Xəbərlər
Parlament seçkiləri ölkəmizdə demokratiyanın növbəti təntənəsi olacaq
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində, Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 94 saylı Ucar seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Ramil Həsən Ucar rayonunun Ənvər Məmmədxanlı, Türkəci və Yuxarı Çiyni kəndlərinin seçiciləri ilə görüş keçirib.
Görüşü giriş sözü ilə açan YAP Ucar rayon təşkilatının sədri Şəhla Abdullayeva qeyd edib ki, YAP xalqa və dövlətə xidmət etməyi özünün əsas məqsədi kimi qəbul edir: “Partiyanın hər bir seçki prosesindən uğurla çıxması məhz sözlə əməlin birliyinin nəticəsidir. Buna görə də partiyamız Prezident, YAP-ın Sədri İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın əldə etdiyi uğurlar fonunda növbəti parlament seçkilərinə də böyük qələbə əzmi ilə qatılıb”.
Çıxış edən deputatlığa namizəd Ramil Həsən əvvəlcə “Yeni dövrə Yeni Azərbaycanla!” şüarı altında uğurla davam edən YAP-ın təbliğat kampaniyası və seçki platforması haqqında ətraflı məlumat verib.
O, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə düşmən tapdağından azad edilmiş suveren Azərbaycanda ilk dəfə keçirilən parlament seçkilərində namizədliyinin irəli sürülməsindən qürur duyduğunu ifadə edib.
R. Həsən vurğulayıb ki, bu gün Azərbaycanda geniş və çoxşaxəli islahatlar proqramı Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən çox böyük uğurla həyata keçirilir: “Bu siyasət xalqın tərəfindən birmənalı şəkildə müdafiə olunur. Xalqımızın qarşıdan gələn seçkilərdə də cənab İlham Əliyevin rəhbərlik etdiyi YAP-ın namizədlərinə etimad göstərəcəyi şübhəsizdir”.
Deputatlığa namizəd R.Həsən daha sonra Ənvər Məmmədxanlı kəndinin mərkəzində Şəhidlərin Xatirə lövhəsini ziyarət edib, Şəhidlrin əziz xatirəsini ehtiramla yad edib.
Tədbirdə təşviqat qrupunun üzvləri Mirzalı Ağamalıyev, Yaqut Zeynalova və şəhid atası Əli Vəliyev çıxış ediblər.
Deputatlığa namizəd seçicilərlə fərdi görüşlər də keçirib, rayonun Ənvər Məmmədxanlı kəndində Birinci Qarabağ müharibəsi şəhidi Bəxtiyar Nadir oğlu Quliyevin ailəsini ziyarət edib.