Xəbərlər
Ardıcıl surətdə inkişaf edən Azərbaycan idmanı
Fəqət Şadlinskaya
YAP Bərdə rayon təşkilatının sədri
Azərbaycan idman ölkəsidir. Bu günlərdə keçirilən XXXIII Paris Yay Olimpiya Oyunları bunu bir daha təsdiqlədi. Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev avqustun 14-də XXXIII Paris Yay Olimpiya Oyunlarında medal qazanmış Azərbaycan idmançılarını və onların məşqçilərini qəbul edərkən ölkəmizdəidmanın inkişafına diqqət və qayğı göstərildiyini əsaslı şəkildə diqqətə çatdırdı. Cənab İlham Əliyev bildirdi ki, Olimpiya Oyunlarındakı uğurlarımız əvvəlki illərdə də, son Oyunlarda da göstərir ki, Azərbaycan güclü idman dövlətidir. Təsadüfi deyil ki, biz bu Oyunlarda dünyanın ən güclü 30 ölkəsinin arasında yer almışıq - 2 qızıl, 2 gümüş və 3 bürünc medal. İdmançılarımız ən yüksək qiymətə layiq olmalıdır. Müsəlman ölkələri arasında Azərbaycan üçüncü yerdə qərarlaşıb. Nəzərə alsaq ki, İslam Əməkdaşlıq Təşkilatında 57 üzv mövcuddur, bu, çox gözəl və tarixi nəticədir. Xüsusilə qızıl medalçılarımız Olimpiya Oyunlarının ilk günlərində qələbə sevincini xalqımıza bəxş etmişlər. Onların həm peşəkarlığı, həm idmandakı uğurları və eyni zamanda, davranış qaydaları hər birimizi ürəkdən sevindirdi. Onlar uzun illər ərzində öz çəki dərəcələrində liderliyi qoruyublar və bu liderliyi Olimpiya Oyunlarında bir daha təsdiq etmişlər. Dövlətimizin başçısı bu məqamı da xüsusi qeyd etdi ki, daha çox medal qazana bilərdik. Amma bu idmandır, idmanda qələbə də olur, məğlubiyyət də olur. Əsas odur bu Oyunlar bir daha göstərdi ki, Azərbaycanda idmanın inkişafı ardıcıl surətdə gedir. İdmançılarımız beş idman növündə medallar qazanmışlar: cüdo, boks, taekvondo, yunan-Roma güləşi, sərbəst güləş üzrə. Bu da onu göstərir ki, Azərbaycanda idmanın bir çox növləri inkişaf edir.
Ölkəmizdə hər bir sahənin inkişafı müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra gənclərə diqqət və qayğını dövlət siyasətinin əsas tərkib hissəsinə çevirən Ümummilli Lider fiziki cəhətdən sağlam gənclərin yetişdirilməsini vacib amil kimi önə çəkdi. Ulu Öndər Heydər Əliyevin siyasi kursunu son 20 ildən artıq dövrdə uğurla davam etdirən Prezident İlham Əliyevin idmanın inkişafına yönələn addımları davamlılığı ilə diqqətdədir. Görülən işlərin nəticəsidir ki, Azərbaycan bu gün dünyada və Avropada idman dövləti kimi tanınır. Bu sahədə uğurlarımız həm beynəlxalq yarışlarda əldə etdiyimiz medallarla ölçülür, eyni zamanda, paytaxt və bölgələrdə yaradılmış müasir idman infrastrukturu da bu göstəriciləri tamamlayır. Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiqlənən Bakı və Bakıətrafı qəsəbələrin, həmçinin regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramlarının uğurlu icrası nəticəsində paytaxt və bölgələrdə müasir tələblərə cavab verən İdman Olimpiya Kompleksləri tikilib istifadəyə verilib.
İdman sahəsində gerçəkləşdirilən dövlət siyasəti, Olimpiya ideallarının təbliği, idmanın maddi-texniki bazasının möhkəmləndirilməsi, tikilmiş müasir Olimpiya kompleksləri və digər tədbirlər nəticəsində ölkəmiz mötəbər beynəlxalq idman yarışlarının keçirildiyi məkana çevrilib. Bakı şəhərində bədii gimnastika, güləş və boks üzrə dünya çempionatlarının, habelə futbol üzrə qadınlar arasında dünya çempionatının keçirilməsi bunu bir daha təsdiq edir. Ən əsası 2015-ci ilin dünyanın idman tarixində yeni bir səhifə açması- ölkəmizin birinci Avropa Oyunlarına ev sahibliyi etməsi uğurlarımızın zirvə nöqtəsi kimi dəyərləndirildi. Qədim tarixə malik, İslam həmrəyliyinə böyük töhfələr verən milli-mənəvi sərvətlərini qoruyan, beynəlxalq aləmdə müsəlman ölkələri ilə çox yaxın münasibətlər quran, multikultural dəyərlərin təbliğində böyük xidmətləri olan Azərbaycanın sadiq qaldığı tolerantlıq xalıqımızın ən böyük sərvətidir. Birinci Avropa Oyunlarından sonra əllidən artıq ölkənin təmsil olunduğu, 3 mindən çox idmançının iştirak etdiyi IV İslam Həmrəyliyi Oyunlarının Bakıda keçirilməsi Azərbaycanın sivilizasiyalar, dinlər və qitələr arasında nadir əhəmiyyətə malik ölkə olduğunu göstərdi. Siyasi, iqtisadi, hərbi qüdrəti ilə seçilən Azərbaycanın idman ölkəsi kimi fərqlənməsi artıq beynəlxalq səviyyədə təsdiqlənib. Beynəlxalq səviyyədə keçirilən yarışlarda, olimpiadalarda qazandıqları qələbələri ilə onlara göstərilən qayğını doğruldan gənclərimiz ən möhtəşəm yarışlarda üçrəngli bayrağımızı yüksəklərə qaldırır, Dövlət Himnimizi səsləndirirlər. Dövlət başçısı İlham Əliyev XXXIII Paris Yay Olimpiya Oyunlarında medal qazanmış Azərbaycan idmançılarını və onların məşqçilərini qəbul edərkən bildirdi ki, xüsusilə Olimpiya Oyunlarında qazanılan qələbə idmanda da, məişətdə də, həyatda da idmançının üzərinə böyük məsuliyyət qoyur. İdmançılarımızın yalnız məharətləri ilə deyil, həm də yarış zamanı layiqli davranışları ilə seçildiklərini vurğulayan dövlətimizin başçısı qeyd etdi ki, bu, onların yüksək mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi. Prezident İlham Əliyev uzun illər Olimpiya Oyunlarında, dünya və Avropa çempionatlarında ölkəmizin adını ucaldan veteran idmançılara minnətdarlığını bildirdi.