Xəbərlər
27 Sentyabr - Anım Günü şəhidlərin xatirəsinə ali ehtiramın göstəricisidir
Gündüz Bayramov
YAP Samux rayon təşkilatının sədri
Qafqazın əlverişli coğrafi mövqeyi və relyefi tarixən bu əraziləri böyük imperiyaların mübarizə meydanına çevirmişdir. Bu ərazilər uğrunda xeyli qanlar tökülmüşdür. Avropa ilə Asiyanı birləşdirən bu ərazi bir qitədə yaranan imperiyanın digər qitəni də işğal etməsi üçün bir keçid rolunu oynamışdır. Ermənilərin xalqımıza qarşı düşmənçilik siyasəti 200 ildən artıq bir zaman kəsiyində - çar Rusiyası zamanı əzəli Azərbaycan torpağı olan Qarabağa köçürüldükləri vaxtdan başlayaraq bu günə qədər davam edir. Bədnam qonşularımız məskunlaşdıqları ilk gündan Azərbaycan toponimlərini dəyişməyə başlamış, münbit əraziləri ələ keçirərək azərbaycanlıların əksəriyyət təşkil etdikləri yaşayış məntəqələrində onları sıxışdırmışlar.
1988-ci ildən başlanan Qarabağ hadisələri zamanı erməni ideoloqlarının “Dənizdən-dənizə Böyük Ermənistan” adlı sərsəm ideyasını reallaşdırmaq cəhdləri kəndlərin, şəhərlərin dağılması, on minlərlə günahsız insanların ölümü, yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından didərgin düşməsi ilə nəticələnmişdir. Xarici havadarları tərəfindən silahlandırılan ermənilər Azərbaycan ərazilərinin 20%-ni işğal etmişdilər. İşğal zamanı yaşayış məntəqələri dağıdılmış, dinc əhali amansızcasına qətlə yetirilmişdir. Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktı olmuşdur.
Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarını işğal etməsi azərbaycanlıları doğma yurd-yuvalarından didərgin salmaqla yanaşı, ölkəmizin iqtisadiyyatına və mədəni irsinə də ağır zərbə vurmuşdur. Ermənistan bu müddət ərzində işğal altında saxladığı ərazilərimizi acınacaqlı vəziyyətə salmış, şəhər və kəndlərdə infrastrukturu tamamilə məhv etmiş, Azərbaycana milyardlarla dollar dəyərində maddi ziyan vurmuşdur.
Dünya ictimaiyyəti Azərbaycan ərazilərinin işğalı, xalqımıza qarşı törədilən dəhşətli hərbi cinayətlər və qətliam hadisəsi ilə bağlı baş verənlərə göz yumdu. Erməni qəsbkarlarının bütün dünyada olan havadarları Azərbaycanı işğal aktı ilə barışmağa, müvəqqəti itirilmiş ərazilərdən birdəfəlik imtina etdirməyə çalışdılar. Beynəlxalq təşkilatların bütün səyləri bu problemin dondurulmasına, Azərbaycana hərbi əməliyyatlara başlamağa imkan verməməyə yönəlmişdi. Eyni zamanda, erməni qəsbkarları artıq ölkəmizə qarşı yeni ərazi iddiaları irəli sürməyə başlamışdılar. Cəzasızlıq mühiti, havadarlarının dəstəyi artıq ermənilərin özlərini də hansısa güc sahibi olduqlarına inandırmışdı. Son bir neçə ildə isə ermənilər mütəmadi olaraq bütün sərhəd boyunca atəşkəsi pozur, mövqelərimizi və yaşayış məntəqələrini atəşə tuturdular. Lakin Prezident İlham Əliyev tərəfindən bütün bu illər ərzində Azərbaycanın inkişafı, güclü iqtisadiyyata, qüdrətli orduya sahib olması istiqamətində gərgin və məqsədyönlü iş aparılırdı. Dövlət başçımız yaxşı bilirdi ki, Azərbaycan gec-tez məhz hərbi yolla öz torpaqlarını işğaldan azad etmək məcburiyyətində qalacaq. Məhz bu gün gəldi, 2020-ci il sentyabrın 27-də Ermənistan Azərbaycanın yaşayış məntəqələrini və döyüş mövqelərini növbəti dəfə şiddətli artilleriya atəşinə tutmaqla hərbi qulluqçularla yanaşı, 11 dinc sakinin, o cümlədən 2 uşağın ölümünə səbəb oldu. Bundan sonra düşmənin hərbi təxribatını dəf etmək və təcavüzünə son qoymaq məqsədilə Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev dərhal bütün cəbhə boyu əks-hücuma keçmək əmrini verdi. Azərbaycan düşmən təxribatına son qoymaq və özünün ərazi bütövlüyünü bərpa etmək məqsədilə hərbi əməliyyatlara başladı. Cəmi 44 gün davam edən Vətən müharibəsinin nəticəsi olaraq Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə tarixi ədaləti, beynəlxalq hüququ təmin etmiş oldu.
Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki şəxslər, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi milli birlik və həmrəylik nümayiş etdirərək düşmənə sarsıdıcı zərbələr endirdi. Azərbaycanın tarixinə Qələbə səhifəsi yazmış Prezidentə xalqın etibarı və ehtiramı sonsuzdur.
Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq Prezident İlham Əliyev 27 sentyabrın Azərbaycan Respublikasında Anım Günü kimi qeyd olunması ilə bağlı 2020-ci 2 dekabr tarixli Sərəncam imzalamışdır. Bu addım şəhid ruhlarına, şəhidlərin doğmalarına ali ehtiramın göstəricisidir.
Prezident İlham Əliyev hərbi sahədə olduğu kimi, diplomatik və informasiya savaşı cəbhəsində də misilsiz rəşadət göstərmiş, Azərbaycana qarşı informasiya blokadasını yarmış, müharibənin gedişində və postmüharibə dövründə onlarla aparıcıl xarici KİV-ə müsahibələr vermişdir. Bu müsahibələrin hər biri Azərbaycanın diplomatik uğurudur, beynəlxalq təşkilatlar vasitəsilə ölkəmizə təzyiqlər cəhdinin qarşısı müvəffəqiyyətlə alınmışdır. Bütün təzyiqlərə, təhdidlərə baxmayaraq Azərbaycan möhtəşəm Qələbə qazandı və tarixi ədalət bərpa olundu. Müzəffər Ali Baş Komandan, Azərbaycan xalqı və Ordusu bir daha sübut etdi ki, şəhidlərimizin qanı nahaq yerə tökülmədi.