Xəbərlər
Eldar İbrahimov: Azərbaycanda bütün sahələrin inkişaf etdiyi kimi balıqçılıq təsərrüfatının inkişafı da zəruridir
«Azərbaycanda bütün sahələrin inkişaf etdiyi kimi balıqçılıq təsərrüfatının inkişafı da zəruridir. Bu istiqamətdə mövcud qanunvericilik də təkmilləşdirilməlidir». Bu fikirləri Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov deyib.
E.İbrahimov bildirib ki, “Balıqçılıq haqqında” qanun hələ 1998-ci ildə Milli Məclis tərəfindən qəbul olunub. Onun fikrincə, müasir dövrün tələbləri baxımından sənədə təklif olunan dəyişikliklər zəruridir. Əsas məqsəd bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi və beynəlxalq standartlara uyğunlaşdırılmasıdır.
«Ona görə də, həmin sənədə bir sıra dəyişikliklərin edilməsi təklif olunur. Bu qanun Azərbaycanda balıqçılığın, o cümlədən akvakulturanın təşkilinin, idarə edilməsinin, balıq və digər su bioresurslarının artırılması, istifadəsi və mühafizəsinin hüquqi əsaslarını müəyyən edir. Layihəyə görə, bələdiyyə mülkiyyətində olan balıqçılıq obyektlərindəki balıq və digər su bioresursları bələdiyyə mülkiyyətindədir. Akvakultura təsərrüfatının yerləşdiyi belə sahələrdə əldə olunan məhsul isə onun mülkiyyətçisinə və ya icarəçiyə məxsusdur. Dövlət mülkiyyətində olan balıqçılıq hövzələrində balıq və digər su bioresurslarının süni artırılması, bərpası, mühafizəsi və təsərrüfatın meliorasiyası məsələləri dövlət vəsaiti hesabına maliyyələşdirilir. Sənəddə xüsusi qorunan təbiət əraziləri və balıqartırma təsərrüfatları istisna olmaqla, digər balıqçılıq obyektlərində balıq məhsullarının idman və həvəskar ovu üçün istifadəsinə qanunvericilikdə müəyyən edilmiş qaydada icazə verilməsi də öz əksini tapıb»- deyə, komitə sədri vurğulayıb.