YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Açıq və səmimi münasibətlər

Gündüz Bayramov

YAP Samux rayon təşkilatının sədri

Müasir müstəqil Azərbaycanın memarı və qurucusu olan ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş xarici siyasət strategiyası bu gün möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Hazırda müstəqil dövlətimizin beynəlxalq aləmdəki mövqeləri xeyli möhkəmlənmiş, əlaqələri genişlənmişdir. Dövlət başçımızın dünya səviyyəsində həyata keçirdiyi balanslaşdırılmış xarici siyasəti Azərbaycanı inkişaf etmiş demokratik ölkələr sırasına çıxarıb. İndi Azərbaycan demokratik, müstəqil və azad bir ölkə kimi tanınır. Azərbaycan Prezidenti cənab İlham Əliyev həyata keçirdiyi uğurlu xarici siyasət sayəsində aparıcı qonşu dövlətlərlə əməkdaşlıq sahəsində yeni mərhələnin əsasını qoyub. Bu baxımdan respublikamızın tarixən bağlı olduğu Rusiya Federasiyası ilə munasibətlərdə əldə olunan nəticələr diqqəti cəlb edir. Bu gün Rusiya-Azərbaycan ikitərəfli münasibətləri daim aktuallıq kəsb edir. Daha dəqiq desək, Rusiya və Azərbaycanı möhkəm dostluq və əməkdaşlıq ənənələri bağlayır.

Son illərdəki Azərbaycan və Rusiya prezidentlərinin rəsmi və işgüzar səfərləri bərabərhüquqlu və qarşılıqlı faydalı əməkdaşlığın daha da genişlənməsinə güclü təkan verib. Bu baxımdan deyə bilərik ki, Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin avqustun 18-19-da Azərbaycana etdiyi dövlət səfəri də xüsusi xarakter daşımaqla mühüm əhəmiyyət kəsb edir. İki ölkənin dövlət başçılarının ən yüksək səviyyədə görüşləri müntəzəm xarakter daşıyır ki, bu da dövlətlərarası münasibətlərin yüksək səviyyəsindən xəbər verir. Rusiya Prezidentinin səfəri çərçivəsində “Azərbaycan Respublikasının ixracın və investisiyaların təşviqi Agentliyi - AZPROMO ilə “Rusiya Birbaşa İnvestisiyalar Fondunun idarəedici şirkəti” Səhmdar Cəmiyyəti arasında Anlaşma Memorandumu”; “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Rusiya Federasiyasının İqtisadi İnkişaf Nazirliyi arasında iqlim dəyişmələri və aşağı karbonlu inkişaf üzrə Anlaşma Memorandumu”; “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti və Federal Əmək və Məşğulluq Xidməti (Rusiya Federasiyası) arasında əməyin təftişi məsələləri üzrə qarşılıqlı anlaşma və əməkdaşlıq Memorandumu”; “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ilə İstehlakçıların Hüquqlarının Müdafiəsi və İnsan Rifahı sahəsində Nəzarət üzrə Federal Xidmət (Rusiya Federasiyası) arasında qida məhsullarının təhlükəsizliyi sahəsində əməkdaşlıq haqqında Saziş”; “Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında bitki karantini və mühafizəsi sahəsində əməkdaşlıq haqqında Saziş”; “Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında səhiyyə, tibbi təhsil və tibb elmi sahələrində əməkdaşlıq haqqında Saziş”-in imzalanması,  o cümlədən Prezidentlərin Birgə Bəyanatı ölkələrimiz arasında münasibətlərin dostluq və müttəfiqlik xarakterini bir daha təsdiqləyir. Ən əsası hər bir səfər münasibətlərin strateji və dostluq xarakterini, iki ölkənin dost və tərəfdaş olduğunu təsdiqləyib.

 Bu gün mübaliğəsiz deyə bilərik ki, Azərbaycan-Rusiya münasibətləri ildən-ilə yüksəlir və inkişaf edir, bu münasibətlər açıq və səmimi xarakter daşıyır. Çünki ölkələrimiz arasında bir çox məsələlərə dair konsensus mövcuddur. Ən əsası münasibətlərin gələcək inkişafına dair sistemli yanaşma mövcuddur. Bütövlükdə, prezidentlərin avqustun 18-19-dakı görüşü göstərdi ki, Azərbaycan-Rusiya münasibətləri sağlam məcrada inkişaf edir, iki dövlətin və onun xalqlarının iradəsini əks etdirir. Hər iki prezidentin görüşdə səsləndirdikləri fikirlərə də nəzər salsaq görərik ki, dövlət başçıları bərabərhüquqlu münasibətlərdən razıdırlar və bunun gələcəkdə daha da güclənməsi ilə bağlı həmfikirdirlər.