Xəbərlər
Gənclər və idman siyasəti uğurla həyata keçirilir
Malik Mirzəyev
YAP Lerik rayon təşkilatının sədri
Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev avqustun 14-də XXXIII Paris Yay Olimpiya Oyunlarında medal qazanmış Azərbaycan idmançılarını və onların məşqçilərini qəbul edib.
Görüş zamanı Prezident İlham Əliyev qeyd etdi ki, bu gün idmanla məşğul olmaq üçün ölkəmizin hər bir yerində gözəl şərait vardır. İdmana rəhbərlik edən qurumlar arasında koordinasiya işləri düzgün qurulub, federasiyalar, klublar uğurla fəaliyyət göstərir.
Bu gün Azərbaycan idmanın inkişaf səviyyəsinə görə dünyada aparıcı ölkələrdən biri kimi tanınır. İdmançılarımızın istər kütləvi, istərdə fərdi idman növlərinə görə əldə etdikləri uğurlar Azərbaycanın idman ölkəsi kimi qazandığı beynəlxalq statusu daha da möhkəmləndirmişdir. Əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan gənclər və idman siyasəti öz nailiyyətləri ilə bu gün ölkəmizi bütün beynəlxalq arenalarda uğurla təmsil edir.
Bütün bu birgə fəaliyyətin, həmin qurumlar arasında mövcud olan koordinasiyanın nəticəsində Azərbaycan beynəlxalq aləmdə idman sahəsində çox böyük uğurlara imza atmışdır. Əlbəttə, ilk növbədə, idmanla məşğul olmaq üçün ölkədə şərait yaradılmalı idi. Son illərdə bu istiqamətdə dövlət investisiyası hesabına bir çox müasir Olimpiya idman qurğuları tikilib. Təkcə onu qeyd etmək kifayətdir ki, Azərbaycanın bölgələrində 50-dən çox müasir standartlarla ayaqlaşan Olimpiya İdman Kompleksi istifadəyə verilmişdir. Paytaxtımızda isə ən müasir idman infrastrukturu mövcuddur. Əvvəlki illərdə tikilən komplekslər əsaslı təmir olunub və eyni zamanda son illərdə bir neçə böyük stadion, idman qurğusu inşa edilib. Əlbəttə, təxminən 70 min tamaşaçı tutumuna malik olan Olimpiya Stadionunu xüsusi qeyd etmək lazımdır. Ondan əlavə Milli Gimnastika Arenası, Su İdman Sarayı və Bakı Atıcılıq Mərkəzinin tikintisi üçün dövlət büdcəsindən böyük vəsait ayrılmışdır. Bunlarla yanaşı, Bakıda idman şəhərciyi fəaliyyət göstərir. Ümumilikdə, son illər ərzində həm bölgələrdə, həm də Bakıda idmanın inkişafına xüsusi diqqət yetirilməsi öz bəhrəsini verməkdədir.
Ölkəmiz sadəcə beynəlxalq idman yarışlarında uğurlu iştirakla deyil, həm də kütləvi turnirlərin keçirilməsi sahəsində əldə etdiyi təcrübə və yüksək təşkilatçılıq örnəyi ilə dünyanın aparıcı idman mərkəzlərindən birinə çevrilib. Təsadüfi deyil ki, ölkəmizdə hər il nüfuzlu beynəlxalq idman yarışları keçirilir. Azərbaycan müxtəlif idman növləri üzrə dünya və Avropa çempionatlarına evsahibliyi edir.
Bu gün müasir Azərbaycan idmanın kütləviliyini təmin edən, peşəkar təşkilatçılıq ənənələrinə sahib ölkədir. Artıq uzun illərdir ki, Azərbaycanda mötəbər idman yarışları keçirilir. Azərbaycanda Olimpiya Hərəkatı və idman uğurla, sürətlə inkişaf edir. Ölkəmiz dünyada idman ölkəsi kimi tanınır. Əminliklə söyləmək olar ki, idman respublikamızda dövlət siyasətidir. Zaman keçdikcə dövlət bu siyasətin bəhrəsini görmüş, ölkəmizdə idmanın hərtərəfli inkişafına nail ola bilmişdir. Regionlarımızda da gənclər və idman siyasəti uğurla həyata keçirilir. Elə bir rayonumuz yoxdur ki, orada müasir tələblərə cavab verən idman kompleksləri tikilməsin. Yeni tikilən məktəblərin idman zalları da bu tələbləri tam şəkildə ödəyir. Bunlardan əlavə, Bakı şəhərində və bəzi mərkəz rayonlarda açıq havada idmanla məşğul olmaq üçün geniş meydançalar yaradılır. Mütəmadi təşkil edilən idman yarışları, çempionatların da məqsədi məhz bu sahədə olan dinamikanı qoruyub-saxlamaqdır. Bütün bunlar isə gənclərin bədən tərbiyəsinə marağını günü-gündən daha da artırır.