Xəbərlər
BRİCS Azərbaycanı seçir
Əli Hüseynli
Milli Məclisin deputatı
Prezident İlham Əliyevin rəhbərliyi ilə reallaşdırılan praqmatik siyasi doktrina son illər Azərbaycana tarixi nailiyyətlər, hərtərəfli iqtisadi uğurlar qazandırmış, respublikamızı regionda güc mərkəzlərindən birinə çevirmişdir. Balanslaşdırılmış və çoxvektorlu xarici siyasət kursu ilə regional və qlobal təhlükəsizliyə mühüm töhfələr verən, dünya siyasətində etibarlı tərəfdaş kimi tanınan Azərbaycan beynəlxalq təşkilatlarda da uğurla təmsil olunur. BMT, Avropa İttifaqı, NATO, İƏT kimi dünya siyasətində söz sahibi olan təşkilatlarda respublikamızla əməkdaşlıq strateji prioritet kimi müəyyənləşdirilir.
Məhz bunun sayəsində, xüsusilə 44 günlük Vətən müharibəsi nəticəsində ərazi bütövlüyümüzü və ötən ilin sentyabrında Qarabağ da daxil olmaqla bütün ölkə ərazisində suverenliyimizi tam şəkildə bərpa etdikdən sonra bütün beynəlxalq təşkilatlar, çox sayda nüfuzlu dövlətlər qalib dövlətimizə ciddi maraq göstərir, tərəfdaşlıq etmək istəklərini ortaya qoyurlar.
Bu gün isə Azərbaycanın beynəlxalq aləmə inteqrasiyasında növbəti ünvan BRICS-dir. Məlum olduğu kimi, ölkəmiz rəsmi olaraq bu kluba qoşulmaq üçün müraciət edib. Xatırladaq ki, 2006-cı ildə yaradılan BRICS Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika Respublikası (CAR), Misir, Efiopiya, İran və Birləşmiş Ərəb Əmirliklərini özündə birləşdirən hökumətlərarası təşkilatdır. Çoxtərəfli siyasətləri koordinasiya edən vahid geosiyasi blok olaraq onun əsas məqsədi üzv dövlətlər arasında diplomatik, təhlükəsizlik və iqtisadi əməkdaşlığı inkişaf etdirməkdir.
Xatırladaq ki, iyulun 3-də Şanxay Əməkdaşlıq Təşkilatının Astanada keçirilən Zirvə toplantısı çərçivəsində “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə”nin 4.5-ci bəndində Azərbaycan tərəfinin BRICS-ə daxil olmaq arzusu ifadə edilib və Çin tərəfindən BRICS əməkdaşlığında Azərbaycanın iştirakı alqışlanıb. Bu məsələ Azərbaycan Respublikasında dövlət səfərində olan Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin avqustun 19-da mətbuata bəyanatında da öz ifadəsini tapıb və üzv dövlətlərin liderlərinin bu il oktyabrın 22-24-də Tatarıstan Respublikasının paytaxtı Kazanda keçiriləcək sammitinin gündəliyinə salınması nəzərdə tutulub.
Azərbaycanın BRİCS-ə üzv olmaq niyyəti ölkənin gələcək inkişaf perspektivlərinə hesablanmış ciddi arqumentlərə əsaslanır və onun bu təşkilata daxil olması üçün müraciətin tamamilə praqmatik səbəbləri var. Belə ki, bu təşkilat dünya iqtisadiyyatında yüksələn güclərin birliyini təmsil edir və qlobal güc balansında mühüm rol oynayır. Qurumun qlobal miqyasda tutduğu yer yalnız iqtisadi göstəricilərinə deyil, həm də siyasi və strateji əhəmiyyətinə görə böyükdür. BRİCS-in təsir gücü inkişaf etməkdə olan ölkələr arasında əməkdaşlıq və iqtisadi böyümə üçün alternativ bir platforma yaratmaq məqsədindən qaynaqlanır. Təşkilat üzvləri xüsusilə qlobal qərarların qəbul edilməsində daha böyük rol oynamaq və beynəlxalq arenada ədalətli güc balansının təmin edilməsini təşviq etmək məqsədini daşıyır.
BRİCS-ə üzv ölkələr dünya iqtisadiyyatının mühüm aktorlarıdır. Onların arasında qarşılıqlı ticarət və iqtisadi əlaqələr qlobal ticarət dövriyyəsinə əhəmiyyətli təsir göstərir. Bu ölkələrin iqtisadiyyatı inkişaf etməkdə olan bazarların potensialını nümayiş etdirir və bu, qlobal iqtisadi dinamikanın dəyişməsində vacib amil kimi çıxış edir. BRICS həmçinin beynəlxalq məsələlərdə birgə mövqelərini ifadə etmək və qlobal problemlərə həll yolları təklif etmək üçün vacib platformadır.
Bu baxımdan Azərbaycanın BRİCS-ə qoşulması ölkə iqtisadiyyatına əhəmiyyətli üstünlüklər gətirə bilər. Təşkilata üzvlüyün əsas aspektlərindən biri Azərbaycan malları üçün satış bazarlarının genişləndirilməsi imkanıdır. Rusiya, Çin, Hindistan və Braziliya kimi böyük iqtisadiyyatları olan BRİCS ölkələri xüsusilə enerji, kənd təsərrüfatı və emal sahələrində Azərbaycanın ixracına kömək edə bilər. Eyni zamanda, bu qurum dünya ÜDM – nin həcmi baxımından ən böyük paya sahib olan və son onilliklərdə ən böyük iqtisadi artım göstərən ölkələr birliyidir. Lakin məsələ təkcə həcmdə deyil, həm də inkişaf dinamikasındadır və bütün bunlar nəzərə alınmalıdır. Müqayisə üçün deyək ki, 20 il əvvəl ABŞ, Böyük Britaniya, Almaniya, İtaliya, Kanada, Fransa, Yaponiya kimi nəhəng dövlətlərin birləşdiyi birləşdirən qeyri-rəsmi beynəlxalq klub G7 (“böyük yeddilik”) dünyanın ümumi məhsulunun təxminən 45 faizinə malik idisə, indi bu rəqəm 25 faiz səviyyəsinə düşüb. BRİCS isə, əksinə, təsis olunduğu 2006-cı ildən keçən dövr ərzində 17-18 faizdən 35-37-faizədək ciddi bir sıçrayışa nail olub. Yəni, bu gün o, dünya iqtisadiyyatında çəki baxımından ən ağır beynəlxalq klubudur.
Bu fonda Azərbaycan özünün unikal strateji mövqeyi sayəsində BRİCS ölkələrini infrastrukturun, nəqliyyat dəhlizlərinin və logistika mərkəzlərinin inkişafına cəlb edə bilər ki, bu da iqtisadi artımı gücləndirəcək. Münasibətlərin əsas prinsipləri başqalarının daxili işlərinə müdaxilə etməmək, bərabərlik, çoxqütblülük və qarşılıqlı faydadır.
Ona görə də Afrikadan keçməklə Cənubi Amerkadan Şərqi Asiyaya qədər uzanan böyük bir coğrafiyanı əhatə edən bu təşkilata üzv olmaq üçün müraciət edən ölkələrin sayı ilbəil artaraq indi 59-a çatmışdır. BRİCS ölkələri isə bu gün məhz Azərbaycanı seçir.
Beləliklə, Azərbaycanın BRİCS-ə daxil olması iqtisadiyyatın şaxələndirilməsi, beynəlxalq mövqelərin möhkəmləndirilməsi və xalqın rifahının yüksəldilməsi yolunda mühüm addım ola bilər. Bu addımın iqtisadi üstünlükləri mümkün riskləri xeyli üstələyə və onu dünya iqtisadiyyatında qlobal transformasiya şəraitində Azərbaycan üçün perspektivli seçim edə bilər.