Xəbərlər
Dostluq və qardaşlıq əlaqələri əsrlərə söykənir
Mehdi Balabəyov
YAP Şabran rayon təşkilatının sədri
“Bu, son iki ildə mənim Mərkəzi Asiya ölkələrinə 16-cı səfərimdir. Həmin müddətdə Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistandan olan həmkarlarım Azərbaycanı ümumilikdə 15 dəfə ziyarət ediblər. Azərbaycan və Mərkəzi Asiya ölkələri artan strateji əhəmiyyətə malik olan vahid tarixi-mədəni coğrafi regiondur. Xalqlarımızı çoxəsrlik tarix, mədəniyyət, din və ortaq dəyərlər birləşdirir.” Dövlət başçısı İlham Əliyev bu günlərdə Astanada keçirilən Mərkəzi Asiya və Azərbaycan Respublikasının Dövlət Başçılarının görüşündə onu da bildirdi ki, Azərbaycan və Mərkəzi Asiya ölkələri beynəlxalq təşkilatlar çərçivəsində uğurla əməkdaşlıq edirlər. Bu xüsusda, BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı – SPECA-nı qeyd etmək istərdim. Ötən ilin noyabr ayında Bakıda keçirilmiş, SPECA-nın 25 illiyinə həsr olunmuş Zirvə görüşünün nəticələri əməkdaşlığımızın praktiki inkişafı baxımından əhəmiyyət kəsb edir. Azərbaycan beynəlxalq ictimaiyyətin yekdil dəstəyini qazanaraq bu ilin noyabr ayında COP29 iqlim konfransına ev sahibliyi edəcəkdir. Azərbaycan COP29-a sədrliyi çərçivəsində regionumuzda iqlim dəyişmələri ilə bağlı problemlərin həlli üçün Mərkəzi Asiya ölkələri ilə birgə təşəbbüsləri dəstəkləməyə hazırdır.
Onu da qeyd edək ki, tarixi Zəfərimiz türk dünyasının birliyində əhəmiyyətli rol oynadı. Qarabağı və Şərqi Zəngəzuru erməni işğalından azad edən Azərbaycan bununla türk dünyası ölkələri arasında coğrafi bağlantını da təmin etmək üçün gözəl imkan yaradıb. 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatda Zəngəzur dəhlizinin açılması ilə bağlı bəndin yer alması və bu müddəanın yerinə yetirilməsi Türk dövlətlərini coğrafi baxımdan da bir-birinə bağlayacaq, Şərqdən Qərbə uzanan vahid marşrut xəttini formalaşdıracaq ki, bu da böyük bir coğrafiyada yüklərin rahatlıqla, qısa zaman kəsiyində və daha münasib qiymətə daşınmasına böyük töhfə verəcək.
Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə həyata keçirilən islahatlar nəticəsində Azərbaycan Şərqlə Qərb arasında mühüm qovşağa çevrilib. Ölkəmizin inkişaf etdirdiyi nəqliyyat-logistika şəbəkəsi, o cümlədən Ələt Dəniz Ticarət Limanının inşası və imkanlarının artırılması, gəmiqayırma zavodunun fəaliyyətinin genişləndirilməsi, ölkəmizin Xəzərdə ən böyük ticarət donanmasına malik olması Avropa ilə Asiya arasında daşımalar üçün olduqca vacib əhəmiyyət daşıyır. Azərbaycanın artan tranzit imkanları, həmçinin Mərkəzi Asiya ölkələrinin, həmin coğrafiyada yerləşən türk dövlətlərinin inkişafına da müsbət təsirini göstərəcək. Prezident İlham Əliyev tədbirdəki çıxışında bildirdi ki, qarşılıqlı fəaliyyətimizin mühüm istiqamətlərindən biri də nəqliyyat-tranzit sahəsində əməkdaşlıqdır. Bakı-Tbilisi-Qars dəmir yolunun yükaşırma qabiliyyətinin 1 milyon tondan 5 milyon tonadək artırılması, Ələt Beynəlxalq Ticarət Limanının illik ötürücülük qabiliyyətinin 15 milyon tondan 25 milyon tonadək artırılması istiqamətində görülmüş işlər, Xəzər dənizində Azərbaycanın ticarət donanması üçün yeni gəmilərin sifariş edilməsi, eləcə də Mərkəzi Asiya ölkələrində infrastruktur layihələrinin həyata keçirilməsi Orta Dəhlizin praktiki cəhətdən önəmini daha da artırır.
Dinamik qarşılıqlı fəaliyyət münasibətlərimizin aydın mənzərəsini yaradır. Tədbirdə diqqəti işğaldan azad olunmuş Füzuli şəhərində Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin açılışına yönəldən cənab İlham Əliyev bildirdi ki, Ermənistanın işğalından azad edilmiş Qarabağın bərpasına dəstək qardaşlıq münasibətlərimizin təzahürlərindən biridir. Ermənistan tərəfindən təxminən 30 illik işğal dövründə bu ərazilərdə 9 şəhər və yüzlərlə yaşayış məntəqəsi məhv edilib. İşğaldan azad olunmuş ərazilərdə hazırda genişmiqyaslı bərpa işləri aparılır və keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışı davam edir. Ötən il Füzuli şəhərində Özbəkistanın hədiyyəsi olan Mirzə Uluqbəy adına orta məktəbin, bu il isə Qazaxıstanın hədiyyəsi olan Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin açılışı oldu. Həmçinin bu il Ağdam rayonunda Qırğızıstanın hədiyyəsi olan orta məktəb binasının təməlqoyma mərasimi keçirildi.
Tarixi Zəfərimizdən sonra türkdilli ölkələr arasında əlaqələr müxtəlif istiqamətlər üzrə uğurla inkişaf edir. Azərbaycan və Qazaxıstan arasında əlaqələr bütün sahələrdə yüksək səviyyədədir. Qarşılıqlı iqtisadi-ticari fəaliyyət sahəsi böyük inkişaf potensialına malikdir. Nəqliyyat-tranzit imkanları artır. Cənab İlham Əliyev tədbirdə bu mühüm məqamı da diqqətə çatdırdı ki, dünyada artan təhdid və çağırışlar ölkələrimiz arasında müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın daha da gücləndirilməsini tələb edir. Bu xüsusda, ötən ay Qazaxıstanda keçirilmiş və Azərbaycanın da iştirak etdiyi “Birləşdik-2024” beynəlxalq əməliyyat-taktiki komanda-qərargah təlimini xüsusilə vurğulamaq istərdim. Həmçinin Azərbaycanın hərbi təhsil müəssisələrində Mərkəzi Asiya ölkələrindən olan müdavimlərin təhsil almaları bu sahədə münasibətlərin inkişafının göstəricisidir.
Ümumilikdə Azərbaycan- Mərkəzi Asiya ölkələrinin əməkdaşlığının mahiyyəti qarşılıqlı fəaliyyətimizin strateji xarakterini ehtiva edir.