YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

COP29-un ölkəmizdə keçirilməsi Azərbaycanın nüfuzlu dövlətə çevrildiyini sübut edir

Əli Hüseynli

Milli Məclisin deputatı

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) ölkəmizdə keçirilməsi barədə qərar Azərbaycana göstərilən etimad və hörmətin təzahürüdür. Bu, həmçinin Azərbaycanın iqlim dəyişmələrinin qarşısının alınması işinə verdiyi töhfələrin qlobal səviyyədə təqdir olunması deməkdir. 

Gələn ay bütün dünya ölkələrinin və beynəlxalq təşkilatların, ümumilikdə 70-80 minədək təmsilçisini ətrafına toplayacaq COP29 Azərbaycanı dünyanın diqqət mərkəzinə çevrirən ən böyük beynəlxalq tədbirlərdən biridir. Bununla bağlı dövlətimizə əhəmiyyətli dərəcədə böyük beynəlxalq dəstək göstərilir. Sentyabrın 16-da Prezident İlham Əliyevə zəng vuran ABŞ Dövlət katibi Antoni Blinken tədbirin uğurla keçirilməsi üçün ölkəsinin müvafiq addımlar atacağını qeyd edərək Azərbaycanla ABŞ-nin COP komandalarının və heyətlərinin yaxından əməkdaşlıq etdiklərini vurğulayıb. Cənab İlham Əliyev bu əməkdaşlıqdan məmnunluğunu ifadə edərək COP çərçivəsində iqlim maliyyələşdirilməsi ilə əlaqədar mühüm qərarların qəbul edilməsi barədə xüsusilə inkişaf etmiş dövlətlər tərəfindən konsensusun əldə ediləcəyinə ümidini ifadə edib.

Artıq respublikamız çoxsaylı mötəbər, beynəlxalq siyasi-iqtisadi, mədəni tədbirlərin keçirildiyi məkana çevrilib. Bununla Azərbaycan həm də bu konfranslarda aktual problemləri qaldıraraq onların həlli üçün mühüm təşəbbüslərlə çıxış edir. Nümunə üçün deyək ki, Qoşulmama Hərəkatına sədrliyi dövründə məhz ölkəmizin bu istiqamətdə atdığı tarixi addımlar onun qlobal siyasətə verdiyi töhfəni əhəmiyyətli dərəcədə zənginləşdirdiyini təsdiq edir.  

Bu baxımdan dünyanın ən mötəbər tədbirlərindən olan COP29-un da Bakının qlobal miqyaslı çağırışları ilə zəngin olacağı şübhəsizdir. Belə ki, beynəlxalq ictimaiyyətin etibarlı və nüfuzlu üzvü olan Azərbaycan iqlim dəyişmələrinin fəsadlarının aradan qaldırılması işinə öz layiqli töhfəsini verir. Azərbaycanın bərpaolunan enerji istehsalı siyasətinin strateji əsasını Prezident İlham Əliyevin 2021-ci il 2 fevral tarixli Sərəncamı ilə təsdiq edilən “Azərbaycan 2030: Sosial-iqtisadi inkişafın Milli Prioritetləri” təşkil edir. Beş milli prioritetdən biri olan təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi prioriteti qarşıya yeni hədəflər qoyur. Dövlət başçısının müvafiq Sərəncamı ilə Azərbaycanda 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi də təsadüfi deyil. Qarabağ və Şərqi Zəngəzur, eləcə də Naxçıvan Muxtar Respublikası “yaşıl enerji” zonası elan olunub. Azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma prosesində ətraf mühitin qorunması öncül məsələlər sırasındadır. Həmin ərazilərdə “ağıllı şəhər”, “ağıllı kənd” kimi innovativ yanaşmalar tətbiq edilir, ekosistem bərpa olunur. Azərbaycan dünyada “yaşıl enerji”nin inkişaf etməsinə birbaşa töhfələr verir, bunun üçün mühüm təşəbbüslərlə çıxış edir.

Yaşıl dünya naminə bütün səylərini səfərbər edən Azərbaycanın hədəfi həm də dünyada barışa nail olmaqdır. Bu baxımdan COP29 sülh çağırışı tədbiri kimi də xarakterizə edilməlidir. Yeri gəlmişkən qeyd edək ki, cari il ərzində sülh prosesi istiqamətində Azərbaycanla Ermənistan arasında müəyyən müsbət addımlar atılıb. İkitərəfli danışıqlar aparılıb, sərhədlərin delimitasiya və demarkasiyasına start verilib. 

Rəsmi İrəvanın prosesdən yayınmaq üçün vaxtaşırı ortaya atdığı destruktiv addımlarına baxmayaraq Azərbaycan bölgədə sülh və inkişafa doğru fəaliyyətini əzmlə davam etdirməkdədir. Bu ilin mart ayında Prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransı Fondunun prezidenti Volfqanq İşingeri qəbul edərkən bildirmişdi ki, COP29-un Azərbaycanda keçirilməsi ilə əlaqədar əldə olunan razılaşmalar məhz sülh gündəliyi əsnasında meydana çıxan məqamlardır: “Azərbaycan da bu xüsusda regionda COP29 kontekstində sülh gündəliyinin irəliyə aparılması üçün səylərini göstərəcək”.

ABŞ Dövlət katibi ilə sözügedən telefon danışığı zamanı regionda artıq sülhün mövcud olduğunu deyən dövlətimizin başçısı vurğulayıb ki, məhz Azərbaycanın səyləri nəticəsində bölgəmizdə ədalətə və beynəlxalq hüquqa əsaslanan yeni reallıqlar və status-kvo yaranıb. 

COP29 isə bir daha Azərbaycanın sülhpərvər dövlət olduğunu dünyaya bəyan edəcək. Eyni zamanda bu qlobal tədbir iqlim dəyişmələrinin qarşısının alınması üçün beynəlxalq səylərin birləşdirilməsinə böyük töhfə verəcək. İslamafobiya mərəzinə tutulmuş Fransa və Niderland kimi bəzi qərb dövlətlərinin postmüharibə dövründə regiondakı vəziyyətə münasibətdə növbəti dəfə qərəzli yanaşmaları və USAID rəsmilərinin Azərbaycan əleyhinə iddiaları fonunda ABŞ-nin ölkəmizin sülh təşəbbüslərini dəstəkləməsi və bununla da qlobal siyasətdəki rolunu yüksək dəyərləndirməsi daha əhəmiyyətli, vacib və üstün məqam kimi görünür.