Gündəm
Əli Əhmədov: Milli mənafelər Azərbaycanın təmsil olunmadığı qurumun qəbul etdiyi qərəzli qətnamədən daha əhəmiyyətlidir
“Avropa Parlamentində Azərbaycan ilə bağlı qəbul edilmiş qətnaməni qərəzli, ədalətsiz və yersiz hesab edirəm. İnsanda belə bir təəssürat yaranır ki, Avropanın bu mötəbər qurumu sanki, anti-Azərbaycan xəstəliyinə tutulub. Azərbaycanın postsovet məkanının, eləcə də Avropanın özünün ən uğurlu dövlətlərindən biri olduğunu sözügedən qətnamənin qəbul olunmasına səs vermiş parlament üzvləri yaxşı bilirlər. Onların çoxu ayrı – ayrı vaxtlarda Bakıda olmuş, Azərbaycanın qısa zaman kəsiyində nə qədər sürətlə inkişaf etməsindən, yeniləşməsindən və iqtisadi cəhətdən güclənməsindən heyrətə gəldiklərini dilə gətirmişlər.”
Bu fikirləri Azərbaycan Respublikası Baş nazirinin müavini, YAP-ın sədr müavini-icra katibi Əli Əhmədov Avropa Parlamentinin Azərbaycanla bağlı qəbul etdiyi qətnaməni AZƏRTAC-a şərh edərkən bildirib.
Azərbaycan vətəndaşlarının Avropa Parlamentinin anti - Azərbaycan mövqeyindən dərindən təəssüfləndiyini bildirən Əli Əhmədov deyib: “Bu, insanlarımızın Avropa dəyərlərinə inamını sarsıdır. Onsuz da Avropa dəyərləri çətin anlarını yaşayır, aşınır. Avropanın da yaxından iştirakı ilə həyata keçirilən Orta Şərq siyasətinin qurbanları olan qaçqınlara, uşaq və qadınlara sərgilənən münasibət bunun əyani misalıdır. Avropanın Avropa Parlamentində müzakirəyə çıxarılmalı olan kifayət qədər ciddi problemləri var”.
YAP-ın sədr müavini vurğulayıb ki, Azərbaycan rəhbərliyinin həyata keçirdiyi siyasətin kökündə dövlətin və xalqın mənafeyi dayanır. Milli mənafelər Azərbaycanın təmsil olunmadığı qurumun qəbul etdiyi qərəzli, ədalətsiz qətnamədən daha vacib və daha əhəmiyyətlidir.