Xəbərlər
Yüksək bal toplayan məzunlarla görüş...
Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov rayon təşkilatının qərargahında 2023/2024-cü tədris ilində Nərimanov rayon məktəbləri üzrə 600-dən yuxarı bal toplayaraq tələbə adını qazanmış gənclərlə görüş keçirilib.
Əvvəlcə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin YAP Nərimanov rayon təşkilatının foyesində ucaldılmış abidəsi önünə gül dəstələri düzərək dahi şəxsiyyətin xatirəsini ehtiramla yad ediblər.
Tədbirdə YAP Nərimanov rayon təşkilatının sədri Samir Vəliyev, Milli Məclisin deputatı Hikmət Məmmədov iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan YAP Nərimanov rayon təşkilatının sədri Samir Vəliyev tələbə adını qazanan məzunları bu böyük uğur münasibəti ilə ürəkdən təbrik edib, ölkəmizdə təhsilə göstərilən dövlət qayğısından danışıb. Təşkilat sədri bildirib ki, Ulu Öndər Heydər Əliyev respublikanın gələcək inkişafının məhz təhsillə bağlı olduğunu hər zaman xüsusi vurğulayıb: "Dahi Lider ölkəmizə rəhbərlik etdiyi bütün dönəmlərdə Azərbaycanda təhsilin inkişafına xüsusi qayğı ilə yanaşıb. Bu gün Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın birgə səyləri nəticəsində ölkəmizdə təhsilin daha da inkişafı üçün xeyli sayda dövlət proqramı icra olunur".
Milli Məclisin deputatı Hikmət Babaoğlu Azərbaycanda təhsilin inkişafının dövlət siyasətinin prioritetlərindən biri olduğunu vurğulayıb. Qeyd edib ki, ölkəmizdə yüksək təhsilli kadrların yetişdirilməsi təhsil siyasətinin əsas məqsədlərindən biridir. O, Heydər Əliyev Fondunun təhsilin inkişafına xidmət edən bir sıra uğurlu layihələr həyata keçirdiyini bildirib, Azərbaycan dövlətinin gənclərə xüsusi diqqət və qayğı ilə yanaşdığını diqqətə çatıdırıb.
Tələbə adını qazanmış gənclər onlara yaradılan şəraitə, diqqət və qayğıya görə Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya təşəkkür ediblər.
Sonda gənclərə hədiyyələr təqdim edilib və onlarla xatirə şəkli çəkdirilib.