Xəbərlər
Azərbaycan-Latviya: qarşılıqlı faydalı əməkdaşlıq və strateji tərəfdaşlığın perspektivləri
Nurlan Həsənov
Milli Məclisin deputatı
Aprelin 22-də Bakıda Azərbaycan Prezidenti İlham Əliyev və Latviya Prezidenti Edqars Rinkeviçs arasında keçirilən yüksək səviyyəli görüşlər, eləcə də mətbuata verilən bəyanatlar dövlətlərarası münasibətlərin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu nümayiş etdirir. Səfər çərçivəsində aparılan müzakirələr, səsləndirilən fikirlər və imzalanan sənədlər qarşılıqlı əməkdaşlığın daha da genişlənməsi üçün möhkəm və davamlı zəmin formalaşdırır. Bu görüşlər gələcək inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır və tərəfdaşlığın perspektivlərinə dair aydın yol xəritəsi təqdim edir.
Xüsusilə doqquz il əvvəl imzalanmış Strateji Tərəfdaşlıq haqqında Bəyannamə bu əlaqələrin hüquqi bazasını möhkəmləndirərək müxtəlif sahələr üzrə əməkdaşlığın ardıcıl və sistemli inkişafına təkan verib. Bu sənədin əhəmiyyəti ondadır ki, tərəflər arasında münasibətləri yalnız siyasi səviyyədə deyil, iqtisadi, humanitar və digər istiqamətlərdə də koordinasiyalı şəkildə inkişaf etdirməyə imkan yaradır.
Görüşlər zamanı həm təkbətək, həm də geniş tərkibdə aparılan müzakirələr ikitərəfli gündəliyin bütün əsas istiqamətlərini əhatə edib. Bu müzakirələr çərçivəsində beynəlxalq əhəmiyyətli məsələlər, regional proseslər və qlobal çağırışlar ətrafında ətraflı fikir mübadiləsi aparılıb. Belə geniş və dərin dialoq dövlətlər arasında qarşılıqlı etimadın yüksək səviyyədə olduğunu göstərməklə yanaşı, siyasi iradənin möhkəmliyini və əməkdaşlığın davamlı inkişafına yönəldiyini təsdiqləyir.
Səfərin əsas istiqamətlərindən biri iqtisadi əməkdaşlığın genişləndirilməsi olub və bu sahədə konkret nəticələr əldə etmək üçün mühüm addımlar atılıb. Bakıda keçirilən biznes-forum işgüzar dairələrin bir araya gəlməsi, yeni tərəfdaşlıqların qurulması və mövcud əlaqələrin genişləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Forum çərçivəsində sərmayə imkanları, birgə istehsal layihələri və qarşılıqlı ticarətin artırılması yolları geniş müzakirə olunub. Dövlətimizin başçısının qeyd etdiyi kimi, bu gün keçiriləcək biznes-forum işgüzar əlaqələrin qurulmasında, qarşılıqlı sərmayələr üçün imkanların tapılmasında, birgə istehsalın və bir sıra digər işlərin qurulmasında çox böyük potensialın növbəti təzahürüdür. Bu baxımdan, plan və proqramlar barədə müntəzəm məlumat mübadiləsinin aparılması, biznes subyektlərinin daha geniş informasiya resurslarına çıxışının təmin edilməsi xüsusi əhəmiyyət daşıyır. Bu yanaşma şirkətlərə öz fəaliyyətlərini daha dəqiq planlaşdırmaq, yeni bazarlara çıxış əldə etmək və riskləri minimuma endirmək imkanı yaradır. Əsas məqsəd isə qarşılıqlı ticarət dövriyyəsini artırmaq, onu mövcud səviyyədən daha yüksək mərhələyə çatdırmaq və iqtisadi əməkdaşlığı daha praktik nəticələrə yönəltməkdir.
Birgə Hökumətlərarası Komissiyanın Qarabağda, Şuşa şəhərində keçirilən iclası əməkdaşlığın regional müstəvidə də genişləndirildiyini nümayiş etdirir. Bu fakt yalnız iqtisadi deyil, həm də siyasi və humanitar sahələrdə əlaqələrin dərinləşdirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Eyni zamanda, birbaşa uçuşların təşkili məsələsinin gündəmə gətirilməsi nəqliyyat və logistika sahəsində yeni imkanların yaranmasına zəmin yaradır. Bu təşəbbüs turizm axınının artmasına, biznes əlaqələrinin intensivləşməsinə və ümumilikdə iki xalq arasında təmasların genişlənməsinə müsbət təsir göstərcəkdir.
İnsanlar arasında təmasların gücləndirilməsi əməkdaşlığın mühüm istiqamətlərindən biri kimi xüsusi diqqət mərkəzində saxlanılır. Latviyada 450-dən artıq azərbaycanlı tələbənin təhsil alması humanitar əlaqələrin inkişaf etdiyini göstərən əsas göstəricilərdən biridir. Bu fakt həm də təhsil sahəsində əməkdaşlığın real nəticələr verdiyini və gələcəkdə daha geniş miqyas alacağını göstərir. Təhsil və mədəniyyət sahəsində əlaqələrin genişlənməsi iki xalq arasında qarşılıqlı anlaşmanın möhkəmlənməsinə, yeni nəsil əlaqələrin formalaşmasına və uzunmüddətli əməkdaşlığın təmin olunmasına xidmət edir.
Görüş zamanı regional təhlükəsizlik məsələləri də geniş şəkildə müzakirə olunub və bu sahədə fikir mübadiləsi aparılıb. Cənubi Qafqaz və Baltik regionlarında baş verən proseslər, eləcə də beynəlxalq münasibətlər sistemində müşahidə olunan dəyişikliklər diqqət mərkəzində olub. Bu müzakirələr tərəflərin yalnız ikitərəfli deyil, həm də qlobal təhlükəsizlik məsələlərinə həssas yanaşdığını və bu sahədə əməkdaşlıq imkanlarını nəzərdən keçirdiyini göstərir.
Münasibətlərin inkişafında liderlər arasında formalaşmış şəxsi münasibətlər də mühüm rol oynayır. Uzun illərə söykənən qarşılıqlı tanışlıq, etimad və dostluq münasibətləri siyasi dialoqu daha da səmərəli edir və qəbul edilən qərarların həyata keçirilməsini asanlaşdırır.
Bakıda keçirilən görüşlər və imzalanan sənədlər göstərir ki, iki dövlət arasında münasibətlər artıq möhkəm təməl üzərində qurulub və yeni mərhələdə daha geniş miqyas almaqdadır. Siyasi dialoq, iqtisadi əməkdaşlıq, humanitar əlaqələr və regional təhlükəsizlik sahələrində əldə olunan razılaşmalar yaxın gələcəkdə konkret və praktiki nəticələrin əldə olunacağını deməyə əsas verir. Bu səfər həm də gələcəyə hesablanmış strateji baxışların ifadəsi kimi çıxış edir və tərəfdaşlığın davamlı inkişafına yönəlmiş siyasi iradənin bariz nümunəsidir.
