YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Laçın: Qayıdışın, bərpa və quruculuğun rəmzi

Ziyafət Əsgərov

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya  ilə   mübarizə komitəsinin sədri

Laçın şəhərinin tarixi inkişafı Azərbaycanın tarixi və mədəni irsi ilə sıx bağlıdır. 1923-cü ildə Abdallar kəndinin Laçın adlandırılması və şəhər statusu alması bu ərazinin strateji və mədəni əhəmiyyətini daha da artırdı. 1930-cu ildə Laçın rayonu yaradıldı və Laçın şəhəri onun inzibati mərkəzi oldu. Laçın rayonunun coğrafi yerləşməsi onu həm təbii sərvətləri, həm də strateji mövqeyi ilə seçilən bölgələrdən birinə çevirdi. Rayonun ərazisi şimaldan Kəlbəcər, cənubdan Qubadlı, şərqdən Xocalı, Şuşa və Xocavənd rayonları,  qərbdən isə Ermənistanla həmsərhəddir. Bu sərhəd mövqeyi Laçını  qısa müddət ərzində strateji əhəmiyyət daşıyan bölgələrdən birinə çevirdi. 1 şəhər, 1 qəsəbə, 125 kəndə sahib rayonun ümumi sahəsi 1835 kvadrat kilometrdir.

Laçın ölkəmizin erməni işğalına məruz qalan ilk rayonlarından biridir. 1992-ci ilin 18 mayında ölkədə gedən hakimiyyət uğrunda mübarizə , siyasi hərc – mərclik, özbaşınalıq mühitində  Laçın xarici havadarların dəstəyi ilə getdikcə azğınlaşan ermənilər tərəfindən işğal olundu. Əslində qeyd edək ki, məhz Laçının işğalı ölkəmiz üçün yeni faciələrə yol açmış, düşmənin mövqeyini gücləndirmişdir. Çünki həmin dövrdə Laçının işğalının Ermənistan üçün olduqca böyük strateji əhəmiyyəti vardı.  Ermənistanı Qarabağla birləşdirən yollar məhz Laçından keçirdi. Nəticədə, Laçının işğal edilməsi ilə Ermənistan və Qarabağ arasında maneəsiz əlaqə yaranmış, ermənilər yeni canlı qüvvələri və hərbi texnikanı daha rahat şəkildə Azərbaycan ərazisinə soxulmasına və sonrakı işğalçılıq siyasətinin həyata keçirilməsinə imkan qazanmışdır.  

1992-ci il mayın 18-də Laçın rayonu Ermənistan silahlı qüvvələri tərəfindən işğalı bölgə əhalisi üçün böyük bir faciə oldu. İşğal nəticəsində yüzlərlə hərbi və mülki şəxs həlak oldu və minlərlə insan evlərini tərk etmək məcburiyyətində qaldı. Bu dövr ərzində rayonun təhsil müəssisələri, mədəniyyət ocaqları, eləcə də iqtisadi potensialı ciddi şəkildə zərər gördü. Ermənistanın işğal siyasəti təkcə hərbi əməliyyatlarla deyil, həm də ərazinin təbii resurslarının talanı ilə müşayiət olundu.

Cenevrə Konvensiyaları ilə üzərinə düşən öhdəlikləri kobud şəkildə pozan Ermənistanın, əsasən, Suriyadan olmaqla, erməni əsilli qaçqınların  məqsədyönlü şəkildə Azərbaycan torpaqlarında yerləşdirilməsi siyasətinə ən çox məruz qalmış rayonlarımızdan biri də Laçındır. Əlbəttə Ermənistan bu qanunsuz məskunlaşmanı  planlı şəkildə, əhalinin demoqrafik tərkibinin suni surətdə dəyişdirilməsi məqdəsi ilə aparmışdır və bu cür əməllər bütün beynəlxalq konvensiyalarda hərbi cinayət kimi təsbit edilir. Buna baxmayaraq Ermənitan illər boyu bu cinayətləri bütün dünya ictimaiyyətinin gözü qarşısında törətməyə davam etmiş və Azərbaycana qarşı törətmiş olduğu digər beynəlxalq cinayətlər kimi bu cinayətlərdə də cəzasız qalmışdır.

Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə Şanlı Ordumuzun 44 günlük Vətən Müharibəsində qazandığı Möhtəşəm Zəfər  nəticəsində imzalanan üçtərəfli bəyanata əsasən  2020 – ci il 1 dekabr tarixində Laçın rayonu Azərbaycanın nəzarəti altına qayıtması təsdiqləndi. 2022-ci ilin 26 avqust tarixində  Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü və  bu, tarixdə yeni bir səhifə açıldı. Bu, yalnız hərbi uğur deyil, həm də Azərbaycanın tarixi ədalətinin bərpası idi. Müzəffər Ali Baş Komandan hərbçilərimizin qəhrəmalığını ən yüksək səviyyədə qiymətləndirmiş,   onun sərəncamları ilə Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 8418 hərbi qulluqçusu “Laçının azad olunmasına görə” medalı ilə təltif olunmuşdur    

Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir. Sözügedən Sərəncama əsasən 26 avqust Laçın şəhəri günü kimi müəyyənləşdirilmişdir.

Laçının işğaldan azad edilməsi bizim üçün həm də Laçın dəhlizinin Azərbaycanın nəzarətinə keçməsi baxımından olduqca əhəmiyyətli idi. Ermənistan bir qədər əvvəl qeyd etdiyim kimi, qanunsuz olaraq ermənilərin Laçında məskunlaşmdırılması siyasətini həyata keçirməklə bütün dünyaya qəbul etdirməyə çalışırdı ki, Laçın rayonu Ermənistanda qalmalıdır, ya da ən azından bütünlükdə rayon özü  dəhliz kimi onların nəzarətinə verilməlidir. Lakin, Laçın şəhərinə daxil olmadan Laçın dəhlizinə alternativ yolun çəkilməsinə nail olan Azərbaycan Prezidentinin qətiyyəti, diplomatik məharəti göstərdi ki, onların bu röyası da baş tutan deyil.

Laçın bu gün yeni bərpa-inkişaf dövrünü yaşayır. İşğaldan azad olunmuş digər rayonlarımızda olduğu kimi Laçında da cənab Prezident ilk öncə nəqliyyat infrastrukturunun bərpasına böyük əhəmiyyət verir. Rayonda yeni avtomobil yolları, tunellər, keçidlər inşa olunur. 2025-ci ildə Laçında Beynəlxalq Hava Limanının istifadəyə verilməsi planlaşdırılır.  Qorçu kəndi yaxınlığında dəniz səviyyəsindən 1800 metr hündürlükdə inşa edilən hava limanın  uçuş-enmə zolağının uzunluğu 3 min metr, eni isə 60 metr olacaq, burda 6 təyyarə dayanacağının inşası nəzərdə tutulur.  Şübhəsiz ki,  hava limanının inşası bölgənin beynəlxalq statusunu artıracaq, sosial-iqtisadi inkişafına təkan verəcək və turizm potensialının artırılmasına səbəb olacaq.

“Böyük Qayıdış” Dövlət Proqramına uyğun olaraq cənab Prezidentin işğaldan azad olunmuş rayonlarımızın bərpasında xüsusi diqqət ayrıdığı sahələrdən biri də enerji təhlükəsizliyidir.  2021 – ci ildə Laçın rayonunda generasiya gücü 8 meqavat olan Güləbird Su Elektrik Stansiyası işə salınıb. Bu stansiya təxminən 7000 nəfər əhalinin elektrik enerjisi ilə təmin edə biləcək.  Burada istehsal olunan elektrik enerjisi təkcə Laçının yox, qonşu rayonların da  elektrik enerjisi ilə təmin edilməsində mühüm rol oynayacaq. Hoçaz çayı üzərində yerləşən və ermənilər tərəfindən tamamilə dağıdılan  “Ağbulaq”,  “Mişni” və  “Alxaslı” Su Elektrik stansiyaları Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq tam yenidən qurulmuşdur. Hazırda “Merik”  və “Ağbulaq” Su Elektrik stansiyalarında son tamamlama işləri aparılır. “Mişni” və “Alxaslı” Kiçik Su Elektrik stansiyaları 2023-cü il avqustun 25-də, “Zabux” və “Qarıqışlaq” Kiçik Su Elektrik stansiyaları isə 2024-cü il mayın 10-da işə salınıbdır.

Prezident İlham Əliyevin Sərəncamına əsasən tikilən, uzunluğu  75,8 kilometrdir  olan , Kəlbəcər – Laçın avtomobil yolu rayonun yol – nəqliyyat infrastukturu üçün mühüm əhəmiyyət daşıyır.

Hazırda doğma Laçında genişmiqyaslı quruculuq işləri aparılmaqdadır. Belə ki, Laçında   620 – si fərdi  yaşayış binası olmaqla bütövlükdə  700 – dən artıq bina inşa edilmişdir. Laçın rayonunda 510 şagirdin təhsil alması üçün  2 nömrəli tam orta məktəb yerləşir. Həmçinin, Dövlət Başçısının Sərəncamı  ilə Laçın rayonunun, Zabux kəndində 176 şagird üçün nəzərdə tutulan tam orta məktəbinin binasının layihələndirilməsi, təmiri və bərpası işləri aparılır.

Şəhərin bərpası prosesində onun turizm potensialı nəzərə alınaraq, uyğun infrastruktur yaradılır. Belə ki, Laçında 100 otaqlı, 10 kottecdən, kafe və restoranlar, əyləncə və istirahət mərkəzlərindən ibarət mehmanxana kompleksi inşa olunacaq.

    2023 – cü ilin 25 avqust tarixində, adını Laçının əsas rəmzlərindən olan Hoçaz qayalıqlarından götürən,  “Hoçazfilm” yaradıcılıq studiyasının çəkiliş pavilyonunun açılışı olmuşdur. İki inzibati binadan və bir çəkiliş pavilyonundan ibarət olan,  Qarabağın çoxşaxəli nadir yaradıcılıq məkanı layihəsi hesab edilən   bu studiya,  çəkiliş məqsədilə regiona gələn yerli və xarici film istehsalçılarına bölgənin zəngin təbiəti, imkanları ilə bağlı bələdçilik və lokasiya xidmətləri göstərəcək, onları müvafiq avadanlıqla təmin edəcək.

Laçın bərpa və quruculuq işlərində istehsal müəssisələrinin yaradılması əhəmiyyəti rol oynayır.  Belə müəssisələrdən biri də  Laçın rayonun sənaye zonasında yaradılan, illik istehsal gücü 3 min kubmetr olan mebel fabrikidir. Burada Avropa ölkələrinin, Türkiyə və Çinin istehsalı olan avadanlıqlardan, Türkiyə və Rusiyadan alınan xammaldan istifadə olunacaq, ümumilikdə 100 nəfər işlə təmin ediləcək.  Laçın Şəhərində yaradılan Aqro və Sənaye Parkında isə 46 müəssisə fəaliyyət göstərəcək.

Laçında heyvandarlığın inkişafı üçün də böyük imkanlar var. Belə ki, ötən ilin 25 avqust tarixində Qarabağın ilk nərəyetişdirmə təsərrüfatı olan  “Həkəri Balıq Təsərrüfatı” fəaliyyətə başlayıb.

2023 – cü ilin 28 may tarixindən etibarən laçınlıların doğma yurdlarına qayıdışı prosesinə başlanmışdır. Bu zaman Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Laçın şəhərinə qayıdan əhali ilə görüşmüş,  evlərin açarlarını onlara təqdim etmişdir. Cənab Prezident bu zaman çıxışında söyləmişdir: “ Biz öz doğma torpaqlarımızı işğalçılardan azad edəndən sonra mən demişdim ki, Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik. Cənnətin əgər təsviri varsa, bu gün bax, budur. Gözəl təbiət, əzəmətli dağlar, gözəl binalar, evlər – hər şey çox böyük zövqlə yaradılır ki, həm insanlar burada rahat yaşasınlar, həm də Laçın şəhərinin müasir siması Azərbaycanın əldə etdiyi uğurları ilə eyni səviyyədə olsun” .

Böyük Qayıdışı təmin edəcək Dövlət Proqramına əsasən indiyədək Laçın şəhərinə 534 ailənin, yəni 1971 nəfərin daimi məskunlaşması təmin edilib.

Laçın rayonun Zabux və Sus kəndlərində əhalinin köçürülməsi üçün hər bir şərait yaradılır. Belə ki, 245 ailənin köçürülməsi nəzərdə tutulan Zabux kəndində, 50 yerlik uşaq baxçası, inzibati bina inşa edilib.  Evlərin, sosial obyektlərin, küçələrin işıqlandırılmasında yaşıl enerjidən istifadə edilən Zabux kəndində Dövlət Proqramına əsasən indiyədək 217 ailə, 823 nəfərin daimi məskunlaşması təmin edilib.

Tamamilə yenidən tikilərək istifadəyə verilən Sus kəndinə isə, 59 ailə - 214 nəfərin köçürülməsi nəzərdə tutulur.  25 hektar ərazini əhatə edən, 132 yerlik orta məktəb, 50 yerlik uşaq baxçası inşa olunan kəndə 20 ailənin köçürülməsi təmin olunub.

Prezident İlham Əliyev şəxsən Laçına  7  dəfə səfər etmişdir. Bu səfərlərin hər birində yeni avtomobil yollarının, sosial-infrastruktur obyeklərinin təməli qoyulmuşdur.

Laçın şəhərinin azad olunması tarixi ədalətin bərpası olmaqla yanaşı,  Azərbaycan Respublikasının  suverenliyinin və ərazi bütövlüyünün təmin olunması istiqamətində də mühüm addım olmuşdur. Laçın artıq təkcə Azərbaycanın sərhəd şəhəri deyil, həm də ölkənin iqtisadi, mədəni və turizm potensialının yeni simvoluna çevrilən,inkişaf etməkdə olan, gələcəyi böyük uğurlar vəd edən əhəmiyyətli bir bölgəmizdir.

Şübhəsiz ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə gələcək illərdə Laçın  daha da inkişaf edəcək, Azərbaycanın ən gözəl guşələrindən birinə çevriləcək və ölkəmizin gələcək inkişafında öz sözünü deyəcək, qürur   simvolarımızdan biri olacaqdır.

DİGƏR Xəbərlər Arxiv