Xəbərlər
YAP qələbələr, qaliblər partiyasıdır

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 62 saylı Kürdəmir seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Yadigar Kazımovanın rayonun Çöhranlı və Yeni Şıxımlı kəndlərinin seçiciləri ilə növbəti görüşü keçirilib.
Görüşü giriş sözü ilə açan YAP Kürdəmir rayon təşkilatının sədri Ayaz Cəbrayılov vurğulayıb ki, dövlətə, xalqa xidməti fəaliyyətinin əsas istiqaməti kimi qəbul edən YAP yarandığı gündən tutduğu yola, əqidəyə sadiq olub. Təsadüfi deyil ki, YAP qələbələr, qaliblər partiyası kimi nüfuz qazanıb. Ayaz Cəbrayılov müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyev tərəfindən əsası qoyulmuş və bu gün Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev tərəfindən həyata keçirilən siyasətin uğurlarından da geniş bəhs edib.
Tədbirdə çıxış edən deputatlığa namizəd Yadigar Kazımova hüquqi və demokratik dövlət olan Azərbaycanda sentyabrın 1-də keçiriləcək parlament seçkilərinin əhəmiyyətindən, Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərimizdə aparılan bərpa-quruculuq işlərindən, həyata keçirilən daxili və xarici siyasət kursunun uğurlu nəticələrindən bəhs edib.
Çıxış edən seçicilər Möhkəm İsmiyev, Rauf Hacıyev, Gülyaz Vəlicanova daha qüdrətli Azərbaycan naminə YAP-ın namizədinə səs verəcəklərini vurğulayıblar.