Xəbərlər
Azərbaycan istənilən təhdidə cavab vermək iqtidarındadır
“Sentyabrın 23-də yeddinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclası iştirak edən Prezident İlham Əliyev proqram xarakterli nitqində bu il Azərbaycanda keçirilmiş prezident və parlament seçkilərinin mahiyyəti və əhəmiyyəti barədə önəmli açıqlamalar verməklə yanaşı, ölkənin qarşısında duran əsas vəzifələr, eləcə də digər vacib məsələlər barədə mühüm fikirlər səsləndirdi”.
Bu fikirləri Milli Məclisin deputatı Kamaləddin Qafarov bildirib.
Deputat qeyd edib ki, dövlətimizin başçısı builki seçkilərin müstəqil Azərbaycanın tarixində ilk dəfə ölkəmizin bütün ərazilərində keçirilən tarixi hadisə kimi qiymətləndirilməli olduğunu diqqətə çatdırıb. “Prezident bununla bağlı İkinci Qarabağ müharibəsinin və dövlət suverenliyimizin tam təmin edilməsinin dünya miqyasında tarixi hadisə olduğunu, bu amillərin ölkə qarşısında yeni imkanlar, açdığını vurğulayıb. Həqiqətən də son 3-4 il ərzində Azərbaycanın beynəlxalq mövqeləri xüsusilə möhkəmlənmiş, ölkəmizin parlaq Qələbələr sayəsində əldə etdiyi nəticələri isə Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu diplomatiya və xarici siyasət xətti nəticəsində bütün dünya qəbul etmişdir. Əlbəttə ki, Azərbaycanın yaratdığı yeni reallıqları qəbul etmək istəməyən müəyyən ölkələr və dairələr hələ də var. Lakin onların bütün səyləri nə dövlətimizin, nə də xalqımızın iradəsinə qətiyyən təsir edə bilməz”.
Fikirlərini davam etdirən deputat dövlət başçısının Azərbaycan xalqının bundan sonra da təhlükəsiz həyatını təmin etmək üçün ölkə qarşısında duran əsas vəzifələrin mahiyyəti barədə səsləndirdiyi fikirlərin önəmini vurğulayaraq deyib: “Prezident əldə olunan uğur və nailiyyətləri qeyd etməklə yanaşı, eyni zamanda, bildirdi ki, bu gün bizə qətiyyən arxayınlaşmaq, sayıqlığı itirmək olmaz. Azərbaycanın inkişaf etməsi, xalqın bundan sonra da təhlükəsiz həyatının təmin olunması üçün qarşıda duran vəzifələr yüksək effektivliklə icra edilməli, ölkə öz gücünü artırmalıdır. Bu baxımdan ən mühüm vəzifə hərbi gücün artırılmasıdır. Çünki dünyada gedən proseslər, yeni münaqişə, müharibə ocaqlarının yaradılması, Azərbaycanın ətrafında gərginliyin artması və ən əsası, Ermənistanda revanşizm meyllərinin xaricdən də təhrik olunması ölkəmizi bu sahəyə daim diqqət göstərməyə vadar edir. Dövlət başçımızın dediyi kimi, hərbi gücümüz olmasa, biz heç bir müstəvidə - nə iqtisadi, nə siyasi müstəvidə uğur qazana bilmərik. Ermənistan və onun arxasında duran bütün qüvvələr bilməlidir ki, Azərbaycanla şantaj və ultimatum dili ilə danışmaq mümkün olmayacaq. Buna görə də ölkəmiz hər an istənilən təhdidə layiqli cavab verməyə hazır olmalıdır”.