YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Əldə olunan nailiyyətlər xalqın qürur mənbəyinə çevrilir

Ülvi Fərzəliyev

YAP Neftçala rayon təşkilatının sədri

Azərbaycanın bu gün dünyanın aparıcı idman ölkələrindən biri olması beynəlxalq ictimaiyyət tərəfindən də təsdiqlənir. İdmançılarımızın ən mötəbər beynəlxalq yarış və turnirlərdə əldə etdikləri nəticələr, Azərbaycanın davamlı olaraq yüksək səviyyədə ev sahibliyi etdiyi nüfuzlu idman tədbirləri ölkəmizə bu statusu qazandırmışdır. Dövlətin nüfuzunu və onun beynəlxalq münasibətlər sistemindəki yerini bir sıra amillər müəyyən edir. Bu amillər sırasında beynəlxalq idman tədbirləri də xüsusi yer tutur və dövlətlər arasında əlaqələrin qurulmasına, mədəni, iqtisadi və siyasi əlaqələrin genişlənməsinə öz töhfəsini verir. Son illər hərtərəfli inkişafa nail olan Azərbaycan artıq güclü idman ölkəsi kimi tanınır. Ümumiyyətlə, qabaqcıl dövlətlər istər ölkədaxili, istərsə də beynəlxalq səviyyədə mədəniyyətin, idmanın inkişafına böyük diqqət yetirirlər. Çünki bu sahədə əldə olunan nailiyyətlər həmişə xalqın qürur mənbəyinə çevrilir, dünya ictimaiyyətində rəğbət doğurur.

Tarixən ölkəmizdə idmanın müxtəlif növləri inkişaf etmiş, ayrı-ayrı növlər üzrə güclü idmançılar yetişmişdir. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra idmanın inkişafına xüsusi önəm verilməsinə başlanılmış və idmançılarımızın beynəlxalq yarışlarda Azərbaycan bayrağı altında iştirakı təmin olunmuşdur. Ölkənin müstəqillik qazanması ilə Azərbaycan idmançıları həm də Olimpiya Oyunlarının iştirakçısına çevrildilər. Beləliklə, 1992-ci il Azərbaycan idmançıları üçün yeni bir dövrün başlanğıcı oldu. 1996-cı ildə Azərbaycan müstəqil dövlət kimi ilk dəfə Olimpiya Oyunlarına qatıldı. 1997-ci ildə İlham Əliyev Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti seçiləndən sonra isə ölkəmizdə Olimpiya hərəkatı daha geniş vüsət aldı və Olimpiya Oyunlarında qazanılan uğurların sayı artdı. Bu tarixi seçim ümummilli lider Heydər Əliyevin müstəqil respublikamızda idmanın inkişafı ilə bağlı ideyalarının daha sürətlə gerçəkliyə çevrilməsini təmin etdi, idman sahəsində həyata keçirilən dövlət siyasətinin yeni şəraitdə reallaşmasına böyük imkanlar açdı. Ölkəmiz Atlanta şəhərində keçirilən Yay Olimpiya Oyunlarında ilk medallarını qazandı. O vaxtdan bəri idmançılarımız bütün oyunlarda təmsil olunmuş və medallarla geri dönmüşdür. Onlar qazandıqları medallarla qitədə və dünyada öz mövqelərini möhkəmləndiriblər. Bu nailiyyətlər gənc idmançıları beynəlxalq səviyyədə yarışlara qatılmağa həvəsləndirib.

Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyevin yürütdüyü siyasət nəticəsində idman sahəsində böyük nailiyyətlər əldə olunmuşdur. Ölkə başçısının 4 mart 2005-ci il tarixli fərmanına uyğun olaraq ölkəmizdə hər il martın 5-i Bədən Tərbiyəsi və İdman Günü kimi qeyd edilir. Eyni zamanda idmanın ayrı-ayrı növlərinin inkişafına dair Dövlət proqramları da qəbul edilmişdir. Dövlət başçısı bütün regionlarda idmanla məşğul olmaq üçün müasir tələblərə cavab verən infrastrukturun formalaşdırılmasını mühüm vəzifələrdən biri kimi müəyyənləşdirmişdir. Bütün bunlar isə, əlbəttə, gənc nəslin sağlam ruhda tərbiyəsinə, respublikamızda idmanın kütləviləşməsinə xidmət edir. Azərbaycanda idman siyasətinin düzgün qurulduğunu bu sahədə qazanılmış uğurlu nəticələr də təsdiqləyir.

Bakı 2015-ci ildə ilk Avropa Oyunlarına ev sahibliyi edərək böyük bir idman tədbirinə imza atmış oldu. Avropa Olimpiya Komitəsi tərəfindən təşkil edilən bu çoxnövlü idman yarışının ilk dəfə olaraq 2015-ci ildə Azərbaycanda keçirilməsi idman sahəsindəki potensialımızı dünyaya nümayiş etdirdi. Bakıda ən yüksək səviyyədə keçirilmiş IV İslam Həmrəyliyi Oyunlarında da Azərbaycan idmançıları birinci yerə layiq görüldülər. Bütün müsəlman aləmində birinci yeri qazanmaq çox böyük tarixi nailiyyətdir. Bu gün paytaxtımıza nüfuzlu idman yarışlarının keçirilməsinin həvalə edilməsi Azərbaycanın yüksək təşkilatçılıq potensialından xəbər verir. Artıq Azərbaycanda keçirilən Avropa, dünya çempionatları silsilə xarakter daşıyır. 

“Bizim Olimpiya Oyunlarındakı uğurlarımız əvvəlki illərdə də, son Oyunlarda da göstərir ki, Azərbaycan güclü idman dövlətidir. Təsadüfi deyil ki, biz bu Oyunlarda dünyanın ən güclü 30 ölkəsinin arasında yer almışıq - 2 qızıl, 2 gümüş və 3 bürünc medal, hesab edirəm ki, çox yaxşı nəticədir. İdmançılarımız ən yüksək qiymətə layiq olmalıdır. Olimpiya Oyunları bütün digər idman yarışları arasında xüsusi yer tutan bir yarışdır, dörd ildən bir keçirilən idman bayramıdır və əlbəttə ki, hər bir idmançı, hər bir ölkə bu Oyunlara xüsusilə hazırlaşır. İndi müəyyən istirahətdən sonra yeni hazırlıq prosesinə start veriləcək, həm Avropa, həm dünya çempionatlarına hazırlıq işləri gedəcək. Əlbəttə ki, biz növbəti Olimpiya Oyunlarına da indidən hazırlaşmalıyıq”. Bu fikirləri Prezident, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev cari ilin avqustun 14-də XXXIII Paris Yay Olimpiya Oyunlarında medal qazanmış Azərbaycan idmançılarını və onların məşqçilərini qəbul edərkən deyib.

Ölkə başçısı qeyd edib ki, bir neçə idman növündə nəsillərin dəyişməsi prosesi gedir. Ona görə təbii ki, növbəti Olimpiya Oyunlarına bu prizmadan yanaşmalıyıq və xüsusilə uşaq və yeniyetmələr arasında idmanın inkişafına bundan sonra da diqqət göstərilməlidir. Nəzərə alsaq ki, idmanla məşğul olmaq üçün indi ölkəmizin hər bir yerində gözəl şərait var. İdmana rəhbərlik edən qurumlar arasında koordinasiya işləri düzgün qurulub, federasiyalar, klublar uğurla fəaliyyət göstərir. Nəzərə alsaq ki, hər bir Olimpiya Oyunlarından sonra, xüsusilə ölkəmiz üçün uğurlu Oyunlardan sonra idman bölmələrinə uşaqların, yeniyetmələrin axını müşahidə olunur, mən əminəm, növbəti Olimpiya Oyunlarına hazırlıq prosesi də ardıcıl aparılacaq.

DİGƏR Xəbərlər Arxiv