YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ölkələrimiz müttəfiqlər, dostlar və qonşular kimi fəaliyyət göstərir

Etibar Hacıyev

YAP Ağstafa rayon təşkilatının sədri

Xarici siyasətimizin əsas tərkib hissəsi olan ikitərəfli əməkdaşlıq istiqamətində qazanılan uğurlar davamlılığı ilə diqqətdədir.  İkitərəfli əlaqələrin inkişafı öz növbəsində yeni əməkdaşlıq formatlarının yaranmasına, əlaqələrin coğrafiyasının  genişləndirilməsinə öz müsbət təsirini göstərir. Əməkdaşlığın möhkəmləndirilməsində qarşılıqlı səfərlərin, imzalanan sənədlərin, keçirilən görüşlərdə müzakirə olunan və gündəmə gətirilən məsələlərin əhəmiyyətli rol oynadığı  aydındır. Bu baxımdan Rusiya Prezidenti Vladimir Putinin 18-19 avqust tarixlərində Azərbaycana dövlət səfəri, Prezidentlərin məhdud və geniş tərkibdə görüşlərdə, mətbuata bəyanatlarında  səsləndirdikləri  fikirlər iki ölkə arasında münasibətlərin dünəninə, bu gününə və gələcəyinə bir daha işıq saldı. Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır. Prezident İlham Əliyevin  qeyd etdiyi kimi, səfər xüsusi xarakter daşıyır. Ən yüksək səviyyədə görüşlər müntəzəm xarakter daşıyır. Əlbəttə ki, dövlət səfərinin formatı və xarakteri xüsusi əhəmiyyətə malikdir. Belə demək mümkünsə, həm də dövlətlərarası münasibətlərin yüksək səviyyəsindən xəbər verir.

İki ölkənin qarşılıqlı əlaqələrində siyasi münasibətlər mühüm yer tutur. Ölkələrimiz  arasındakı dostluq və mehriban qonşuluq münasibətlərinin əsasını məhz Ümummilli Lider Heydər Əliyev və   Vladimir  Putin qoyublar. Vladimir Putinin 2001-ci ildə Azərbayana, Ulu Öndər  Heydər Əliyevin  2002-i ildə Rusiyaya dövlət səfəri   bu gün birlikdə şahidi olduğumuz böyük yolun başlanğıcı olub. Ümummilli Liderin 1993-cü ildə hakimiyyətə  qayıdışından sonra ölkələrimiz arasında münasibətlərin ən yüksək səviyyədə inkişaf etdirilməsinə başlanıldı. Müstəqillik tariximizdə iki ölkənin  əlaqələrinin  inkişafına xidmət edən sənədlərin say tərkibinin çoxluğu da bu dostluğun, müttəfiqliyin  möhkəm təmələ əsaslandığını təsdiqləyir. Ulu Öndər Heydər Əliyevin  hakimiyyəti dövründə Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında 1997-ci ildə imzalanan “Dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında Müqavilə” əlaqələrimizdə yeni səhifə açdı. 2002-ci ildə Ümummilli Liderin  Rusiyaya dövlət səfəri  zamanı imzalanan “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında Xəzər dənizində əməkdaşlıq prinsipləri haqqında Birgə Bəyannamə” Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi baxımından mühüm sənəd oldu. Bu sənəd Rusiya-Azərbaycan münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsində inkişafını nümayiş etdirdi.

Azərbayanın xarici siyasətinin əsas məsələləri olan Qarabağ münaqişəsinin, həmçinin Xəzərin hüquqi statusu məsələsinin həllində Rusiyanın dəstəyi dövlətimiz tərəfindən yüksək dəyərləndirilir. Hər iki ölkənin  dövlət başçıları  ikitərəfli əlaqələrin genişləndirilməsini vacib amil kimi diqqət mərkəzində saxlayırlar. Rusiya Azərbaycanın hərbi-siyasi Qələbəsinin, Ermənistanın  kapitulyasiyasının təsdiqi olan 10 noyabr 2020-i il tarixli üçtərəfli Bəyanatın imzalanmasında üçünü tərəf kimi böyük rol oynadı.  Tarixi Zəfərimiz Azərbayanın  ikitərəfli əlaqələrinin  möhkəmləndirilməsində öz sözünü deyir. Bu inkişaf özünü Azərbayan-Rusiya münasibətlərində də göstərir. Belə ki,  2022-ci il fevralında Moskvada Azərbaycan və Rusiya prezidentlərinin  imzaladıqları “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında” Bəyannamə xalqlarımız arasında tarixi dostluq və mehriban qonşuluq ənənələrinə, dərin mədəni və humanitar əlaqələrə əsaslanaraq, dövlətlərarası münasibətlərimizi keyfiyyətcə yeni - müttəfiqlik səviyyəsinə qaldırdı. Siyasi münasibətlərin ən yüksək səviyyədə inkişaf etdirilməsi iqtisadi münasibətlərin genişləndirilməsinə də müsbət təsirini göstərir.

Dövlət başçısı İlham Əliyev rusiyalı həmkarı Vladimir Putin ilə mətbuata birgə bəyanatında “2022-ci ilin fevralında imzalanmış qarşılıqlı müttəfiqlik fəaliyyəti haqqında Bəyannamənin müddəaları uğurla həyata keçirilir. Ölkələrimiz müttəfiqlər, dostlar, yaxın tərəfdaşlar və qonşular kimi fəaliyyət göstərir. Bu gün dövlətlərarası münasibətlərin geniş spektrini ətraflı müzakirə etdik. Hətta nümayəndə heyətlərinin tərkibinə nəzər salmaq kifayətdir ki, dövlətlərarası strukturların fəaliyyət sferasının, əslində, nə qədər geniş olduğunu görəsən” fikirlərinin davamı olaraq onu da bildirdi ki,  bu səfər tarixi xarakter daşıyır, ölkələrimiz arasında dostluq və müttəfiqlik münasibətlərinin möhkəmləndirilməsi işinə mühüm töhfə verəcək.

Münasibətlərin inkişafında qarşılıqlı səfərlərlə yanaşı, imzalanan sənədlər də əhəmiyyətli rol oynayır. Cənab İlham Əliyev bildirdi ki, bu gün qəbul edilən sənədlər, ilk növbədə, prezidentlərin Birgə Bəyanatı daxil olmaqla, münasibətlərimizin dostluq və müttəfiqlik xarakterini bir daha təsdiqləyir.

Ümumilikdə iki ölkə arasında bugünədək imzalanan 250-dən artıq sənəd,  mütəmadi qaydada keçirilən iqtisadi forum və konfranslar ikitərəfli münasibətlərin inkişafında həlledici rol oynayır. Azərbayan və Rusiya Prezidentlərinin məhdud və geniş tərkibdə görüşlərində ikitərəfli əlaqələrin gündəliyinin zənginliyi xüsusi qeyd edildi.

Onu da məlumdur ki, ölkələrimiz arasında əlaqələrin sürətli inkişafının qarşıdakı dövrdə də uğurla davam etdirilməsi və daha da genişləndirilməsi məqsədilə bu ilin əvvəlində “Azərbaycan-Rusiya əməkdaşlığının inkişafının əsas istiqamətləri üzrə 2024-2026-cı illər üçün Yol Xəritəsi” imzalandı. İki ölkənin əlaqələrinin hərtərəfli inkişafı üçün geniş imkanlar mövcuddur.