Xəbərlər
Mehriban Əliyeva - Azərbaycan humanizminin simvolu
Bu gün doğum gününü qeyd edən Mehriban xanımın ömür yolu Vətənə və xalqa xidmət nümunəsidir
Vətən və xalq naminə fədakarlıq, müasir Azərbaycanın inkişafında, sosial məsələlərin həllində fəallıq, milli-mənəvi dəyərlərə sadiqlik, sərhəd tanımayan xeyirxahlıq, mərhəmət və şəfqət Azərbaycanın birinci xanımı, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın həyat fəlsəfəsinin əsas qayəsini təşkil edir. Prezident İlham Əliyevin ömür-gün yoldaşı və ən yaxın silahdaşı olan Mehriban Əliyeva ölkəmizin hərtərəfli tərəqqisi istiqamətində görülən işlərə sanballı töhfələr verir.
Mehriban xanım ictimai-siyasi həyatda, dönməz xarakter alan islahatlar prosesində fəal iştirakı, milli mədəniyyətimizin dünyada tanıdılması istiqamətində yorulmaz fəaliyyəti, vətənpərvərliyi və xeyirxahlığı ilə milyonların sevimlisinə çevrilib. Haqlı olaraq onu Azərbaycan humanizminin simvolu adlandırırlar. Şəhid ailələrinə, qazilərə xüsusi diqqət, valideyn himayəsindən məhrum olmuş uşaqlara göstərdiyi analıq qayğısı bunun bariz nümunələridir. Vətən müharibəsi zamanı ordumuza verdiyi mənəvi dəstək, milli həmrəyliyə xidmət edən çağırışları daim minnətdarlıq duyğuları ilə xatırlanır. Xalqımızın sosial rifahına hesablanan bir çox layihələrin müəllifi olan Mehriban Əliyeva birinci xanım adını şərəflə daşıyır, dünyaya müasir Azərbaycan qadınının qürur doğuran obrazını təqdim edir.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın ictimai-siyasi fəaliyyətinin əsas məqamlarına nəzər salaq.
Azərbaycan xalqının böyük sevgisini qazanmış Mehriban xanım Müzəffər Ali Baş Komandan İlham Əliyevin ən yaxın silahdaşı kimi bu gün onunla çiyin-çiyinə Qarabağın, Şərqi Zəngəzurun dirçəldilməsində öncüllük edir. Onun Vətən və xalq qarşısında daha bir önəmli xidməti Ulu Öndərin ideyalarının həyata keçirilməsi sahəsində göstərdiyi aramsız səylər və çoxsaylı layihələrdir. Sərhəd tanımayan xeyirxahlığı, nəcibliyi birinci xanım Mehriban Əliyevaya təkcə Azərbaycanda deyil, yaxın və uzaq xaricdə tükənməz məhəbbət qazandırıb. O, həmçinin Azərbaycanda təhsilin, mədəniyyətin, səhiyyənin inkişafı, milli maraqların beynəlxalq aləmdə müdafiəsi, o cümlədən sivilizasiyalararası və mədəniyyətlərarası dialoqun təşviqi istiqamətində yorulmadan çalışır.
Birinci xanım Mehriban Əliyevanın rəhbərliyi ilə 2004-cü ildən fəaliyyətə başlayan Heydər Əliyev Fondu Ümummilli Liderin ideyalarının reallaşdırılmasında, bu dahi insanın zəngin dövlətçilik irsinin bütün dünyada tanıdılması istiqamətində əvəzsiz xidmətlər göstərir. Xalqımızın xeyriyyəçilik ənənələrinin dirçəldilərək daha geniş miqyas alması bilavasitə Heydər Əliyev Fondunun prezidentinin göstərdiyi şəxsi nümunə nəticəsində mümkün olub. Fond Azərbaycan Respublikasının beynəlxalq nüfuzunun artırılması istiqamətində də fəal iştirak edib və edir.
Mehriban xanım, həmçinin beynəlxalq sülh, təhlükəsizlik, mədəniyyətlərarası və dinlərarası dialoq mühitinin formalaşması və möhkəmlənməsi, tarixi mədəni irsin qorunması kimi olduqca vacib məsələlərin həllinə böyük töhfələr verir. Artıq 20 ildir ki, Azərbaycan tarixini və mədəni irsini, ölkəmizlə bağlı həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq üçün yorulmadan fəaliyyət göstərir. Onun səylərinin nəticəsi olaraq İçərişəhər, o cümlədən Şirvanşahlar Sarayı və Qız qalası, Qobustan qayaüstü rəsmləri, Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi, “Xınalıq və Köç yolu mədəni landşaftı”, eyni zamanda, Hirkan meşələri UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib. Həmçinin muğam və aşıq sənətimiz, “Kamança simli musiqi alətinin hazırlanması və ifaçılıq sənəti”, “Dədə Qorqud irsi”, Azərbaycan kəlağayı sənəti Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahıya salınıb. Eyni zamanda, Azərbaycan 2019-cu ilin iyulunda UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasına uğurla ev sahibliyi edib.
2017-ci il fevralın 21-də Mehriban Əliyevanın Birinci vitse-prezident vəzifəsinə təyin edilməsi onun Azərbaycan dövlətçiliyinin inkişafı və möhkəmləndirilməsi naminə zəngin və fədakar fəaliyyətinin, habelə yüksək təşkilatçılıq qabiliyyətinin məntiqi nəticəsi kimi qiymətləndirilir. Mehriban xanımın o vaxt dediyi sözlər yada düşür: “Üzərimə düşən məsuliyyət olduqca böyükdür. Mən Prezidentin etimadını doğrultmalıyam və ən başlıcası isə inamı, ümidi olan insanların etimadını doğrultmalıyam”.
Azərbaycanın iqtisadi inkişafı və xalqımızın rifahı naminə milli məqsədlərə nail olmaqla bağlı üzərinə nəcib missiya və öhdəliklər götürən Birinci vitse-prezident Mehriban Əliyeva ötən müddət ərzində bu yüksək və məsul vəzifədə gördüyü işlərlə dövlətimizin başçısının və xalqımızın etimadını layiqincə doğruldur. Gündəlik fəaliyyətində insansevərlik, mərhəmət, qarşılıqlı hörmət, mehribanlıq meyarlarını əsas götürür, fəaliyyətini məhz bu prinsiplər üzərində qurur, milli-mənəvi dəyərləri daim uca tutur. Onun ömür yolu, sözün əsl mənasında, Vətənə və xalqa xidmət nümunəsidir.
Mehriban Əliyevanın fəaliyyətində əhalinin həssas təbəqələrinin, o cümlədən məcburi köçkünlərin, şəhid ailələrinin, qazilərin problemlərinin həlli xüsusi yer tutur. Təsadüfi deyil ki, yeni yüksək vəzifədə keçirdiyi ilk müşavirəni qaçqın və məcburi köçkün ailələrinin həyat şəraitinin yaxşılaşdırılmasına həsr etmişdi. Həmin müşavirədən dərhal sonra müvafiq tədbirlər planı hazırlandı və real işlər başlandı. Qısa müddətdə yüz minlərlə qaçqın və məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırıldı.
Heydər Əliyev Fondu Vətən müharibəsi zamanı şəhid olan hərbçilərin ailələrini və qazilərimizi də daim diqqətdə saxlayır, onların qayğısına qalır. Fond bu kateqoriyadan olan insanların qayğıları ilə yaxından maraqlanır, onları narahat edən məsələlərin həlli istiqamətində mütəmadi tədbirlər həyata keçirir. Döyüşlərdə yaralanan hərbçilərimiz müalicə və reabilitasiya üçün Türkiyəyə göndərilib, həmçinin sağlamlıqlarını itirmiş bir qrup əsgər və zabit yüksək texnologiyalı protezlərlə təmin edilib.
Torpaqlarımızın azad olunması uğrunda mübarizəyə siyasi-mənəvi dəstək, xalqımızı milli həmrəyliyə səsləyən, şanlı Ordumuzu Qələbəyə ruhlandıran müraciət və çağırışlar, müharıbədən sonra isə dövlətimizin başçısı ilə birlikdə Qarabağa çoxsaylı səfərlər, Şuşada möhtəşəm “Xarıbülbül” Musiqi Festivalının təşkili birinci xanımın xidmətləri sırasında xüsusi yer tutur. Eyni zamanda, Mehriban xanımın təşəbbüsü olan “Uşaq evləri və internat məktəblərinin inkişafı”, “Yeniləşən Azərbaycana yeni məktəb”, “Təhsilə dəstək”, “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” və digər proqramlar təhsilin inkişafında mühüm rol oynayır. 2005-ci ildən icrasına başlanılan “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı çərçivəsində 100 mindən çox şagirdin təhsil aldığı 500-dən çox məktəb binası inşa olunub və yenidən qurulub. “Uşaq evləri və internat məktəblərinin inkişafı” proqramı çərçivəsində isə 40-dan çox uşaq müəssisəsi əsaslı təmir edilib.
Əhalinin sağlamlığı məsələsi də Mehriban Əliyevanın daim xüsusi diqqət göstərdiyi sahələrdəndir. Onun təşəbbüsü ilə reallaşdırılan “Diabetli uşaqlara ən yüksək qayğı”, “Talassemiyasız həyat naminə”, “Tibb müəssisələrinin yenidən qurulması və inşası” kimi bənzərsiz layihələr, bir çox xeyriyyə aksiyaları böyük rəğbətlə qarşılanır, öz müsbət nəticələrini verir. Bu çərçivədə Bakıda müasir Talassemiya Mərkəzi, Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzi, Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün reabilitasiya Mərkəzi, Psixonevroloji Uşaq Mərkəzi və digər səhiyyə ocaqları inşa olunub və ya əsaslı şəkildə yenidən qurulub.
Azərbaycanın birinci xanımının tapşırığına əsasən aztəminatlı ailələri və xüsusi qayğıya ehtiyacı olan şəxsləri daim diqqətdə saxlayan Heydər Əliyev Fondu bu istiqamətdə də mütəmadi olaraq müxtəlif layihələr həyata keçirir. Mehriban xanım Əliyeva özünün xeyriyyəçilik fəaliyyəti ilə gələcək nəsillərə nəcib bir yolun əsas konturlarını göstərir. Artıq ictimai həyatımızda xüsusi yer tutan xeyriyyəçilik institutu müasir dövrün reallıqları və tələblərinə uyğun olaraq inkişaf etməkdə və genişlənməkdədir.
Azərbaycan həqiqətlərinin, mədəniyyətimizin, dövlətçilik ənənələrimizin, tariximizin dünyada təbliği sahəsində Mehriban xanımın təşəbbüsü ilə məqsədyönlü iş aparılır. 2020-ci ilin sentyabrında başlayan Vətən müharibəsinin gedişində Azərbaycanın haqlı mövqeyinin nümayişi, beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozan düşmənin dinc sakinləri hədəf alan hücumlarının beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində əməli addımlar atılıb. Mötəbər beynəlxalq qurumlarda, dünyanın müxtəlif ölkələrində sərgilər, mədəniyyət gecələri və digər tədbirlər təşkil olunub. Avropa Parlamentinin mənzil-iqamətgahında, Afinada, Kannda Azərbaycan mədəniyyəti günləri keçirilib, Parisdə Azərbaycan Mədəniyyət Mərkəzi açılıb, dünyanın müxtəlif şəhərlərində görkəmli şəxsiyyətlərimizin abidələri ucaldılıb.
Azərbaycanın böyük uğurla ev sahibliyi etdiyi “Eurovision” beynəlxalq mahnı müsabiqəsi, Formula 1, Birinci Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları Mehriban Əliyevanın yüksək təşkilatçılıq bacarığına malik olduğunu üzə çıxardı. Respublikamızda bu mötəbər beynəlxalq tədbirlərin möhtəşəm təşkili hətta inkişaf etmiş ölkələri heyran qoydu. Təsadüfi deyil ki, Mehriban xanım idman aləmində və “Ədalətli oyunlar”ın təbliğində nümunəvi nailiyyətlərinə görə Beynəlxalq Ədalətli Oyunlar Komitəsinin “Xüsusi xidmətlərə görə” medalına layiq görülüb.
Birinci xanımın çoxşaxəli fəaliyyəti təkcə Azərbaycanla məhdudlaşmır, ölkəmizin hüdudlarını aşaraq yaxın və uzaq xaricdə geniş əks-səda doğurur. Onun təşəbbüsü ilə Heydər Əliyev Fondu Vatikanda, Fransa, Pakistan, Bosniya və Herseqovina, Misir, Hindistan və digər ölkələrdə bir sıra önəmli layihələr icra edib.
Mehriban Əliyevanın xoşməramlı fəaliyyəti həm Azərbaycanda, həm də beynəlxalq miqyasda yüksək qiymətləndirilir. Azərbaycanın ən ali dövlət mükafatı olan “Heydər Əliyev” ordeni, eləcə də “Qızıl ürək” beynəlxalq mükafatı, Avropa Olimpiya Komitələrinin Ali ordeni, Fransanın “Şərəf Legionu” ordeni, İtaliyanın “Xidmətlərə görə” Böyük Xaç Kavaleri ordeni, Polşanın “Böyük Komandor Xaçı” ordeni, Rusiyanın “Dostluq” ordeni, UNESCO-nun “Qızıl Motsart” medalı... Bu, Azərbaycanın Birinci vitse-prezidentinin layiq görüldüyü mükafatların heç də tam siyahısı deyil. Mehriban Əliyeva hesab edir ki, ən böyük mükafatı xalqın ona olan sevgisi, inamı və etimadıdır. Onun dediyi kimi, “illər ötdükcə, qarşımıza yeni ideya və planlar çıxdıqca, məqsədlərimiz xaraktercə dəyişir, amma əsas amalımız - Azərbaycan xalqına xidmət etmək amalı dəyişməz olaraq qalır və qalacaqdır”.
Mehriban xanım xalqın sevgisi, etimadı ilə öz ömür kitabını yazmaqda davam edir, onu ildən-ilə yeni parlaq və mənalı səhifələrlə zənginləşdirir.