YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Mehriban qonşuluq və dostluq

Mehdi Balabəyov

YAP Şabran rayon təşkilatının sədri

Rusiya Prezidenti Vladimir Putinin bu günlərdə Azərbaycana dövlət səfəri  ölkə mətbuatında geniş müzakirə edilir. Səfər çərçivəsində  mehriban qonşuluq və dostluq əsasında uğurla inkişaf edən bu münasibətlərin dünəninə və bugününə baxış oldu və gələcək addımlar müzakirə olundu.

Onu da qeyd edək ki, əlaqələr möhkəm təmələ əsaslanır. Münasibətlərin inkişafında Ulu Öndər Heydər Əliyevin rolu böyükdür. Belə ki, 1997-ci ildə  imzalanan "Dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında Müqavilə" ikitərəfli münasibətlərin hüquqi bazasını təşkil edən əsas sənəddir. 2002-ci ilin yanvarında Ulu Öndər Heydər Əliyevin Rusiyaya dövlət səfəri zamanı “Xəzər dənizində əməkdaşlıq prinsipləri haqqında Birgə Bəyannamə" Rusiya-Azərbaycan münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə qaldırdı. Ulu Öndər Heydər Əliyevin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyev xarici siyasətdə qonşu dövlətlərlə  əlaqələrin inkişafına xüsusi önəm verir. Bunun nəticəsidir ki, SSRİ-nin süqutundan sonra Rusiya ilə Azərbaycan arasında münasibətlər heç zaman indiki kimi yüksək səviyyədə olmayıb.  Onu da qeyd edək ki, Rusiya Azərbaycanın şanlı Qələbəsinin  və Ermənistanın kapitulyasiyasının təsdiqi olan 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın imzalanmasında iştirak edən üç ölkədən biridir. Rusiya Prezidenti Vladimir Putin səfərin mahiyyətini özündə ehtiva edən mətbuata bəyanatda bildirdi ki, Azərbaycan ilə Ermənistan arasında münasibətlərin hazırkı vəziyyətinə də diqqət yetirdik. Rusiya gələcəkdə də Azərbaycan-Ermənistan qarşılıqlı fəaliyyətinin normallaşdırılmasına və 2020-2022-ci illərdə Rusiya, Azərbaycan prezidentləri və Ermənistanın baş naziri arasında əldə olunmuş məlum üçtərəfli razılaşmalar əsasında sülh sazişinin bağlanmasına hərtərəfli kömək edəcək. Həmçinin hələ Sovet İttifaqı vaxtından bizdə qalan müvafiq sənədləri nəzərə almaqla, sərhədlərin delimitasiyası və demarkasiyasına, transsərhəd marşrutlarının açılmasına, humanitar təmasların yaradılmasına kömək etməyə hazırıq. Bizim mövqeyimiz ondan ibarətdir ki, Cənubi Qafqazda sülh və sabitlik bu regionun bütün dövlətlərinin və xalqlarının köklü maraqlarına tam şəkildə cavab verməlidir.

Ölkələr arasında əlaqələrin inkişafından bəhs edərkən ilk olaraq göz önünə iqtisadi sahədə əməkdaşlıq gəlir. Azərbaycan-Rusiya iqtisadi əlaqələrinin hazırkı inkişaf səviyyəsi diqqətdədir. Cənab İlham Əliyev vurğuladı ki, keçən il və bu ilin 6 ayında əmtəə dövriyyəsinin artımı əməkdaşlığın böyük potensialından xəbər verir. Ötən il biz 4 milyard dollar həddini adladıq və bunun son hədd olmadığı barədə fikir mübadiləsi apardıq. “Biz dövlətlərarası münasibətlərimiz üçün də müstəsna əhəmiyyətə malik olan, həmçinin regional nəqliyyat dəhlizləri, nəqliyyat yolları, “Şimal-Cənub” layihəsinin həyata keçirilməsi ilə bağlı məsələləri ətraflı müzakirə etdik. Deməliyəm ki, Azərbaycanın ərazisində “Şimal-Cənub” dəhlizinin həm dəmir yolu, həm də avtomobil yolu seqmentləri tam şəkildə reallaşdırılıb və uğurla fəaliyyət göstərir” söyləyən cənab İlham Əliyev qeyd etdi ki,  hazırda bu dəhlizin ötürücülük qabiliyyətini yüksəltmək üçün onun dəmir yolu sahəsinin modernləşdirilməsi ilə məşğuluq. Biz ildə 15 milyon ton və daha çox – 30 milyon tonadək yüklərin daşınması imkanlarından danışırıq və bu, tamamilə realdır: “Ümidvaram ki, hazırkı şəraitdə Rusiya və Azərbaycan, həmçinin bu dəhlizin digər iştirakçıları birgə səylərlə öz fəaliyyətini davam etdirəcəklər. Bir daha deməliyəm ki, biz bu il həmin dəmir yolu sahəsinin tələb edilən ötürücülük qabiliyyətinə malik olması üçün modernləşdirilməsi məqsədilə təxminən 120 milyon dollar ekvivalentində vəsait nəzərdə tutmuşuq.”

Qarşılıqlı səfərlər, imzalanan sənədlər dostluq və tərəfdaşlıq əlaqələrinin inkişafında əhəmiyyətli rol oynayır.  2022-ci il fevralın 22-də Moskvada Azərbaycan və Rusiya prezidentləri tərəfindən imzalanan “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında” Bəyannamə xalqlarımız arasında tarixi dostluq və mehriban qonşuluq ənənələrinə, dərin mədəni və humanitar əlaqələrə əsaslanaraq, dövlətlərarası münasibətlərimizi keyfiyyətcə yeni - müttəfiqlik səviyyəsinə yüksəltdi. Siyasi münasibətlərin ən yüksək səviyyədə inkişaf etdirilməsi iqtisadi münasibətlərin genişləndirilməsinə də müsbət təsirini göstərir. Sözügedən səfər çərçivəsində keçirilən görüşlərdə müzakirə olunan məsələlərdən də göründüyü kimi, iki dost, qonşu ölkənin əlaqələrinin gündəliyi zəngindir. Rusiya Prezidenti bildirdi ki, aparılan danışıqlar və əldə olunan razılaşmalar Rusiya-Azərbaycan strateji tərəfdaşlığının gələcəkdə də möhkəmlənməsinə xidmət edəcək.

Möhkəm təmələ əsaslanan Azərbaycan-Rusiya münasibətlərinin daha yüksələn xətlə inkişafı üçün geniş imkanlar yaranır.