Xəbərlər
Qarşılıqlı etimad
Faqət Şadlinskaya
Yeni Azərbaycan Partiyası Bərdə rayon təşkilatının sədri
Azərbaycan xarici siyasətində səmərəli ikitərəfli münasibətlərə və beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinə üstünlük verir. Bu baxımdan bir çox dövlətlər Azərbaycanın beynəlxalq münasibətlər sistemində fəal rolunu, praqmatik xarici siyasət kursunu yüksək qiymətləndirir, ölkəmizlə müxtəlif sahələri əhatə edən əlaqələrin inkişafına böyük önəm verirlər. İtaliya ilə qarşılıqlı faydalı münasibətlər də ölkəmizin xarici siyasət kursunda xüsusi yer tutur.
Dövlət başçısı İlham Əliyevin İtaliya Prezidentinin dəvəti ilə bu ölkəyə işgüzar səfəri hazırda ölkə və dünya mətbuatında geniş müzakirə edilir. Hər bir səfər münasibətlərdə yeni səhifənin başlanğıcı kimi dəyərləndirilməklə yanaşı, keçilən yolun təhlilini də bir zərurət kimi qarşıya qoyur. Strateji tərəfdaşlıq səviyyəsinə yüksələn bu əlaqələr möhkəm təmələ əsaslanır. Müasir, müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində 1993-2003-cü illərdə yaradılan möhkəm təməl Azərbaycanın digər sahələrdə olduğu kimi, xarici siyasət sahəsində də davamlı uğurlarına geniş yol açır.
Qarşılıqlı səfərlər fonunda möhkəmlənən və yeni istiqamətlər üzrə inkişaf etdirilən münasibətləri bu gün Azərbaycan-İtaliya əlaqələrində də aydın şəkildə görürük. Belə ki, möhkəm dostluq və əməkdaşlıq ənənələri Azərbaycan ilə İtaliya münasibətlərini təcəssüm etdirir. Bu münasibətlər qarşılıqlı faydalı tərəfdaşlıq xarakteri daşıyır, bir-birinin maraqlarına hörmət prinsiplərinə əsaslanır. Ümummilli Lider Heydər Əliyevin 1997-ci ildə İtaliyaya ilk rəsmi səfəri iki dövlət arasında bütün sahələrdə münasibətlərin inkişaf etdirilməsi üçün əhəmiyyətli addım olub. Ulu Öndərin İtaliyaya səfəri zamanı iki dövlət arasında siyasi-iqtisadi, mədəni və texniki əməkdaşlıq üzrə yeddi saziş imzalanıb. Beləliklə, qarşılıqlı münasibətlər və əlaqələr yüksələn xətlə inkişaf etməyə başlayıb, davamlı səfərlər həyata keçirilib.
Azərbaycan ilə İtaliya arasında yüksək səviyyəli qarşılıqlı səfərlər münasibətlərimizin dinamikasını nümayiş etdirən mühüm amildir. Dövlət başçısı İlham Əliyev sentyabrın 6-da “Dünya, Avropa və İtaliya haqqında bilgilər” mövzusuna həsr olunmuş Beynəlxalq Çernobbio Forumunda “Yeni geosiyasi şəraitdə Azərbaycanın rolu” adlı sessiyada çıxışında bu məqamlara diqqəti yönəltdi. Prezident bildirdi ki, ikinci dəfədir Çernobbio Forumunda iştirak edir və iki il əvvəl burada iştirakı ilə bağlı xoş təəssüratları var.
Diqqəti İtaliyaya növbəti səfəri zamanı keçirdiyi görüşlərə və müzakirələrə yönəldən cənab İlham Əliyev qeyd etdi ki, ikitərəfli münasibətlərimizin strateji xarakterini təsdiq etdik. Uzun illər ərzində Azərbaycan və İtaliya strateji tərəfdaşlar kimi fəaliyyət göstərirlər. Müvafiq Bəyannamə təqribən 10 il əvvəl qəbul edilib. Əməkdaşlığımız bir çox sahəni əhatə edir. Müntəzəm siyasi təmaslarımız var. Bu, dövlət başçısı İlham Əliyevin 2020-ci ildən bəri İtaliyaya üçüncü səfəri idi.
İtaliya Azərbaycanın dünyada bir nömrəli ticarət tərəfdaşıdır. Ötən il iki ölkənin ticarət dövriyyəsi 16 milyard dollara yaxın olub. Azərbaycan İtaliyanın bir nömrəli neft və ikinci ən böyük qaz təchizatçısıdır. Bu da əməkdaşlığın vacib hissəsidir. Bu gün enerji təchizatı onu aydın şəkildə nümayiş etdirir ki, enerji təhlükəsizliyi milli təhlükəsizliyin ayrılmaz hissəsidir. Azərbaycandan İtaliyayadək uzanan, Cənub Qaz Dəhlizi adlanan 3500 kilometrlik inteqrasiya edilmiş boru kəməri sistemi bu gün 10 ölkənin enerji təhlükəsizliyini təmin edir. Hazırda 10 ölkə Azərbaycandan qaz alır və onlardan 7-si Avropa İttifaqının üzvüdür. Bu səbəbdən Avropa Komissiyası Azərbaycanı ümum-Avropa qaz təchizatçısı və etibarlı tərəfdaş adlandırır.
Cənab İlham Əliyev sözügedən çıxışında, eyni zamanda, Azərbaycanın tarixi zəfərlərindən, ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpa edilməsindən bəhs etdi. Bildirdi ki, beynəlxalq hüququn aliliyi o zaman təmin edilə bilər ki, burada hüquqi çərçivə ilə yanaşı, həmçinin cəsarət və real güc də var. Beynəlxalq səviyyədə tanınmış ərazilərimiz 30 il ərzində Ermənistanın işğalı altında idi. Beynəlxalq təşkilatların çoxsaylı qərar və qətnamələrinə, o cümlədən Ermənistan qoşunlarının bizim torpaqlarımızdan dərhal çıxarılmasını tələb edən və hüquqi öhdəlik yaradan BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə baxmayaraq, işğal davam etmişdir. ATƏT bu məsələ ilə məşğul olacaq xüsusi bir qrup da yaratmışdır və həmin qrup 28 il ərzində sıfır nəticə hasil etmişdir. Bu, onu nümayiş etdirir ki, ədaləti və sülhü təmin etmək üçün təkcə beynəlxalq hüquq kifayət deyil. Masa üzərində digər amillər də olmalıdır.
Suverenliyimizin tam bərpa edilməsi ilə Azərbaycan yeni dövrə qədəm qoyub. Bu dövrdə ölkəmizin qarşısında yeni hədəflər dayanır. Hazırda Azərbaycanın regionda və dünya siyasətində rolu göz önündədir. Dövlətimizin ədalətə, beynəlxalq hüquqa əsaslanan siyasətinin uğurları davamlılığı ilə diqqətdədir. Cənab İlham Əliyevin İtaliyaya işgüzar səfəri bir daha ölkəmizin beynəlxalq münasibətlər sistemində roluna, möhkəmlənən mövqeyinə işıq saldı. Prezident İlham Əliyevin “Biz qlobal arenada müxtəlif aktorlar arasında körpülərin qurulması üzərində fəal çalışırıq. Hər kəsə məlumdur ki, iqlim mövzusu ölkələri və xalqları ayıran bir mövzudur. Qarşılıqlı iddialar və ittihamlar var, kim planetimizə xələl gətirməkdə daha çox günahkardır, kim daha çox ödəməlidir və sair. Yəni, beynəlxalq arenada qlobal aktor olmasaq belə, zənnimcə qlobal Cənub və qlobal Şimal arasında körpülərin qurulması mümkündür” fikirləri özündə mühüm məqamları ehtiva edir.