YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Novatorluq və dinamizm inkişafa zəmanətdir

Rüstəm Nağıyev

Yeni Azərbaycan Partiyası Gədəbəy rayon təşkilatının sədri

Azərbaycanın güclü Lideri var. Dövlət siyasətini çox düzgün tənzimləyir, bütün sahələrdə uğur qazanmağı bacarır. Xarici əlaqələr, sosial-iqtisadi, hərbi, humanitar və digər sahələrdə düzgün siyasət aparır, qətiyyətli addımlar atır. Cəsarət, çeviklik və idarəetmə təcrübəsi isə xüsusi önəm daşıyır. Bu xüsusiyyətlərin hamısı Prezident İlham Əliyevdə var və O, nəyi nə zaman, necə edəcəyini yaxşı bilir. Azərbaycanın bəxti bir də onda gətirib ki, onun Lideri qətiyyətli olduğu qədər də məntiqlidir.

Cənab İlham Əliyevin İtaliya səfəri, Çernobbio Forumu kimi tanınan beynəlxalq tədbirdə iştirakı və çıxışı Azərbaycanın dünyada olan nüfuzunu daha da artırdı. Xüsusilə yüksək tribunadan bildirdi ki, iki aydan sonra ölkəmiz ən böyük iqlim konfransına – COP29-a ev sahibliyi edəcəyik. Bununla bağlı qərar ötən ilin dekabr ayında verildi və bizim hazırlıq üçün bir ildən az vaxtımız var idi. Burada ən vacib məqam ondan ibarətdir ki, bu qərar 200-ə yaxın ölkə arasında konsensusa əsaslanırdı. Tarixdə ilk dəfə COP bizim regionumuzda keçiriləcək.

Bunlar Azərbaycanın güclü Liderinin uğurlarıdır və doğru-düzgün siyasət nəticəsində ölkəmiz dünya miqyasında tanınır. Bu gün Azərbaycan Avropa İttifaqının 10 üzvü ilə rəsmi strateji tərəfdaşıdır, 120 ölkəni birləşdirən Qoşulmama Hərəkatına 4 il sədrlik edib. Bu isə o deməkdir ki, Azərbaycan hər sahədə nəticə əldə edən bir ölkədir. Azərbaycan dünyada ən sürətlə və dinamik inkişaf edən dövlətlərdən biridir. Ölkənin iqtisadi qüdrətinin artması onun müstəqil siyasət yürütməsinə, əhalinin rifahının ildən-ilə yüksəlməsinə imkan yaradır. İkinci Qarabağ müharibəsində qazanılmış parlaq Qələbə güclü dövlət-güclü ordu konsepsiyasının təntənəsidir. 30 il işğal altında qalan torpaqlarımız məhz bu konsepsiya nəticəsində hərbi-siyasi yolla azad olundu, ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam təmin edildi. Regionun gündəliyini bu gün Azərbaycan diktə edir. Dünya gücləri Azərbaycanın yaratdığı yeni reallıqlarla hesablaşırlar. Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyasına uyğun olaraq, nəhəng transmilli nəqliyyat və enerji layihələri həyata keçirən Azərbaycanın bu təşəbbüsləri dünyanın aparıcı dövlətləri tərəfindən dəstəklənir, ölkəmizə siyasi-iqtisadi dividendlər qazandırır.

Bunlarla yanaşı, azad olunmuş torpaqlarımızda genişmiqyaslı bərpa-quruculuq işləri heç kəsdən yardım alınmadan Azərbaycanın öz imkanları hesabına sürətlə davam etdirilir, Böyük Qayıdış Proqramı çərçivəsində uğurlu addımlar atılır. Ulu Öndərin siyasi kursunun layiqli davamçısı olan Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Azərbaycanı bu böyük uğurlara çatdırmaqla ata vəsiyyətini layiqincə yerinə yetirdi. Cənab İlham Əliyevin güclü Lider olması artıq dünyada qəbul edilib. Azərbaycanın ərazi bütövlüyü və suverenliyi bərqərar olunduqdan sonra bir sıra Qərb dairələrinin ölkəmizə qarşı ikili standartlar mövqeyindən yanaşması, təzyiqlərin artması halları müşahidə olunmaqdadır.

Dövlətimizin başçısı Azərbaycanın Avropa Şurasının Parlament Assambleyasının bir sıra üzvlərini arzuolunmaz şəxs elan etməsi sualına da çox aydın və cəsarətli cavab verib. “Bu, nədən baş verdi? Giriş sözümdə qeyd etdiyim kimi, ötən il suverenliyimizi tam şəkildə bərpa etdik. Ötən ilin sentyabrında Azərbaycan torpağında separatçılığın kökü kəsildi. Biz bu gün Ukraynanın etməyə çalışdığından fərqli heç bir şey etməmişik. Ukrayna bu gün Qərbin çox geniş dəstəyinə rəğmən uğursuz şəkildə ərazi bütövlüyünü bərpa etməyə çalışır. Biz özümüz isə heç bir dəstək olmadan ərazi bütövlüyümüzü bərpa etdik. Bundan sadəcə bir neçə ay sonra Avropa Şurasının Parlament Assambleyası bizim nümayəndə heyətini səsvermə hüququndan məhrum etdi. Bu, suverenliyimizi bərpa etdiyimiz üçün bizə qarşı tətbiq edilən sanksiya idi. Biz öz torpağımızda döyüşdük və hər hansı təcavüzə əl atmadıq. Buna səs verənlər bizi Avropa Şurasında görmək istəməyənlərdir. Yəni, Azərbaycanın qərarı adekvat idi. Bizim qərarımız buna cavab idi. Onlar tərəfindən qərarın dəyişdiriləcəyi və bizim hüquqlarımızı bərpa etdikləri təqdirdə, gələn ilin yanvar ayında belə bir fürsət olacaqdır, bizim tətbiq etdiyimiz qadağa aradan qaldırılacaq. Mən təəssüf edirəm ki, İtaliya parlamentinin üzvləri bu qərarın lehinə səs veriblər”.

Bütövlükdə Prezident İlham Əliyevin cari ilin 6 sentyabr tarixində “Dünya, Avropa və İtaliya haqqında bilgilər” mövzusuna həsr olunmuş Beynəlxalq Çernobbio Forumunda “Yeni geosiyasi şəraitdə Azərbaycanın rolu” adlı sessiyada çıxışı əhatə dairəsinə, siyasi üstünlüyə, ən əsası da gerçəkliyin bir daha dilə gətirilməsi baxımından olduqca əhəmiyyətlidir. İtaliya səfəri həm də daha geniş, uzunmüddətli əməkdaşlıq üçün əsaslı zəmin yaratdı.