Xəbərlər
YAP bu dəfə də inamlı qələbə qazanacaq
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 18 saylı Nərimanov-Nizami-Binəqədi seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Nizami Babaşovun Nərimanov rayonu, Ə.Əliyev küçəsində yaşayan seçicilərlə görüşü keçirilib.
Görüşdə çıxış edən deputatlığa namizəd Nizami Babaşov YAP-ın seçki platforması haqqında ətraflı məlumat verib. O, partiyanın yarandığı vaxtdan bu günə qədər Azərbaycanın yüksəlişindəki rolundan danışıb. N.Babaşov bundan sonra da Yeni Azərbaycan Partiyasının Ümummilli Lider Heydər Əliyev yolunun davamçısı olan İlham Əliyevin məqsədyönlü və uzaqgörən siyasətinin həyata keçirilməsinə öz töhfəsini verəcəyinə əminliyini ifadə edib.
Seçicilər də çıxışlarında 1 sentyabr seçkilərində daha qüdrətli Azərbaycan naminə YAP-ın namizədinə səs verəcəklərini qətiyyətlə bildiriblər.