Xəbərlər
Dünyaya örnək dostluq modeli
Həbib Misirov
Yeni Azərbaycan Partiyası Kəlbəcər rayon təşkilatının sədri
Bu gün beynəlxalq münasibətlər sistemində Azərbaycan ilə İtaliya işgüzar tərəfdaşlıq əlaqələrinə malik olan nümunəvi ölkələr kimi tanınır. Hələ müstəqillik qazandığımız ilk illərdən İtaliya bizimlə səmimi ünsiyyət və əlaqə yaradan dövlətlərdən biri olub. Əməkdaşlıq tariximizə nəzər yetirdikdə, bu faktın aydın şahidi oluruq. Bu münasibətlər Avropa ilə Asiya arasında iqtisadi tərəfdaşlıq və siyasi dialoq üçün müstəsna əhəmiyyətə malikdir.
Əlaqələrin dinamik inkişafından bəhs edərkən cari ilin sentyabr ayıının 4-də Prezident İlham Əliyevin İtaliyaya növbəti rəsmi səfərini qeyd etmək yerinə düşər. Bu səfər ölkələr arasında mövcud olan inkişaf prespektivləri prizmasından çox əhəmiyyətlidir. Səfər çərçivəsində sentyabrın 5-də cənab İlham Əliyevin İtaliya Prezidenti Sercio Mattarella, bu ölkənin Nazirlər Şurasının sədri Ciorcia Meloni, həmçinin bir sıra rəsmi şəxslərlə görüşü əməkdaşlığın yüksək templə genişlənməsinin əyani sübutudur.
Münasibətlərimizin yaxın tarixinə qısaca nəzər salaq. Azərbaycan-İtaliya dostluğunun və işgüzar əlaqələrinin dinamik inkişafı müəyyən mərhələlərdən keçib. Belə ki, İtaliya Prezidenti Sercio Mattarellanın 2018-ci ilin iyulunda Azərbaycana dövlət səfəri əlaqələrimizin inkişafında mühüm rol oynayır. Prezident İlham Əliyevin 2020-ci ilin fevralında İtaliyaya dövlət səfəri reallaşıb. Beləcə qarşılıqlı münasibətlər daha sıx xarakter daşımağa başlayıb. Dövlətimizin başçısının 2022-ci ildə İtaliyaya növbəti səfəri iki ölkə arasında əlaqələrin dinamik şəkildə inkişaf etdiyini göstərir. Həmin səfər zamanı İtaliya-Azərbaycan Universitetinin yaradılması ilə əlaqədar imzalanmış sənədlərin mübadiləsi mərasiminin keçirilməsi, həmçinin cənab İlham Əliyevin Beynəlxalq Çernobbio Forumunda iştirakı və çıxışı, eləcə də bu ilin iyun ayında İtaliyanın “Leonardo” şirkətinin istehsalı olan “C-27J Spartan” tipli hərbi nəqliyyat təyyarəsinin ölkəmizə təhvil verilməsi və digər faktlar iki ölkə arasında əməkdaşlıq sahələrinin genişlənməsinin bariz nümunəsidir.
Son səfəri zamanı Prezident İlham Əliyev “Dünya, Avropa və İtaliya haqqında bilgilər” mövzusuna həsr olunmuş Beynəlxalq Çernobbio Forumunda “Yeni geosiyasi şəraitdə Azərbaycanın rolu” adlı sessiyada çıxışında əsaslı şəkildə iki ölkənin strateji tərəfdaşlığını diqqətə çatdırıb. Bildirib ki, səfər zamanı keçirilən görüşlər və müzakirələr bir daha ikitərəfli münasibətlərimizin strateji xarakterini təsdiq edir. Uzun illər ərzində Azərbaycan və İtaliya strateji tərəfdaşlar kimi fəaliyyət göstərirlər. Müvafiq Bəyannamə təqribən 10 il əvvəl qəbul edilib. Əməkdaşlığımız bir çox sahəni əhatə edir.
Digər bir baxımdan unutmayaq ki, İtaliya Azərbaycanın dünyada bir nömrəli ticarət tərəfdaşıdır. Belə ki, İtaliyanın bir nömrəli neft təchizatçısı məhz Azərbaycandır. Ötən il iki ölkə arasında ticarət dövriyyəsi 15 milyard 685 milyon dollar həddində olub və bu rəqəm özü də çox şeydən xəbər verir. İlk növbədə ondan xəbər verir ki, ticarət dövriyyəsində artım var. Məsələn, son illərin statistik göstəricilərini müqayisə etdikdə görürük ki, ölkələr arasında ticarət dövriyyəsi son 4 ildə 3,4 dəfə artıb. Cənub Qaz Dəhlizinin 4 seqmentindən biri olan Trans-Adriatik Boru Xəttinin (TAP) çıxış nöqtəsi məhz İtaliyadır. Elə bunu nəzərə aldıqda, məhz ötən il Azərbaycanın ümumi xarici ticarət dövriyyəsinin 30 faizindən çoxunun İtaliyanın payına düşməsi də təqdirəlayiqdir.
Ötən il ərzində İtaliyaya təxminən 5 milyard avroya yaxın dəyərdə 10 milyard kubmetrə yaxın həcmdə qaz ixrac olunub. İtaliya Azərbaycan qazının nəqlinə 2020-ci il dekabrın 31-dən başlayıb. Deməli, ən qısa zamanda belə bir geniş həcmdə qaz nəqlinə nail olunub. Bu isə onu deməyə əsas verir ki, Azərbaycanla iqtisadi tərəfdaşlığa İtaliya tərəfi böyük maraq göstərir. Gözləntilər daha da böyükdür və 2025-ci ildən münasibətlərin daha da genişlənəcəyi, tərəfdaşlığın daha da artacağı gözlənilir. Hər kəsə məlumdur ki, bu gün enerji təhlükəsizliyi milli təhlükəsizliyin ayrılmaz hissəsidir. Azərbaycandan İtaliyayadək uzanan, Cənub Qaz Dəhlizi adlanan 3500 kilometrlik inteqrasiya edilmiş boru kəməri sistemi bu gün 10 ölkənin enerji təhlükəsizliyini təmin edir. Hazırda Azərbaycandan qaz alan 10 ölkənin 7-si Avropa İttifaqının üzvüdür. Bu səbəbdən Avropa Komissiyası Azərbaycanı ümum-Avropa qaz təchizatçısı və etibarlı tərəfdaş adlandırır.
Azərbaycan-İtaliya münasibətlərinin bütün sahələr üzrə yüksələn xətlə inkişaf etməsi artıq gözlənti deyil, tarixi reallıqdır.