Xəbərlər
Yüksək bal toplayan tələbələrlə görüş...
Milli Məclisin deputatı Ramil Həsən Ucar rayon məktəbləri üzrə 600-dən yuxarı bal toplayaraq bu il ali məktəblərə daxil olmuş tələbələrlə görüş keçirib.
Çıxış edən Ramil Həsən uğur qazanan gəncləri, onların valideynlərini və müəllimlərini təbrik edib. Bildirib ki, Azərbaycanda təhsilin inkişafı dövlət siyasətinin mühüm tərkib hissəsidir. Qeyd olunub ki, Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın yüksək diqqət və qayğısı sayəsində icra edilən dövlət proqramları təhsil sistemində keyfiyyətcə yeni inkişaf meyillərinin meydana çıxmasını, yüksək nəticələr qazanmasını şərtləndirir.
R.Həsən ölkəmizdə gənclərə həmişə hərtərəfli dəstək göstəriləcəyini bildirərək onlara tutduqları yolda dövlətimizin milli maraqları istiqamətində uğurlar diləyib. O, gənclərə tələbəlik illərində ixtisaslarını yaxşı öyrənmələri ilə yanaşı, gənclər hərəkatının fəal iştirakçıları olmağı da tövsiyə edib.
Görüşdə, həmçinin Yeni Azərbaycan Partiyası Ucar rayon təşkilatının sədri Şəhla Abdullayevada iştirak edib.
Sonda yüksək bal toplayan tələbələrə qiymətli hədiyyələr təqdim edilib.
Qeyd edək ki, millət vəkilinin təşəbbüsü ilə yeni tədris ilinin başlanması münasibətilə Ucar rayonunun müxtəlif kəndlərində və rayon mərkəzində yaşayan həssas təbəqədən olan 50 nəfərə yaxın şagirdə dəstək göstərilib.