YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hədəf və məqsədlər bəllidir

Samir Vəliyev

Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının sədri

Azərbaycanın xarici siyasətində Avropa ölkələri ilə əlaqələrin inkişafı mühüm yer tutur. Bu baxımdan, ölkəmizin İtaliya ilə münasibətləri xüsusi vurğulanmalıdır. Azərbaycanla İtaliya arasında siyasi gündəliyə aid müzakirələr Prezident İlham Əliyevin bu ölkəyə son işgüzar səfəri çərçivəsində reallaşdı. Belə ki, həm cənab İlham Əliyevin İtaliya Prezidenti Sercio Mattarella ilə birgə qatıldığı işçi naharda, həm də dövlətimizin başçısının İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloni ilə görüşündə qarşılıqlı münasibətlər diqqət mərkəzində olub. Yüksək səviyyədə aparılan müzakirələrdə tərəflər əlaqələrin hazırkı səviyyəsindən məmnunluqlarını bildiriblər, həmçinin münasibətlərin daha da dərinləşdirilməsində maraqlı olduqlarını bir daha nəzərə çatdırıblar.

Ümumiyyətlə, strateji tərəfdaşlıq dövlətlərarası diplomatiyanın ən yüksək səviyyəsi sayılır və qarşılıqlı münasibətlərin xüsusi səciyyə daşıdığını nümayiş etdirir. Qısa müstəqillik tarixində Azərbaycanın dünyanın bir sıra ölkələri, o cümlədən də Avropa İttifaqı məkanına daxil olan 10-dək dövlətlə belə münasibətlər qurması böyük nailiyyətdir. Azərbaycan və İtaliya arasında strateji tərəfdaşlıq haqqında Bəyannamə imzalanıb. Hər iki tərəf qarşılıqlı münasibətlərin yol xəritəsi sayılan bu sənəddə əksini tapan müddəaların həyata keçirilməsinə güclü siyasi iradə nümayiş etdirir. Romada Prezident İlham Əliyevin qatıldığı tədbirlərdə ifadə olunan fikirlər bunu bir daha təsdiqlədi. Məsələn, Prezident Sercio Mattarella işçi naharda Azərbaycanla İtaliya arasında münasibətlərin strateji tərəfdaşlıq xarakteri daşıdığını deyib. S.Matarella 2020-ci ildə Prezident İlham Əliyevin İtaliyaya dövlət səfəri zamanı imzalanmış strateji tərəfdaşlığa dair Birgə Bəyannamənin önəmini vurğulayıb.

Strateji tərəfdaşlıq münasibətlərinin ruhuna uyğun olaraq liderlər və digər yüksək səviyyəli rəsmilər arasında sıx təmaslar mövcuddur. Romada Prezident İlham Əliyevin qatıldığı tədbirlərdə qarşılıqlı səfərlərin önəminə xüsusi diqqət çəkilib. Sercio Mattarella özünün Azərbaycana səfərini məmnunluqla xatırlayıb. Qeyd edək ki, bəhs olunan səfər 2018-ci ilin iyulunda baş tutub və kifayət qədər uğurlu olub. Bu səfərdən sonra Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci ilin fevralında İtaliyaya dövlət səfəri reallaşıb. Bu səfər çərçvəsində müxtəlif sahələri əhatə edən 28 sənəd imzalanıb. Dövlətimizin başçısının 2022-ci ilin sentyabrında İtaliyaya baş tutan işgüzar səfərinin gündəliyi də kifayət qədər geniş olub. İşçi naharda söhbət zamanı son dörd ildə İtaliyaya üç dəfə səfər etdiyini deyən dövlətimizin başçısı da münasibətlərimizin strateji tərəfdaşlıq xarakteri daşıdığını məmnuniyyətlə qeyd edib, İtaliya-Azərbaycan əlaqələrinin özündə çoxşaxəli əməkdaşlığı ehtiva etdiyini vurğulayıb. Eyni zamanda, Prezident İlham Əliyev İtaliya Prezidentini Azərbaycana dövlət səfərinə dəvət edib və Sercio Mattarella dəvəti məmnunluqla qəbul edib.

Xüsusi vurğulamaq lazımdır ki, Prezident İlham Əliyevin İtaliyaya işgüzar səfəri zamanı  “Dünya, Avropa və İtaliya haqqında bilgilər” mövzusuna həsr olunmuş Beynəlxalq Çernobbio Forumunda “Yeni geosiyasi şəraitdə Azərbaycanın rolu” adlı sessiyada çıxış etməsi böyük əhəmiyyət kəsb edir. “The European House – Ambrosetti” beyin mərkəzi tərəfindən təşkil olunan və sayca  50-ci olan Beynəlxalq Çernobbio Forumunda Prezident İlham Əliyevin əsas qonaq kimi iştirakı ölkəmizin beynəlxalq aləmdə yüksək nüfuzunun, etibarlı tərəfdaş statusunun, regionun aparıcı aktoru olmasının əyani təzahürü, eyni zamanda, Avropanın enerji təhlükəsizliyinə verdiyi əhəmiyyətli töhfənin beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilməsidir. Bu fakt xüsusilə, Azərbaycan Prezidentinin beynəlxalq miqyasda böyük nüfuzunun göstəricisidir.