Xəbərlər
Gənclərin idmana maraqları artır
Elmar Əhmədov
YAP Salyan rayon təşkilatının sədri
Artıq müzəffər xalqın, qalib ölkənin nümayəndələri kimi Oyunlarda iştirak edən idmançılarımız Azərbaycan xalqının döyüş meydanlarında əldə etdiyi Qələbəni idman arenalarında da təsdiqləyirlər. Bu uğurlarımız hər birimizi qürurlandırır. Vətənimizi ləyaqətlə təmsil etmək, bayrağımızın ucalarda dalğalanması üçün ustalıqlarını nümayiş etdirən idmançılarımız qazandıqları qızıl, gümüş, bürünc medallarla xalqımızı sevindirir. Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev avqustun 14-də XXXIII Paris Yay Olimpiya Oyunlarında medal qazanmış Azərbaycan idmançılarını və onların məşqçilərini qəbul edərkən bu məqamları xüsusi vurğuladı. “Siz Yay Olimpiya Oyunlarında ölkəmizi ləyaqətlə təmsil etmisiniz, Azərbaycan Bayrağını ucaltmısınız, bütün xalqımızı sevindirmisiniz. Sizi həm təbrik edirəm, həm də sizə öz təşəkkürümü bildirmək istəyirəm” söyləyən cənab İlham Əliyev bildirdi ki, Olimpiya Oyunları bütün digər idman yarışları arasında xüsusi yer tutan bir yarışdır, dörd ildən bir keçirilən idman bayramıdır və hər bir idmançı, hər bir ölkə bu Oyunlara xüsusilə hazırlaşır. Olimpiya Oyunlarındakı uğurlarımız əvvəlki illərdə də, son Oyunlarda da göstərir ki, Azərbaycan güclü idman dövlətidir. Təsadüfi deyil ki, bu Oyunlarda dünyanın ən güclü 30 ölkəsinin arasında yer almışıq - 2 qızıl, 2 gümüş və 3 bürünc medal.
Uğurlarımız respublikamızın bütün bölgələrində idmanın inkişafına, kütləviliyinə, gənc nəslin fiziki hazırlığına göstərilən diqqətin nəticəsidir. İqtisadi imkanları möhkəmlənən respublikamızda istifadəyə verilən idman komplekslərində hazırlıq keçən yeniyetmələrin respublikamızdan kənarlarda keçirilən yarışlarda da ölkəmizi uğurla təmsil etmələri bu diqqətin nəticəsidir. Cənab İlham Əliyev həmin görüşdə onu da bildirdi ki, indi müəyyən istirahətdən sonra yeni hazırlıq prosesinə start veriləcək. Həm Avropa, həm dünya çempionatlarına hazırlıq işləri gedəcək. Bir neçə idman növündə nəsillərin dəyişməsi prosesi gedir. Ona görə növbəti Olimpiya Oyunlarına bu prizmadan yanaşmalıyıq və xüsusilə uşaq-yeniyetmə idmanına bundan sonra da diqqət göstərilməlidir. İdmanla məşğul olmaq üçün indi ölkəmizin hər bir yerində gözəl şərait var. İdmana rəhbərlik edən qurumlar arasında koordinasiya işləri düzgün qurulub, federasiyalar, klublar uğurla fəaliyyət göstərir: “Nəzərə alsaq ki, hər bir Olimpiya Oyunlarından sonra, xüsusilə ölkəmiz üçün uğurlu Oyunlardan sonra idman bölmələrinə uşaqların, yeniyetmələrin axını müşahidə olunur, mən əminəm, növbəti Olimpiya Oyunlarına hazırlıq prosesi də ardıcıl aparılacaq. Əlbəttə, tam əminəm ki, həm cüdo, həm digər idman növləri ilə məşğul olmaq istəyən uşaqlarımızın sayı çox olacaq və bunu arzulayıram. Uzun illər ərzində idmanın kütləviliyi ilə bağlı dediyim sözlər və verdiyim tapşırıqlar bir məqsədi güdür ki, fiziki, mənəvi cəhətdən sağlam, Vətənə bağlı, vətənpərvər və peşəkar gənc nəsil yetişsin. İdmançılarımızın uğurlu çıxışları bunu bir daha göstərdi ki, biz gənc nəslimizlə haqlı olaraq fəxr edə bilərik.”
2015-ci ildə ilk Avropa Oyunları, 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunları keçirildi. Birlik, həmrəylik, dostluq bayramı kimi davam edən bu idman tədbirləri ölkəmizin malik olduğu imkanların təqdimatında əhəmiyyətli rol oynayırlar. İdman sahəsində gerçəkləşdirilən dövlət siyasəti, Olimpiya ideallarının təbliği, idmanın maddi-texniki bazasının möhkəmləndirilməsi, tikilmiş müasir Olimpiya kompleksləri və digər tədbirlər nəticəsində ölkəmiz mötəbər beynəlxalq idman yarışlarının keçirildiyi məkana çevrilib. Onu da qeyd edək ki, ölkəmizdə idmanın inkişaf etdirilməsi, Olimpiya hərəkatının genişləndirilməsi, gənclərin müntəzəm şəkildə idmana cəlb olunması, əhalinin bütün təbəqələri arasında sağlam həyat tərzinin formalaşdırılması, yeni idman və Olimpiya komplekslərinin tikilməsi zərurəti, eləcə də idmançılarımızın dünya və Avropa çempionatlarında, rəsmi beynəlxalq yarışlarda yüksək göstəricilərinin təmin edilməsi məqsədi ilə 2012-ci il dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə “İdman İli” elan edilmişdir. Təbii ki, görülən və görüləcək işlər yalnız “İdman İli” ilə məhdudlaşmadı. Digər sahələr kimi, idmanın inkişaf etdirilməsi də dövlət siyasətinin əsas tərkib hissəsidir.
Qalibiyyət rəmzi olan üçrəngli Bayrağımızı yüksəklərə qaldıram idmançılarımızın qələbələri məsuliyyətlərini daha da artırır. Dövlət başçısı İlham Əliyev bununla bağlı fikirlərini belə ifadə etdi: “Mən şadam ki, bizim idmançılarımız həm yarışlarda, eyni zamanda, həyatda nümunəvi davranış qaydaları göstərirlər. Yəni, siz gənclər üçün nümunəsiniz. Gənclər sizə baxıb sizin kimi olmaq istəyəcəklər və bu qələbənin vacib olan tərəflərindən biri məhz bundan ibarətdir.”