Xəbərlər
Zərdablılar parlaq gələcəyə səs verəcək
Sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 95 saylı Zərdab-Kürdəmir-Ucar seçki dairəsi üzrə deputatlığa namizədliyi irəli sürülmüş Səliqə Oruc qızı İsmayılovanın Yeni Azərbaycan Partiyası Zərdab rayon təşkilatının qərərgahında gənc seçicilərlə görüşü baş tutub.
Görüşdə YAP Zərdab rayon təşkilatının sədri İlkin Əliyev Yeni Azərbaycan Partiyasının parlament seçkilərinə “Yeni dövrə yeni Azərbaycanla!” şüarı ilə qatıldığını diqqətə çatdırıb. O bildirib ki, bu gün Yeni Azərbaycan Partiyası Prezident, Partiyanın sədri İlham Əliyevin rəhbərliyi ilə yeni-yeni uğurlara imza atır, ölkəmizin inkişafına xüsusi töhfələr verir. Daha sonra sədr deputatlığa namizəd Səliqə İsmayılova haqqında seçicilərə məlumat verib.
Namizəd Səliqə İsmayılova əvvəlcə seçicilərə YAP-ın seçki platforması haqqında ətraflı məlumat verib. O, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin müdrik iradəsi sayəsində dövlət müstəqilliyimizin çətin yollardan böyük uğurla keçməsindən, ölkəmizin tarixin məsuliyyətli sınaqlarından alnıaçıq çıxaraq böyük inkişaf yoluna qədəm qoymasından, hazırda Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu daxili və xarici siyasət nəticəsində Azərbaycanın regionda lider dövlətə çevrilməsindən bəhs edib. Məhz bu siyasətin nəticəsidir ki, qarşıdan gələn parlament seçkiləri ilk dəfə olaraq ölkəmizin bütün ərazilərində keçiriləcək.
Görüşdə çıxış edən təşviqat qrupunun üzvləri Nicat Əhmədzadə və Xalidə Xəlilova xalqımızın böyük inamını qazanmış Yeni Azərbaycan Partiyasının ölkəmizdə davamlı islahatların həyata keçirilməsində, ictimai-siyasi sabitliyin qorunmasında, Azərbaycanın inkişafındakı rolundan bəhs edərək seçiciləri parlament seçkilərində aktiv iştirak etməyə və ən layiqli namizədə səs verməyə çağırıblar.
Seçicilər də öz növbəsində Azərbaycanın işıqlı sabahı naminə YAP-ın namizədini dəstəkləyəcəklərini deyiblər.