Xəbərlər
Ölkəmizdə idmanın inkişafı dövlət siyasətidir
Şəhla Abdullayeva
YAP Ucar rayon təşkilatının sədri
“Olimpiya Oyunları bütün digər idman yarışları arasında xüsusi yer tutan bir yarışdır, dörd ildən bir keçirilən idman bayramıdır və əlbəttə ki, hər bir idmançı, hər bir ölkə bu Oyunlara xüsusilə hazırlaşır. Bizim Olimpiya Oyunlarındakı uğurlarımız əvvəlki illərdə də, son Oyunlarda da göstərir ki, Azərbaycan güclü idman dövlətidir. Təsadüfi deyil ki, biz bu Oyunlarda dünyanın ən güclü 30 ölkəsinin arasında yer almışıq - 2 qızıl, 2 gümüş və 3 bürünc medal, hesab edirəm ki, çox yaxşı nəticədir.” Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev avqustun 14-də XXXIII Paris Yay Olimpiya Oyunlarında medal qazanmış Azərbaycan idmançılarını və onların məşqçilərini qəbul edərkən onu da bildirdi ki, daha çox medal qazana bilərdik. Amma bu idmandır. İdmanda qələbə də olur, məğlubiyyət də olur. Əsas odur bu Oyunlar bir daha göstərdi ki, Azərbaycanda idmanın inkişafı ardıcıl surətdə gedir. İdmançılarımız beş idman növündə medallar qazanmışlar: cüdo, boks, taekvondo, yunan-Roma güləşi, sərbəst güləş üzrə. Bu da onu göstərir ki, Azərbaycanda idmanın bir çox növləri inkişaf edir.
Azərbaycanın idman ölkəsi kimi nüfuz qazanmasından bəhs edərkən ev sahibliyi etdiyi ilk Avropa Oyunlarını, həmçinin IV İslam Həmrəyliyi Oyunlarını xüsusi qeyd edirik. İlk Avropa Oyunlarının açılış mərasimində “Bu möhtəşəm bayram müstəqil Azərbaycanın, hər bir Azərbaycan vətəndaşının qələbəsidir. Müstəqillik illərində əldə etdiyimiz uğurlar və nailiyyətlər nəticəsində bu gün burada, gözəl Bakıda Avropa Olimpiya hərəkatının tarixində yeni səhifə yazılır. Bu səhifəni biz yazırıq, Azərbaycan xalqı yazır. Qoy, Tanrı Azərbaycanı hər zaman qorusun” söyləyən birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyeva Azərbaycanın iqtisadi sabitliyi və davamlı inkişafı fonunda bu inamı ifadə etmişdir ki, gələn illərdə Avropa Oyunlarının məşəli nə qədər uzaqlarda alovlansa da, Azərbaycanın və “Bakı-2015”in parlaq ruhunun atəşi orada olacaq.
Tədbirdə iştierak edən qonaqlar “Bakı 2015”i uzun yolun ən vacib nöqtəsi kimi dəyərləndirərək qeyd etmişdilər ki, idman və Olimpiya hərəkatının gənc dövlətin sürətli inkişafının mərkəzində dayanmasına daim səy göstərən Prezident İlham Əliyevin və Oyunların Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyevanın qətiyyətli mövqeyi hazırlıq işlərinin aparıcı qüvvəsi oldu. Prezident İlham Əliyev vurğuladı ki, Azərbaycan artıq idmanın inkişafı istiqamətində öz rolunu dünyaya göstərir: “Bu, ölkəmiz üçün tarixi hadisədir. Çünki bu günə qədər ölkəmizdə bu miqyasda idman yarışları keçirilməmişdir. Eyni zamanda Avropa üçün də tarixi hadisədir. Çünki başqa qitələrdən fərqli olaraq, Avropada heç vaxt qitə oyunları keçirilməmişdir. İdmanın, Olimpiya hərəkatının inkişafı Azərbaycanda dövlət siyasətidir.”
Bu gün qürurvericidir ki, Azərbaycan bütün sahələrdə uğurları ilə dünyanın diqqətindədir. Ölkəmizin hərtərəfli inkişafının təmin edilməsi dövlət siyasətinin əsasında dayanır. Bunun üçün kompleks tədbirlər həyata keçirilir, hər bir sahənin inkişafına xidmət edən Dövlət Proqramları icra olunur. O da məlumdur ki, dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə hər il bir sahənin adı ilə bağlanır. 2012-ci il cənab İlham Əliyevin Sərəncamı ilə “İdman İli” elan edilmişdir. Sənəddə də qeyd edildiyi kimi, Azərbaycanda idmanın inkişafı ildən-ilə geniş vüsət alır. İdman sahəsində gerçəkləşdirilən dövlət siyasəti, Olimpiya ideallarının təbliği, idmanın maddi-texniki bazasının möhkəmləndirilməsi, tikilmiş müasir Olimpiya kompleksləri və digər tədbirlər nəticəsində ölkəmiz mötəbər beynəlxalq idman yarışlarının keçirildiyi məkana çevrilib.
Bu gün Azərbaycanın dünyada idman ölkəsi kimi tanınmasını, nüfuz qazanmasını təsdiqləyən xeyli sayda faktlar qeyd edə bilərik. Bunlardan biri də Avropa İdman Paytaxtları və Şəhərləri Federasiyasının Bakı şəhərini 2026-cı il üçün dünyanın “İdman Paytaxtı” seçməsidir. Azərbaycanda əhalinin sağlamlığının möhkəmləndirilməsi, yüksək standartlara uyğun mövcud idman infrastrukturu və idmanın təbliği üçün görülən nümunəvi fəaliyyət yüksək qiymətləndirilir. Gələn ilin sonunda Belçikanın Brüssel şəhərində, Avropa Parlamentində Bakı şəhərinin dünyanın “İdman Paytaxtı” olaraq rəsmi təqdimat mərasiminin keçirilməsi planlaşdırılır.