Xəbərlər
Dostluq və qardaşlığın ən bariz nümunəsi
Kamilə Əliyeva
Milli Məclisin deputatı, professor
Prezident İlham Əliyev Mərkəzi Asiya dövlətləri ilə iqtisadi-siyasi və digər sahələrdə sıx əməkdaşlıq əlaqələrinin qurulmasına böyük önəm verir. Son illər Azərbaycanla Mərkəzi Asiya dövlətləri arasında ikitərəfli və çoxtərəfli əlaqələr daha da genişlənmişdir. Region dövlətlərinin Avropa ilə iqtisadi əlaqələrin qurulmasında Azərbaycan önəmli rol oynayır. Şərqdən Qərbə və əks istiqamətlərdə Azərbaycandan keçməklə yükdaşımaların həcmi hər il artmaqdadır.
Ortaq dinə, dilə, mədəniyyətə, eyni soykökə malik Özbəkistanla Azərbaycan arasında münasibətlər hər il genişlənir. Ölkə başçımızın iki ildə Özbəkistana beş rəsmi səfər etməsi etibarlı münasibətlərin nümunəsidir. Prezident cənab İlham Əliyevin 23 avqust tarixində Özbəkistana növbəti rəsmi səfəri iki dövlət arasında əlaqələrin daha da genişləndirdi. Səfər çərçivəsində Azərbaycanla Özbəkistan arasında müttəfiqlik münasibətləri haqqında imzalanan müqavilə münasibətlərimizi ən yüksək səviyyəyə çatdırdı. Bu gün həm Azərbaycan, həm Özbəkistan müstəqil, suveren, güclü dövlətlərdir və müttəfiqlik haqqında imzalanmış müqavilə beynəlxalq aləmdə hər iki dövlətin nüfuzunu, gücünü daha da artıracaq.
Özbəkistan xalqı və dövləti torpaqlarımız işğal altında olan dövrdə, eləcə də Vətən müharibəsi zamanı ölkəmizə qardaş dəstəyi göstərmişdir. İşğaldan azad edilmiş ərazilərimizdə bərpa işləri zamanı da Özbəkistan ilk dövlət olaraq Füzulidə məktəb binası inşa edərək Azərbaycana hədiyyə etdi. Bu dostluq və qardaşlığın ən bariz nümunəsidir.
Iqtisadi sahədə də əməkdaşlığımız sürətlə inkişaf edir. Azərbaycan-Özbəkistan Birgə İnvestisiya Fondunun kapitalını artırmaq üçün layihələrə 500 milyon ABŞ dolları ayrılıb. Azərbaycan Özbəkistanda, Özbəkistan isə Azərbaycanda böyük iqtisadi layihələr icra edəcəklər. Hər iki dövlətin sahibkarları qarşılıqlı şəkildə Azərbaycan və Özbəkistanda yeni istehsal müəssisələri açacaqlar. Bu iqtisadi layihələr nəticəsində hər iki dövlətin iqtisadiyyatında böyük irəliləyişlər olacaq. İki türk dövləti olan Azərbaycan və Özbəkistanın birliyi dövlətlərimizi və xalqlarımızı daha uğurlu gələcəyə aparacaq.