YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Münasibətlər daha da möhkəmlənir

Malik Mirzəyev

YAP Lerik rayon təşkilatının sədri

Avqustun 18-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Azərbaycana növbəti səfəri tarixi əhəmiyyət kəsb edir. Rusiya dövlət başçısının ölkəmizə  səfərləri və onun Prezident İlham Əliyevlə sıx əməkdaşlığı iki ölkə arasında münasibətlərin daha da möhkəmlənməsinə xidmət edir. Azərbaycan-Rusiya münasibətləri tarixi, siyasi və iqtisadi əlaqələrin möhkəmlənməsi baxımından hər zaman xüsusi əhəmiyyət daşıyıb. Bu münasibətlərin əsas sütunları dövlətlərin müstəqilliyi, ərazi bütövlüyü, bərabərhüquqluluq və daxili işlərə müdaxilə etməmək prinsipləri üzərində qurulub.

Azərbaycan və Rusiya Prezidentlərinin mətbuata birgə bəyanatlarında “Azərbaycan və Rusiya müttəfiqlər, dostlar, yaxın tərəfdaşlar və qonşular kimi fəaliyyət göstərir” söyləyən dövlət başçısı İlham Əliyev onu da bildirdi ki, Prezident Vladimir Putinin Azərbaycana dövlət səfəri xüsusi xarakter daşıyır. Bütün sahələrdə müsbət dinamika görürük. Həqiqətən də müzakirə, qarşılıqlı fəaliyyət üçün çoxlu mövzular var və qarşılıqlı fəaliyyətimizin əhatə dairəsi ildən-ilə genişlənir. Bütün sahələrdə qarşılıqlı fəaliyyətimizi gücləndirmək əzmindəyik. Səfər ölkələrimizi və xalqlarımızı bir-birinə daha da yaxınlaşdırmaq istiqamətində növbəti mühüm addım olacaq.

Bu gün Azərbaycanla Rusiya arasında iqtisadi əlaqələr də yüksək səviyyədədir. 2023-cü ildə iki ölkə arasındakı ticarət dövriyyəsi 17 faiz artaraq 4.5 milyard dollara çatıb. 2024-cü ildə bu göstəricinin daha da artacağı gözlənilir. Burada sənaye, kənd təsərrüfatı, turizm və tranzit axını kimi sahələr xüsusi əhəmiyyət kəsb edir. İqtisadi-ticarət əlaqələrinin bu yüksəlişi hər iki ölkənin mövcud potensialına əsaslanır və beynəlxalq sanksiyalardan təsirlənməyib.

Şimal-Cənub nəqliyyat dəhlizi sahəsində əməkdaşlıq isə iki ölkə arasında daha bir mühüm istiqamətdir. Bu dəhlizin inkişafı Azərbaycanın dünya miqyasında tranzit qovşağı kimi mövqeyini daha da möhkəmləndirir və iki ölkə arasındakı iqtisadi əməkdaşlığın genişlənməsinə xidmət edir.

Prezident İlham Əliyevin uzaqgörən və məqsədyönlü siyasəti nəticəsində Azərbaycan-Rusiya münasibətləri yüksək səviyyədə inkişaf edir. Bu münasibətlər regionda sülhün, təhlükəsizliyin və əməkdaşlığın möhkəmlənməsinə, Azərbaycanın milli maraqlarının qorunmasına və müstəqil siyasətinin davam etdirilməsinə xidmət edir. Azərbaycan və Rusiya arasında qurulmuş dostluq əlaqələri regional və beynəlxalq səviyyədə qarşılıqlı faydalı əməkdaşlığın təməlini təşkil edir.