Xəbərlər
Əlaqələrin inkişafı üçün möhkəm hüquqi baza mövcuddur
Fəqət Şadlinskaya
YAP Bərdə rayon təşkilatının sədri
Rusiya Prezidenti Vladimir Putinin bu günlərdə Azərbaycana dövlət səfəri ölkə və dünya mətbuatında geniş müzakirə edilir. Hər bir səfər əlaqələrin inkişafında yeni mərhələnin başlanğıcıdır. Cənab İlham Əliyevin “Səfər xüsusi xarakter daşıyır. Bizim ən yüksək səviyyədə görüşlərimiz müntəzəm xarakter daşıyır. Bu il iki dəfə - bir dəfə Moskvada, bir dəfə isə beynəlxalq tədbir çərçivəsində görüşmüşük. Amma, əlbəttə ki, dövlət səfərinin formatı və xarakteri xüsusi əhəmiyyətə malikdir, belə demək mümkünsə, həm də dövlətlərarası münasibətlərin yüksək səviyyəsindən xəbər verir. Bu gün qəbul edilən sənədlər, ilk növbədə, prezidentlərin Birgə Bəyanatı daxil olmaqla, münasibətlərimizin dostluq və müttəfiqlik xarakterini bir daha təsdiqləyir. 2022-ci ilin fevralında imzalanmış qarşılıqlı müttəfiqlik fəaliyyəti haqqında Bəyannamənin müddəaları uğurla həyata keçirilir. Ölkələrimiz müttəfiqlər, dostlar, yaxın tərəfdaşlar və qonşular kimi fəaliyyət göstərir” fikirlərinin davamı olaraq Rusiya Prezidenti Vladimir Putin bildirdi ki, qonaqpərvər Azərbaycan torpağında olmaq, Sizin rəhbərliyinizlə inkişaf edən Bakının mənzərələrini seyr etmək bizim üçün çox xoşdur: “Vurğulamaq istərdim ki, Rusiya Azərbaycanla çoxplanlı dostluq münasibətlərinin inkişafına böyük əhəmiyyət verir. Bu münasibətlərin əsasını bərabərlik, bir-birinin maraqlarını nəzərə almaq və əlbəttə, əsrlər boyu xalqlarımızı birləşdirən sıx insani və mədəni bağlar təşkil edir.”
Rusiya Prezidenti onu da qeyd etdi ki, Rusiya ən iri investorlar sırasına daxildir. Azərbaycan bazarında şirkətlərimiz özünü yetərincə rahat hiss edir. Burada həm “LUKOYL”, həm yığılma istehsalını təşkil edən “KamAZ”, həm də “Sollers”, “UAZ” var. Onlar uğurla fəaliyyət göstərir və inkişaf perspektivlərinə malikdir. Onların işinə yaradılan şəraitə görə Azərbaycan hakimiyyətinə minnətdarıq.
Humanitar sahədə mövcud əlaqələrdən geniş bəhs edən Vladimir Putin qeyd etdi ki, iyunda Azərbaycanda Rusiya Mədəniyyəti Günləri uğurla keçirildi, bu çərçivədə sərgilər, konsertlər, teatr tamaşaları, başqa parlaq mədəniyyət hadisələri oldu. Xoş ənənəyə uyğun olaraq, azərbaycanlı dostlarımızı sentyabrda onuncu - yubiley Sankt-Peterburq Mədəniyyət Forumuna dəvət edirik: “Azərbaycanda rus dilindən hər yerdə və sərbəst istifadə olunur. Hiss edirik ki, Azərbaycan Respublikasının rəhbərliyi bu tendensiyanı hərtərəfli dəstəkləyir. İlham Heydər oğlu, rus dilinə göstərilən bu diqqətə görə Sizə minnətdarıq. Ölkədə tədrisi rus dilində aparılan 300-dən çox məktəb, həmçinin Moskva Dövlət Universitetinin, Seçenov adına Moskva Tibb Universitetinin filialları fəaliyyət göstərir.”
İki dost, müttəfiq ölkənin ikitərəfli gündəliyi çox zəngindir. Rusiya və Azərbaycan çoxtərəfli platformalar daxil olmaqla, həmçinin BMT və Müstəqil Dövlətlər Birliyində öz səylərini sıx əlaqələndirirlər. Rusiya Prezidenti böyük məmnunluq hissi ilə bu məqamı da diqqətə çatdırdı ki, bu ilin oktyabrında Prezident İlham Əliyevi MDB Dövlət Başçıları Şurasının iclasında, həmçinin Kazanda keçiriləcək BRICS sammiti çərçivəsində “autriç” formatında görüşdə görməyə şad olacağıq.
Cənab İlham Əliyev regional təhlükəsizlik məsələlərinə xüsusi diqqət yönəltdi. Bir daha vurğulandı ki, ölkələrimiz arasında əməkdaşlıqdan, qarşılıqlı fəaliyyətdən çox şey asılıdır. Qarşılıqlı fəaliyyət və qarşılıqlı maraqlar ruhunda etimad tədbirlərinin, əməkdaşlığın, qarşılıqlı anlaşmanın möhkəmləndirilməsinə və bütün məsələlərin nizamlanmasına çalışırıq: “Ötən ilin sentyabrından sonra regionda tamamilə yeni şərait yaranıb. Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü tam şəkildə bərpa edib. Təbii ki, yeni şərait Cənubi Qafqazda möhkəm və uzunmüddətli sülhün bərqərar olması üçün yeni imkanlar açır. Bütün Cənubi Qafqaz regionunda sabitlik və təhlükəsizlik bir çox hallarda Rusiya ilə Azərbaycan arasında sıx qarşılıqlı fəaliyyətdən asılıdır.”
İki ölkə arasında əməkdaşlıq möhkəm təmələ əsaslanır. Vaxtilə Azərbaycan və Rusiyanın vahid ittifaqda yer alması ölkələrimiz arasında münasibətlərin özünəməxsus xarakterini formalaşdırıb. Müstəqillik illərində əlaqələr daha da inkişaf etdi. Müstəqil Azərbaycan və Rusiya arasında diplomatik əlaqələr 1992-ci il aprelin 4-də quruldu. 1992-ci il sentyabrın 25-də Rusiyanın Azərbaycanda səfirliyi fəaliyyətə başladı. Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə qayıdışından sonra ölkələrimiz arasında münasibətlərin ən yüksək səviyyədə inkişaf etdirilməsinə başlanıldı. Prezident İlham Əliyev də Rusiya ilə ikitərəfli əlaqələrin genişləndirilməsini vacib amil kimi diqqət mərkəzində saxlayır. Azərbaycan Prezidentinin 2004-cü ilin əvvəllərində Rusiyaya ilk rəsmi səfəri bu baxımdan əlamətdar oldu. Dövlətimizin başçısının Rusiyaya ardıcıl rəsmi səfərləri Azərbaycanın şimal qonşumuzla dostluq və tərəfdaşlıq əlaqələrinin inkişafına verdiyi önəmi təsdiqləyir. 2022-ci il fevralın 22-də Moskvada Azərbaycan və Rusiya prezidentləri tərəfindən imzalanan “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında” Bəyannamə xalqlarımız arasında tarixi dostluq və mehriban qonşuluq ənənələrinə, dərin mədəni və humanitar əlaqələrə əsaslanaraq, dövlətlərarası münasibətlərimizi keyfiyyətcə yeni - müttəfiqlik səviyyəsinə qaldırdı. Qarşılıqlı səfərlər münasibətlərdə hüquqi baza rolunu oynayan mühüm sənədlərin imzalanması ilə yadda qalır. Rusiya Prezidentinin ölkəmizə dövlət səfəri çərçivəsində də ayrı-ayrı sahələrin inkişafına xidmət edən mühüm sənədlər imzalandı. Azərbaycan-Rusiya əlaqələrinin inkişafı üçün möhkəm hüquqi baza mövcuddur.