YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Güclü idman dövləti

Anar Nəbiyev

YAP Qazax rayon təşkilatının sədri

Dövlət başçısı İlham Əliyevin çağırışları sırasında bu mühüm məqam xüsusi qeyd edilir ki, idmanın kütləviliyini daim diqqət mərkəzində saxlamalıyıq. Çünki bizə, əlbəttə, idman nəticələri, qələbələr lazımdır. Eyni zamanda, bizə sağlam gənclər lazımdır. Hər bir gənc idmanla məşğul olmalıdır. Çalışmaq lazımdır ki, idmanla məşğul olmayan gənc qalmasın. Çünki idmanla məşğul olan hər bir insan öz həyatında, fiziki vəziyyətində, mənəvi-psixoloji durumunda bunun gözəl nəticələrini görür. İdmançılar həm fiziki cəhətdən, həm mənəvi cəhətdən sağlamdırlar, vətənpərvərdirlər.

Dünya birliyində ölkəmizi tanıdan, Azərbaycan bayrağı altında çıxış edən idmançılarımızla fəxr edirik.  Çətin mübarizə şəraitində keçən yarışlara məsuliyyətlə, vətənpərvərlik ruhu ilə hazırlaşan gənclərimizin məqsədi və hədəfi aydındır: Azərbaycana qələbə qazandırmaq, bayrağımızı yüksəklərə qaldırmaq. XXXIII Paris Yay Olimpiya Oyunları bunun bir daha təsdiqi oldu. Belə ki,  Azərbaycan bu Oyunlarda dünyanın ən güclü 30 ölkəsi arasında yer aldı. İdmançılarımız  2 qızıl, 2 gümüş və 3 bürünc medal qazandılar. Dövlət başçısı, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev avqustun 14-də XXXIII Paris Yay Olimpiya Oyunlarında medal qazanmış Azərbaycan idmançılarını və onların məşqçilərini qəbul edərkən bildirdi ki, bu, çox yaxşı nəticədir. İdmançıları, onların məşqçilərini bu gözəl hadisə münasibətilə bir daha təbrik etmək istəyirəm: “Onu da bildirmək istəyirəm ki, müsəlman ölkələri arasında Azərbaycan üçüncü yerdə qərarlaşıb. Nəzərə alsaq ki, İslam Əməkdaşlıq Təşkilatında 57 üzv mövcuddur, hesab edirəm, bu, çox gözəl və tarixi nəticədir. Bütövlükdə komandamızın çıxışına qiymət verərək mən hesab edirəm ki, bizim idmançılarımız ən yüksək qiymətə layiq olmalıdır.” Prezident İlham Əliyev onu da vurğuladı ki, Olimpiya Oyunları bütün digər idman yarışları arasında xüsusi yer tutan bir yarışdır, dörd ildən bir keçirilən idman bayramıdır və  hər bir idmançı, hər bir ölkə bu Oyunlara xüsusilə hazırlaşır.  Olimpiya Oyunlarındakı uğurlarımız əvvəlki illərdə də, son Oyunlarda da göstərir ki, Azərbaycan güclü idman dövlətidir.

Azərbaycanın idman ölkəsi kimi nüfuz qazanmasına səbəb olan tədbirlər sırasında ilk Avropa Oyunlarını, eyni zamanda,  IV İslam Həmrəyliyi Oyunları xüsusi qeyd edə bilərik. Bu tədbirlər, həmçinin Azərbaycanın tolerant, multikultural dəyərlərin inkişafına böyük töhfələr verən ölkə kimi tanınmasında və nüfuz qazanmasında da əhəmiyyətli rol oynadı. 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsi ilə yanaşı, həmin il dövlətimizin başçısı İlham Əliyevin Sərəncamı ilə “İslam Həmrəyliyi İli” elan edildi.

Təmsil olunan ölkələrin və iştirakçıların sayına görə əvvəlki yarışlardan fərqlənən IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edən Azərbaycan idmana böyük maraq göstərən və bu istiqamətdə bütün zəruri şəraiti yaradan ölkə kimi  diqqətdə oldu.  Prezident İlham Əliyevin idmana, gənclərin fiziki tərbiyəsinə göstərdiyi diqqət və qayğının nəticəsi kimi 54 ölkənin iştirak etdiyi yarışlarda qazanılan 75 qızıl, 50 gümüş, 37 bürünc medal çəkilən zəhmətin, fədakarlığın bəhrəsi kimi hamını heyran etdi. Bütün dünya ictimaiyyəti İslami dəyərlərin insanlara həmrəylik, bərabərlik bəxş etdiyinin şahidi oldu. 16 idman arenasında təşkil olunan yarışlarda Azərbaycanın dövlət himni 75 dəfə səsləndi, dövlət bayrağı 162 dəfə qaldırıldı.

Əbəs yerə deyilmir ki, idman da bir siyasətdir. İdmançılarımızın qələbələri Azərbaycan Bayrağının yüksəklərə qaldırılması, dövlət Himnimizin səsləndirilməsi ilə müşaiyət olunur. Bu isə öz növbəsində Azərbaycanın beynəlxalq aləmdə təqdimatıdır. Cənab İlham Əliyev sözügedən qəbulda bu mühüm məqamı xüsusi vurğuladı ki, bu nailiyyətlər, eyni zamanda, medallar qazanmış idmançıların məsuliyyətini də artırır: “Mən şadam ki, bizim idmançılarımız həm yarışlarda, eyni zamanda, həyatda nümunəvi davranış qaydaları göstərirlər. Yəni, siz gənclər üçün nümunəsiniz. Gənclər sizə baxıb sizin kimi olmaq istəyəcəklər və bu qələbənin vacib olan tərəflərindən biri məhz bundan ibarətdir.”