Xəbərlər
Əlaqələrimiz daha yüksək mərhələyə qədəm qoyub
Kamilə Əliyeva
Milli Məclisin deputatı, professor
Prezident İlham Əliyev hər zaman qonşu dövlətlərlə dostluq əlaqələrinin qurulmasına böyük önəm verir. Ermənistan istisna olmaqla bu gün Azərbaycanın bütün qonşu dövlətlərlə sıx iqtisadi-siyası əlaqələri mövcuddur. Azərbaycan ilə Rusiya Federasiyası arasında da münasibətlər hər il genişlənməkdədir. Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin 19 avqust tarixində Azərbaycana səfər etməsi dövlətlərarası münasibətlərin həm siyasi, həm də iqtisadi cəhətdən yüksək səviyyədə olmasına sübutdur və iki dövlət arasında dostluq və müttəfiqlik münasibətlərinə böyük töhfə verəcək.
Prezident İlham Əliyev Rusiya Federasiyasının Prezidentinin Azərbaycana rəsmi səfəri ilə əlaqədar mətbuata bəyanatla çıxışında Azərbaycanla Rusiya arasında iqtisadi, siyasi, elm, təhsil, humanitar sahələrdə sıx əlaqələrin mövcud olduğunu və bu münasibətlərin daha da dərinləşdirilməsinə hər iki dövlətin böyük maraq göstərdiyini vurğuladı.
2022-ci ilin fevralında Azərbaycan və Rusiya Federasiyası arasında qarşılıqlı müttəfiqlik haqqında Bəyannamə imzalanmışdır. Hər iki dövlət tərəfindən Bəyannamənin müddəaları uğurla həyata keçirilir. Humanitar və təhsil sahəsində də münasibətlər yüksək səviyyədədir. Azərbaycanda hər zaman rus dilinə böyük maraq var. Ölkəmizdə rus dilində təhsil aparılan 324 məktəb var ki, bu məktəblərdə 160 mindən çox şagird təhsil alır. Azərbaycanda 26 ali təhsil müəssisəsində 15 mindən çox tələbə rus bölmələrində təhsil alır.
M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin və İ.M.Seçenov adına Tibb Universitetinin filialları fəaliyyət göstərir.
Azərbaycan torpaqlarını işğaldan azad edərək suverenliyini və ərazi bütövlüyünü bərpa etməklə regionda yeni reallıqlar yaratdı. Cənubi Qafqaz regionunda sabitlik və təhlükəsizliyin dayanıqlı olması Azərbaycanla Rusiya arasında sıx qonşuluq fəaliyyətindən çox asılıdır.
Region dövlətləri ilə yanaşı digər dövlətlərin də iqtisadi inkişafında Şimal-Cənub nəqliyyat dəhlizinin genişləndirilməsi çox vacibdir. Azərbaycan dəhlizin yükdaşıma həcminin artırılması üçün böyük nəqliyyat infrastrukturu yaradıb və inkişaf etdirir.
Energetika sahəsində də Azərbaycanla Rusiya arasında sıx əməkdaşlıq əlaqələri mövcuddur. Neft-qaz sektorunda, eləcə də elektrik enerjisi sahəsində birgə fəaliyyətlər davam etdirilir. COP-29-un Azərbaycanda keçirilməsi Rusiya tərəfindən dəstəklənmişdir. Rusiya Federasiyasının Prezidentinin Azərbaycana səfəri çərçivəsində iki dövlət arasında imzalanmış sənədlər əlaqələrimizin daha yüksək mərhələyə qədəm qoymasından xəbər verir.