Xəbərlər
Dövrümüzün Şeyx Nəsrullahı – Luis Moreno
Vahid Novruzov
YAP Veteranlar Şurasının üzvü, Azərbaycan Respublikası Auditorlar Palatasının sədri, professor
Müntəzəm izlədiyim Ermənistan mətbuatından öyrəndim ki, özünü erməni xalqının taleyi üçün xilaskar qayəsində gözə soxmağa çalışan Argentinalı hüquq doktoru Luis Moreno gəlib İrəvanda ermənilərlə açıq müzakirələr aparmaq və ermənilərin başlarına ağıl qoymaq niyyətindədir.
Bu məlumatı alanda nədənsə yadıma böyük Mirzə Cəlil Məmmədquluzadənin “Ölülər” əsəri düşdü və Luis Moreno xəyalımda Şeyx Nəsrullah kimi canlandı, axı Şeyx də ölüləri sağaltmaq üçün bəlağətli söhbətlər aparır, artıq xaliqin dərgahına qovuşmuş insanların diriləcəyinə onların yaxınlarını inandırmaq istəyirdi. Necə ki, Luis Morenonun Qarabağda ermənilərin hakimiyyətini bərpa etmək istəyi kimi.
Senyabrın 13-də saat 18:30-da İrəvanın İBİS hotelində Luis Moreno ilə açıq görüş keçiriləcəkdir. Luis Moreno ermənilərin başına ağıl qoyacaq ki, Bakıdakı erməni əsirləri necə azad etmək olar.
COP29-un siyasiləşməsi və bu “işə” dünya ermənilərini sövq etmək kimi qaragüruhçu vəzifələr də Morenonun qarşısına bu görüşün təşkilatçıları olan II Qaregin və I Aram tərəfindən qoyulub.
Luis Moreno iddia edir ki, əgər COP29 günlərində Bakıdakı ermənilər azad edilməsə və Qarabağ probleminə diqqət yetirilməsə, guya Prezident İlham Əliyev özünün geopolitik ambisiyalarının gücləndirilməsi istiqamətində çox güclü impuls alacaq və bütün Ermənistanı zəbt edəcəkdir. Bərəkallah, Şeyx!
“Mən erməni xalqının və Ermənistan torpaqlarının taleyi üçün çox narahatam”. Bu, Luis Morenonun son aylarda erməni xalqına ünvanladığı ikinci məktubunda vurğulanıb.
Zühur etmiş Şeyx Nəsrullahın - keçmiş prokuror Luis Morenonun tərcümeyi-halı və keçdiyi həyat yolu ilə bir qədər yaxından tanış olduqdan sonra bu barədə öz fikirlərimi oxucularla bölüşmək qərarına gəldim. İlk növbədə onu qeyd etmək istərdim ki, məktubla tanış olduqdan sonra bunun bir təcrübəli hüquqşünas tərəfindən yox, sıravi meydan boşboğazlarından birinin sözləri kimi qənaətinə gəldim. Çünki, heç bir hüquqi müddəa və beynəlxalq tələblərə məhəl qoyulmadan yazılmış bu məktub həm də, yalan və böhtanla “bəzədilmiş cızmaqara” xarakterli qarayaxmadır. Bircə misal gətirməklə kifayətlənirəm ki, Luis Moreno 2023-cü ildə ermənilərə qarşı genosid həyata keçirildiyini, ermənilərin aclığa və qorxuya məruz qaldıqlarını, bombardman olunduqlarını qələmə almışdır. Halbuki, Azərbaycan tərəfi dəfələrlə bəyan edildiyi kimi, ermənilərin ərzaqla təminatı sahəsində əməli təkliflər irəli sürmüş və həmin il ərzində heç bir bombardman əməliyyatı həyata keçirilməmişdir. Məktubun yeganə məqsədi Azərbaycana qarşı kütləvi informasiya vasitələrində ermənilər tərəfindən çirkli kampaniyanın başlanmasının zəruri olduğunu göstərməkdir. Heç bir hüquqşünas dövləti cinayətdə və insanlığa qarşı yolverilmiş vəhşiliklərə əl qoymuş şəxslərin, erməni əsirlərinin siyasi məhbus adı altında müdafiəsinə və onların azad olunmasına çağırış etməz. Ermənilərə təhrik xarakterli müraciət məktubunda üzdən iraq prokuror qeyd edib: “Ermənilər, mübarizəyə başçılıq etmək vaxtıdır. Yazılar dərc etdirin, şərh verin və öz səsinizdən istifadə edin. Mən və bir çoxları sizin arxanızca gedəcəyik”.
Buna əsl taxribat deməyəsən, nə deyəsən? Ölkəmizdə keçiriləcək COP29-a dair prokuror Morenonun sərsəmləmələri də acı təəssüf doğurur. Erməni xislətinə kifayət qədər bələd olan (onun Argentinada olan çoxsaylı erməni dost-tanışlarının olduğu onlarla əyləncəli məclislərində iştirakı yaxşı məlumdur) Moreno dünya ermənilərinə müraciətində belə vurğulayır: “Bütün dünyaya səpələnmiş sizlər (yəni erməni xalqı) nəinki öz xalqınızı və torpağınızı, həm də daha geniş ədalətin və ekoloji dəyərlərin müdafiəsi istiqamətində unikal imkanlara maliksiniz. Sizin əcdadlarınız sizlərə rəşadətli olmağı öyrətmişlər. Biz nə vaxt mübarizə aparmağı dayandırsaq, məhz həmin gün məğlubiyyətə düçar olacağıq”.
Bu da növbəti yolverilməz təhrikçilik! Hüquq elmləri doktoru olan Luis Moreno təkcə Azərbaycana düşmənçilik bəsləməkdə yox, öz fəaliyyətində də yol verdiyi qanunsuzluqlarla məhşurdur. 2015-ci ildən konsaltinq fəaliyyəti ilə məşğul olan Moreno livanlı bir iş adamı ilə 3 milyon dollarlıq bir müqavilə imzalamaqla onun hüquqi müdafiəsini təmin etmək üçün əvvəllər çalışdığı Beynəlxalq Cinayət Məhkəməsinin əməkdaşlarından qanunsuz yolla məxfi məlumatların əldə edilməsindən belə çəkinməmişdir. Beləliklə, nəinki özünü bir fırıldaqçı hüquqşünas kimi göstərmiş, həm də, məhkəmə əməkdaşlarını çətin vəziyyətə salmışdır. Digər bir misal Beynəlxalq Cinayət Məhkəməsinin prokuroru olduğu dövrdə belə özünün və arvadının Karib adalarında olan “Offşor” şirkətlərinə böyük həcmdə maliyyə daxil olmalarını gülünc bir “səbəblə” izah etməyə çalışmışdır. Guya o, Argentina banklarına etibar etmir. 2023-cü ildə “Armenpress” agentliyinə müsahibəsində ABŞ Konqresinə Qarabağla bağlı təqdim etdiyi məruzəsinə dair dinləmədə Morenonun hər addımda yerli-yersiz çərənlədiyi genosid ifadəsinin qəbul edilməməsindən məyus olduğunu dilə gətirmişdir. Apardığımız araşdırmalar Morenonun xaç atasının da kimliyini üzə çıxarmışdır. Bunun əsl adı Bedros Keşişyan olan katalikos I Aram olduğu üzə çıxır. Məlum olur ki, keçmiş prokuror əsasən I Aramın ideyalarını yaymaq və “beynəlxalq rəy” donu geyindirmək üçün uzun illərdir çalışmaqdadır. Yeri gəlmişkən I Aramın həyatından Qarabağla bağlı bir neçə fakt göstərmək istərdim. Bu, həmin I Aramdır ki, 1991-ci ildə Ermənistana müstəqillik əldə etməsi münasibətilə göndərdiyi təbriki belə bir cümlə ilə yekunlaşdırır. “Kim inana bilərdi ki, biz “Artsax”ı azad edəcəyik?” Onu da qeyd edim ki, I Aram özü də “Artsax”ı öz çıxış və yazılarında həm də Qarabağ adlandırmaqda davam edir.
Bu, həmin I Aramdır ki, 2016-cı ildə Şuşaya gəlib ibadət etmişdir. Bu, həmim I Aramdır ki, 2016-cı il 18 aprel tarixində İslam Əməkdaşlığı Təşkilatının sammitində erməniləri mühakimə edən qərara dair səsvermədə bitərəf qalmasını yüksək dəyərləndirmiş və o, telefon zəngində buna görə Livanın Baş nazirinə minnətdarlığını bildirmişdir. Bu, həmin I Aramdır ki, 2021-ci ilin 11 avqust tarixində Qarabağda barışığa getməməyə dair Ermənistana müraciət etmiş, həmin ilin 11 dekabr tarixində Laçın dəhlizi ilə bağlı beynəlxalq aləmə müraciət etmişdir. Onu da qeyd edək ki, bu hiyləgər katolikosun ərəb ölkələri və İranda olarkən Xristian və İslam dinlərinin dostluğu barədə geniş müzakirələr aparması qeyri-səmimiliyin etalonu kimi qəbul edilə bilər. Bu il aprelin 19-da Luis Morenonu qəbul edən xaç atası keçmiş prokurorla dünya ermənilərinə müraciətin ideyası və mətnini razılaşdırmışdır. Bu, “dünyəvi” müraciətin əks-sədasının keçmiş Dağlıq Qarabağın tör-töküntüləri tərəfindən sosial mediaya çıxarılması cəhdlərinin heç bir əsası olmadığı məlumdur. Bu günlərdə ermənilərin “Artsax” adlandırdıqları artıq mövcud olmayan qondarma respublikanın xəyali Milli Yığıncağının dırnaqarası rəhbəri Qagik Baquntsun Moreno tərəfindən təklif olunan kampaniyanın yüksək dəyəri haqqında və onun Azərbaycanın imicinə təsiri barədə uydurma fikirlərini misal göstərmək olar. Şərhin sonunda keçmiş prokuror Moreno və I Aram kimilərinə bizim onlara münasibətimizi dahi Çörçilin bir kəlamı ilə bildirmək istərdim: “Əgər hər hürən itə Siz dayanıb daş atsanız, nəzərdə tutduğunuz yerə heç vaxt gedib çata bilməzsiniz”. Cənab Luis Moreno! Biləsiniz ki, Sizlərin ulamağınıza baxmayaraq Azərbaycan öz haqq yolu ilə inamla irəliləməkdədir!
Öz fikirlərimi Luis Moreno kimi qaragüruhçu və fırıldaqçıların çaldıqları havaya oynamaq istəyən, “Dəmir yumruq” sayəsində darmadağın edilmiş erməni revanşistlərə dahi Mirzə Cəlilin qəhrəmanı Kefli İsgəndərin sözləri ilə yekunlaşdırmaq istərdim: “Bizdən sonra gələnlər illər uzunu sizi yada salıb bir səslə deyəcəklər: “Ölülər”...