Xəbərlər
Ciddi niyyət, real siyasət...
Vüqar İsayev
Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatının sədri
Məlum olduğu kimi, ötən əsrin əvvəllərində Rusiyanı bürümüş inqilabi hərəkatlar səbəbilə yaranmış şəraitdən sui-istifadə edən erməni qəsbkarları, ifrat millətçilik üzərində qurulmuş daşnaksütyun siyasətinə uyğun olaraq Azərbaycana qarşı əsl qətliamlar törətmiş, 1905-1907-ci və 1918-ci illərdə yüz minlərlə soydaşımızı vəhşicəsinə qətlə yetirmişlər. 1918-1920-ci illər isə xalqımızın yaddaşına erməni silahlı quldur dəstələrinin xüsusi qəddarlığı ilə həkk olunmuşdur. Azərbaycanlıların öz tarixi-etnik torpaqlarından qovulması sovet dövründə də kütləvi şəkildə həyata keçirilmişdir. 1948-1953-cü illərdə Ermənistandakı öz tarixi dədə-baba torpaqlarından 150 minə yaxın soydaşımız deportasiya olunaraq Azərbaycanın Kür-Araz düzənliyində yerləşdirilmişdir. 1988-ci ildə daha 200 minə yaxın azərbaycanlı öz doğma yurdundan qovulmuş, bununla da Ermənistan monoetnik dövlətə çevrilmişdir.
1988-ci ildə başlanan Qarabağ hadisələri, erməni ideoloqlarının “Dənizdən-dənizə böyük Ermənistan” adlı sərsəm ideyasını reallaşdırmaq cəhdləri kəndlərin, şəhərlərin dağılması, on minlərə günahsız insanın ölümü, yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından didərgin düşməsi ilə nəticələnmişdir. Azərbaycanlılara qarşı törədilmiş soyqırımına ilk siyasi-hüquqi qiymət Ulu Öndər Heydər Əliyev tərəfindən verilmişdir. Ulu Öndərin 1998-ci il 26 mart tarixində imzaladığı Fərmanla 31 mart tarixi Azərbaycanlıların Soyqırımı Günü elan edilmişdir.
44 günlük Vətən müharibəsi beş verməsi birmənalı olaraq Ermənistanın Azərbaycana qarşı 200 ildən çox davam edən düşmənçilik və etnik dözümsüzlük siyasətinin məntiqi nəticəsi kimi dəyərləndirilməlidir. Bu gün ölkəmizin tarixi qələbələrini həzm edə bilməyən bəzi Qərb dövlətləri unutmasınlar ki, Azərbaycan İkinci Qarabağ müharibəsinə qədər ötən 30 il ərzində bütün dünyada olan ermənipərəst qüvvələrin səyləri nəticəsində beynəlxalq riyakarlığın ən bariz təzahürləri ilə üz-üzə qalmışdı. Nəticədə ölkəmizə öz torpaqlarını müharibə yolu ilə azad etməkdən başqa bir seçim qalmadı. BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul olunmuş və erməni silahlı qüvvələrinin torpaqlarımızdan dərhal çıxarılmasını tələb edən dörd qətnamənin icrasının təmin olunmaması onu deməyə əsas verir ki, dünyada beynəlxalq hüquq normaları işləmir.
2020-ci ilin sentyabrın 27-də Ermənistan silahlı qüvvələri növbəti dəfə Azərbaycanın yaşayış məntəqələrini və hərbi mövqelərimizi atəşə tutdular. Bu qanlı təxribat nəticəsində ilk saatlarda mülki şəxslər, hərbçilər həlak oldular. Artıq bundan sonra Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin əmri ilə erməni qəsbkarlarının qanlı cinayətlərinə son qoymaq məqsədilə bütün təmas xətti boyunca əks-hücum əməliyyatlarına başladı. Bu qərar, əlbəttə ki, artıq yetişmiş bir tarixi zərurət idi və bütün Cənubi Qafqazın gələcək müqəddəratının müəyyənləşməsi baxımından müstəsna əhəmiyyət kəsb edirdi. Azərbaycan xalqı və ordusu Prezident, Ali Baş Komandan İlham Əliyevin ətrafında bir dəmir yumruq kimi birləşərək düşməni ağır məğlubiyyətə uğratdı. Vətən müharibəsindən sonra erməni faşizminin təzahürləri hələ də özünü göstərməkdə idi. Prezident İlham Əliyev öz çıxışlarında dəfələrlə bu xəbərdarlığı hər kəsin diqqətinə çatdırmışdır ki, əgər erməni faşizmi baş qaldırmağa cəhd göstərərsə, Azərbaycanın Ordusu onun başını heç bir tərəddüd etmədən bir daha əzəcək. 2023-cü ilin sentyabr ayında həyata keçirilmiş antiterror tədbirləri bu sözlərin əyani təsdiqi oldu.
Ən əsası, Azərbaycan bütün parametrlərinə görə sosial dövlət kriteriyalarına cavab verən və siyasətində əsas amil kimi məhz vətəndaş məmnunluğu prinsipini əsas tutur. Vətən müharibəsində həlak olan şəhidlərin ailə üzvlərinin, qazilərin sosial müdafiəsinin möhkəmləndirilməsi, o cümlədən bu insanların mənzil, fərdi ev və avtomobillərlə təmin edilməsi istiqamətində həyata keçirilən kompleks tədbirlər Prezident İlham Əliyevin bu kateqoriyaya aid olan vətəndaşlarımıza daim xüsusi diqqət və qayğı yanaşdığını sübut edir.