Xəbərlər
Qələbələr hər birimizi qürurlandırır
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 3 saylı Babək-Şahbuz-Kəngərli seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Asiman Babayevin YAP Şahbuz rayon təşkilatının qərargahında ziyalı və ağsaqqal seçicilərlə görüşü keçirilib.
Görüşü giriş sözü ilə açan YAP Şahbuz rayon təşkilatının sədri Rizvan Məmmədov bildirib ki, bu gün Azərbaycan Heydər Əliyev ideyaları əsasında və Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə inamla inkişaf edir, tərəqqi və Zəfər yolunda əmin addımlarla irəliləyir. Qeyd olunub ki, bu uğurların davamı naminə parlament seçkilərində Yeni Azərbaycan Partiyasının qələbəsi mühüm əhəmiyyət kəsb edir.
Çıxış edən deputatlığa namizəd Asiman Babayev bildirib ki, Azərbaycan xalqı dövlətimizin dayağı olan ordusuna, onun Ali Baş Komandanı İlham Əliyevə inanır, bu müzəffər ordu ilə fəxr edir. Qeyd edib ki, bütün Azərbaycan xalqı gələcəyə çox böyük nikbinliklə baxır: “Hamımızın amalı ondan ibarətdir ki, ölkəmiz daha da güclənsin, daha da qüdrətli dövlətə çevrilsin, Azərbaycan vətəndaşları daha da yaxşı yaşasınlar. Bunun üçün seçicilər parlament seçkilərində fəal olmalı və Yeni Azərbaycan Partiyasının namizədinə səs verməlidirlər”.
Tədbir iştirakçılarından Məhərrəm İsmayılov, Fazil Rzayev, Rəsmiyyə Əliyeva, Ülviyyə Novruzova və digərləri çıxış ediblər. Qeyd olunub ki, qarşıda həlli vacib olan yeni hədəflər var, Prezident İlham Əliyevin Liderliyi ilə müstəqil Azərbaycan yeni hədəflərə doğru inamla irəliləyir”.
Seçicilər 1 sentyabr seçkilərində YAP-ın namizədinə səs verəcəklərini vurğulayıblar.