Xəbərlər
Əlaqələrin inkişafı məmnunluq doğurur
Həbib Cəfərov
Yeni Azərbaycan Partiyası Astara rayon təşkilatının sədri
Azərbaycanın xarici siyasətində Avropa istiqamətinin xüsusi yeri vardır. Avropa İttifaqına üzv olan böyük və nüfuzlu dövlətlərlə qarşılıqlı əməkdaşlıq daim inkişaf etdirilir, yeni istiqamətlər müəyyənləşdirilir. Bu günlərdə cənab İlham Əliyevin İtaliyaya işgüzar səfəri, əməkdaşlığın inkişafına xidmət edən görüşləri, müzakirə olunan məsələlər xarici siyasətdə ikitərəfli əməkdaşlığın xüsusi önəmini açıqlamaqla yanaşı, əlaqələrin inkişafını şərtləndirən yeni istiqamətlərə işıq salır. Şübhəsiz ki, bu səfər hər bir ölkənin malik olduğu imkanların təqdimatında, həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında xüsusi rola malikdir.
Xarici ölkələrə səfərləri zamanı Azərbaycanın iqtisadi imkanlarına diqqəti yönəldən, enerjinin nəql olunması sisteminin şaxələndirilməsində ölkəmizin rolunu xüsusi vurğulayan cənab İlham Əliyevin “Dünya, Avropa və İtaliya haqqında bilgilər” mövzusuna həsr olunmuş Beynəlxalq Çernobbio Forumunda “Yeni geosiyasi şəraitdə Azərbaycanın rolu” adlı sessiyada çıxışı bu baxımdan mühüm əhəmiyyət kəsb edir. “Bu gün enerji təchizatı onu aydın şəkildə nümayiş etdirir ki, enerji təhlükəsizliyi milli təhlükəsizliyin ayrılmaz parçasıdır” - söyləyən Prezident İlham Əliyev bildirib ki, Azərbaycandan İtaliyayadək uzanan, Cənub Qaz Dəhlizi adlanan 3500 kilometrlik inteqrasiya edilmiş boru kəməri sistemi bu gün 10 ölkənin enerji təhlükəsizliyini təmin edir. Hazırda 10 ölkə Azərbaycandan qaz alır və onlardan 7-si Avropa İttifaqının üzvüdür. Bu səbəbdən Avropa Komissiyası Azərbaycanı ümum-Avropa qaz təchizatçısı və etibarlı tərəfdaş adlandırır. Dövlətimizin başçısı bu mühüm məqama da diqqəti yönəldib ki, Cənub Qaz Dəhlizinin başlanğıcı Azərbaycandadır və İtaliyaya qədər uzanır. Ancaq marşrut boyu mövcud olan əlavələr və interkonnektorlar sayəsində bu kəmər geniş Avropa və Avrasiya coğrafiyasını əhatə edir. Burada da artım üçün güclü potensial var. Bu gün ölkəmiz ən azı üç Avropa ölkəsi ilə qaz təchizatına dair danışıqlar aparırıq.
Hər bir səfər əməkdaşlığın inkişafında yeni mərhələnin başlanğıcı kimi dəyərləndirilir. Dövlətimizin başçısı İlham Əliyevin İtaliyaya işgüzar səfəri münasibətlərdə yeni mərhələnin əsasını qoymaqla yanaşı, Avropa İttifaqı ilə möhkəmlənən əlaqələrimizə də yeni əlavələr edəcək.
Cənab İlham Əliyev sözügedən çıxışında onu da vurğulayıb ki, ikitərəfli əlaqələrimiz enerji və ticarətlə məhdudlaşmır. Hazırda humanitar məsələlər üzərində fəal şəkildə iş aparılır. Artıq İtaliya-Azərbaycan Universiteti fəaliyyətə başlayıb və bu, əməkdaşlığımızın şaxələndirilməsinin gözəl nümunəsidir. İtaliyanın beş aparıcı ali təhsil ocağı – Luiss, Sapienza, Bolonya, Milan və Turin universitetləri və onların Azərbaycandan olan tərəf-müqabilləri bu müştərək təsisatı yaradıb. Bu, gələcək əməkdaşlığımız üçün mühüm əhəmiyyət kəsb edəcək. Çünki orada bu gün təhsil alan və gələcəkdə təhsil alacaq tələbələr İtaliya ilə təbii bağlantı rolunda çıxış edəcəklər. Onlar italyan dilində səlis danışacaq, italyan mədəniyyətini və italyan xalqının geniş tarixi irsini daha yaxından tanıyacaqlar.
Bu gün Azərbaycan-İtaliya əlaqələrinin timsalında aydın görünür ki, münasibətlər qarşılıqlı etimad və hörmət, qarşılıqlı maraqların nəzərə alınması üzərində qurulursa, o zaman tərəqqinin şahidi oluruq. Bu, bir-birindən uzaqda, fərqli qitələrdə yerləşən ölkələr arasında münasibətlərin necə qurulmalı olduğunun nümunəsidir.
Dövlətimizin xarici siyasətinin dəyişməz prinsipləri məlumdur. Ölkəmiz bütün dövlətlərlə bərabərhüquqlu, qarşılıqlı maraq və hörmət prinsipləri əsasında əlaqələr qurur. Azərbaycan daim yerləşdiyi coğrafi məkana görə ölkələri, xalqları birləşdirir, onlar arasında körpü rolunu oynayır. Prezident İlham Əliyevin hər bir çağırışında sülhə, əmin-amanlığa, dostluğa, əməkdaşlığa xüsusi diqqət yönəldilir.
Cənab İlham Əliyev bəhs etdiyimiz çıxışında tarixi zəfərlərimizdən sonra Azərbaycanın Ermənistana sülh təklifinə də diqqəti yönəldib. Vurğulayıb ki, Azərbaycan və Ermənistan arasında sülh danışıqları çərçivəsində baş verən hadisələr, sülh müqaviləsinin bəndlərinin təqribən 80 faizinin razılaşdırılması, sərhədlərin delimitasiya prosesinin başlanması və hətta kiçik addım hesab oluna bilən 13 kilometrlik hissəsinin demarkasiyasının özü belə düzgün istiqamətdə atılan addımdır: “Beləliklə, biz ümid edirik ki, sülh danışıqlarının başlanmasına dair Azərbaycanın təşəbbüsü sülh sazişinin imzalanması ilə nəticələnəcək. Bu isə təkcə Cənubi Qafqaz deyil, dünyanın bütün regionları üçün əhəmiyyətli olacaqdır. Bu, 30 il ərzində münaqişədə olmuş iki ölkənin birgə çalışaraq sülhə nail olmasının nümunəsi ola bilər. Baxmayaraq ki, burada işğaldan əziyyət çəkmiş və ərazisinin təqribən 20 faizinin tamamilə dağıdıldığı ölkə məhz Azərbaycandır”.
Göründüyü kimi, hər bir səfər əlaqələrdə yeni istiqamətlərin müəyyənləşdirilməsinə, həqiqətlərin təbliğinə geniş imkanlar yaradır. Bir daha vurğulanıb ki, Azərbaycan-İtaliya əlaqələrinin gələcək inkişafı üçün yeni imkanlar mövcuddur. Əməkdaşlıqda yeni səhifələr açılır.