə qədəm qoyan Azərbaycanın bu dövrü mühüm qürurverici hadisələrlə davam etdirdiyini diqqətə çatdırdı. Təbii ki, bu uğurların əsasında möhkəm təməl dayanır. Azərbaycan hər bir hədəfə addım-addım irəliləyərək həm gücünü, malik olduğu imkanları, həm də ədalətə və beynəlxalq hüquqa əsaslanan siyasətini təqdim edir. Azərbaycan xalqı 30 illik işğal dövründə heç zaman ümidini itirmədi, bu günü yaşayacağına əmin idi.

Hər bir ölkənin tərəqqisində iqtisadi amil əsasdır. Cənab İlham Əliyev ölkəmizin qarşısında dayanan vəzifələri açıqlayaraq bu çağırışı da etdi ki, iqtisadiyyat daim inkişaf etdirilməlidir. Ulu Öndər Heydər Əliyevin “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” tezisi hər zaman dövlətimizin həyata keçirdiyi siyasətin əsasında dayanır. Ümummilli Lider iqtisadiyyatın inkişafında neft amilinə xüsusi önəm verdi, uğurlu neft strategiyasının təməlini qoydu. Hazırda bu strategiya uğurla icra edilir, həm enerji, həm də qeyri-neft sektorunda davamlı uğurla imza atılır. Hansı sahəyə diqqət yetirsək inkişaf yolunda iqtisadi amilin rolunu görərik. Yeni dövrün hədəfləri də bu amilə söykənir.

Prezident İlham Əliyev bildirdi ki, birinci nömrəli vəzifə hərbi gücümüzün artırılmasıdır. Digər mühüm hədəf Qarabağ və Şərqi Zəngəzurun bərpasıdır. 2026-ci ilə qədər, yəni Birinci Qayıdış Proqramının icrası başa çatanadək 140 min soydaşımızın dogma yurd-yuvalarına qayıdışı nəzərdə tutulub. Dövlət başçısı İlham Əliyev yeddinci çağırış Milli Məclisin ilk iclasında bu rəqəmlərə də diqqəti yönəltdi ki, müharibədən sonra bu ilin sonuna qədər xərclənməyə nəzərdə tutulan vəsait 19 milyard manatdır. Vəsaitin mütləq əksəriyyəti infrastruktur layihələrinə xərclənib. Eyni zamanda, keçmiş köçkünlərin qaytarılması üçün də işlər görülür və səkkiz mindən çox keçmiş köçkün artıq Qarabağa və Şərqi Zəngəzura yerləşib və hər ay, hər il onların sayı artacaq. Təbii ki, hər bir hədəf dövlətimizin potensialına, gücünə söykənir.

Dövlətimizin başçısı İlham Əliyev çıxışında Azərbaycanın cari ilin ötən dövründə sosial-iqtisadi göstəricilərinə də diqqəti yönəltdi. Qeyd etdi ki, səkkiz ayda iqtisadiyyat dörd faizdən çox artıb, qeyri-neft sektorunda yeddi faiz olub. Xarici borcumuz ildən-ilə aşağı salınır. Hazırda  ümumi daxili məhsula nisbətdə bu, cəmi 7,5 faiz təşkil edir.

“Gələcək planlarımızı həll etmək, o cümlədən vətəndaşların sosial rifahını yaxşılaşdırmaq üçün iqtisadiyyat daim inkişaf etməlidir” çağırışını edən cənab İlham Əliyev bildirdi ki, 2018-ci ildən bu yana dörd sosial islahatlar paketi həyata keçirilib. Bu sosial islahatlar paketinin məbləği 7 milyard manatdır və 4 milyon insanı əhatə edir. Son beş il ərzində Azərbaycanda minimum əməkhaqqı 2,7 dəfə, minimum pensiya 2,5 dəfə artmışdır. Artıq göstəriş verildi ki, gələn ildən minimum əməkhaqqı və minimum pensiya yenə də artırılacaq. Sosialyönümlü siyasət bir daha ümumi siyasətimizi, niyyətimizi göstərir. Əlbəttə ki, gələcəkdə bu istiqamətdə siyasəti aparmaq üçün iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı, yerli istehsalın genişləndirilməsi əsas şərtdir. Bu gün ölkəmizin bütün bölgələrində, həmçinin Qarabağda yeni istehsalat sahələri açılır.

Göründüyü kimi, dövlətin siyasətində vətəndaş amili əsas şərtdir. Cənab İlham Əliyev daim bu çağırışı edir ki, vətəndaş məmnunluğunun artırılması prioritetdir. 2003-cü ildə keçirilən andiçmə mərasimində belə bir çağırış səsləndirilmişdir ki, yoxsulluq deyilən sosial bəla aradan qaldırılacaq. İqtisadi tərəqqi yalnız sosial-iqtisadi rəqəmlərdə deyil, insanların gündəlik həyatında öz əksini tapmalıdır. Son 21 ilə yaxın dövrdə iqtisadi tərəqqinin güclü sosial siyasətlə tamamlandığı reallıqdır. Azərbaycan beynəlxalq aləmdə sosial dövlət kimi tanınır.