Xəbərlər
Əlaqələrin uğurla inkişaf etdiyinin təsdiqi
Azərbaycan-Rusiya münasibətləri son otuz ildə mühüm transformasiyalardan keçib. Bu prosesin mühüm aspekti münaqişəli vəziyyətlərdə neytrallığın qorunması və strateji tərəfdaşlığın uğurla inkişaf etdirilməsi olub. Rusiya liderinin Azərbaycana son dövlət səfəri, səsləndirilən bəyanatlar, imzalanmış sənədlər iki ölkə arasında stareji tərəfdaşlığın yüksək səviyyəsindən xəbər verir. Mürəkkəb geosiyasi şəraitdə Azərbaycan və Rusiya liderlərinin qarşılıqlı maraqlara uyğun siyasət yürütmələri regional təhlükəsizliyin və iqtisadi əməkdaşlığın güclənməsinə şərait yaratmaqla yanaşı, iki ölkə arasında formalaşmış çoxyönlü əlaqələrin uğurla inkişaf etdiyini təsdiqləyir.
Mövcud qlobal vəziyyətdən asılı olmayaraq, Rusiya dünyanın aparıcı ölkələrindən biri olaraq qalır. BMT Təhlükəsizlik Şurasının beş daimi üzvündən biri olan Moskva Cənubi Qafqaz və qlobal müstəvidə cərəyan proseslərə güclü təsiri olan dövlətdir. Qlobal aktorların hər biri ilə konstruktiv əlaqələr qurmağı bacaran Azərbaycan da Moskvanın regional və qlobal müstəvidəki maraqlarına hörmətlə yanaşır və məhz bu münasibətin nəticəsidir ki, hazırda Rusiya-Azərbaycan münasibətlərində ciddi etiraz doğuran məqamlar müşahidə olunmur. Bunun nəticəsidir ki, tərəflər arasında qarşılıqlı faydalı əlaqələr yaranıb və hər iki dövlətin siyasi gündəliyində münasibətlərin bundan sonra daha da inkişaf etdirilməsi məsələləri öz əksini tapıb.
Bu fikirləri Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Rəşad Mahmudov söyləyib.
Deputat bildirib ki, ölkə liderləri arasında yaranmış münasibətlər dövlətlərin qarşılıqlı münasibətlərinin inkişaf trayektoriyasına da təsir göstərir. Ötən müddət ərzində Azərbaycan və Rusiya prezidentləri arasında möhkəm və qarşılıqlı hörmətə əsaslanan münasibətlər formalaşıb. Heç kimə sirr deyil ki, məhz 2000-ci ildə Vladimir Putin hakimiyyətə gələndən sonra Rusiya-Azərbaycan münasibətlərində əhəmiyyətli dərəcədə istiləşmə və yaxınlaşma baş verdi. İki ölkə arasında əməkdaşlıq, tərəfdaşlıq, hətta müttəfiqlik dövrü başladı. Azərbaycanın Cənubi Qafqaz regionunda əsas oyunçu və enerji sektorunda mühüm tərəfdaş kimi əhəmiyyətini yüksək qiymətləndirən cənab Putin Azərbaycanla əlaqələrin bütün sahələrdə inkişaf etməsinə şərait yaradan qərarları dəstəklədi. Ulu öndər Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyevin Rusiya ilə əlaqələrin inkişafına yönəlmiş siyasətini alqışlayan Putin Azərbaycanın regional müstəvidə oynadığı əhəmiyyətli roluna hörmətlə yanaşdığını təsdiqləyən addımlar atdı.
Rusiya liderinin Bakıya son dövlət səfərində də Kremlin Azərbaycana olan xüsusi münasibətini ortaya qoydu. Cənab Putin mətbuata açıqlamasından xüsusi vurğuladı ki, Rusiya Azərbaycanla çoxplanlı dostluq münasibətlərinin inkişafına böyük əhəmiyyət verir. Rusiya Prezidenti bu münasibətlərin əsasını bərabərlik, bir-birinin maraqlarını nəzərə almaq və əlbəttə, əsrlər boyu xalqlarımızı birləşdirən sıx insani və mədəni bağlar təşkil etdiyini diqqətə çatdırdı. Ali qonaq yüksək tribunadan önəmli mesajlar da verdi. Xarici siyasətdə ölkələrimizin beynəlxalq hüququn aliliyi, suverenlik və daxili işlərə müdaxilə edilməməsi prinsiplərinə qətiyyətlə tərəfdar olduqlarını bildirdi. Dünyanın ən böyük nüvə arsenalına malik ölkə ilə aktual problemlərin həllində qarşılıqlı maraqların qorunmasına yönəlik siyasətin aparılmasına ortaq yanaşmaların nümayiş etdirilməsi, əlbəttə ki, tərəflərin münasibətlərinə müsbət təsir göstərən amillərdən biridir.
Rəşad Mahmudov yekunda qeyd edib ki, Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana dövlət səfəri iki ölkə arasında mehriban qonşuluq və dostluq münasibətlərinin inkişafının təsdiqidir. Bu səfər həm də ou göstərdi ki, Rusiya və Azərbaycan ənənəvi olaraq qarşılıqlı maraqlara əsaslanan praqmatik münasibətlərə sadiq qalırlar. Üstəlik, coğrafi mövqeyinə görə Azərbaycan nəqliyyat və logistika baxımından, xüsusən də Rusiyanı İran və Azərbaycan ərazisi ilə Hindistanla birləşdirməli olan Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi ilə bağlı mühüm tərəfdaşdır. Bakıda imzalanmış sənədlər və səsləndirilən bəyanatlar belə deməyə əsas verir ki, iki qonşu, dost və müttəfiq ölkələr arasında münasibətlər bundan sonra da uğurla inkişaf edəcək. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu səfər tarixi xarakter daşıyır, ölkələrimiz arasında dostluq və müttəfiqlik münasibətlərinin möhkəmləndirilməsi işinə mühüm töhfə verəcək.