Xəbərlər
Zəfərlər partiyası növbəti dəfə də qələbə çalacaq!
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 101 saylı Samux-Şəmkir seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Mübariz Qurbanlının Samux rayonunun Qovlarsarı kəndində və Qarayeri qəsəbəsində seçicilərlə görüşü keçirilib.
Görüşü giriş sözü ilə açan YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov bildirib ki, bu gün partiyanın sıralarında 730 mindən çox üzvün birləşməsi Ulu Öndər Heydər Əliyev ideyalarına sədaqətin, həyata keçirilən siyasətin gələcəyinə inamın göstəricisidir. O, Yeni Azərbaycan Partiyasının güclü bir partiya olaraq seçkiyə hazır olduğunu ifadə edib. Təşkilat sədri partiyamızın namizədlərinin bütövlükdə cəmiyyətin qəbul etdiyi və müdafiə etdiyi şəxslər olduğunu bildirib. Bu mövqedən çıxış edərək bu seçkilərdə də YAP-ın böyük uğur qazanacağını və parlamentdə birinci olaraq öz yerini tuta biləcəyini deyib.
Görüşdə çıxış edən deputatlığa namizəd Mübariz Qurbanlı əvvəlcə YAP-ın seçki platforması haqqında ətraflı məlumat verib. Qeyd edib ki, bu gün müasir müstəqil Azərbaycan Ümummilli lider Heydər Əliyevin ideyaları əsasında inkişaf edir: “Son 21 ildə Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət nəticəsində bütün sahələrdə möhtəşəm nailiyyətlər əldə edilib. Təsadüfi deyil ki, ölkəmizin iqtisadi nailiyyətləri beynəlxalq miqyasda da təqdir olunur - yüksək qiymətləndirilir. Nüfuzlu beynəlxalq reytinq agentliklərinin hesabatlarında yer alan məqamlar ölkəmizdə həyata keçirilən sosial-iqtisadi siyasətin müsbət nəticələrini əks etdirir. İlham Əliyevin Azərbaycana rəhbərliyinin ən böyük nailiyyəti isə əlbəttə ki, torpaqlarımızın işğaldan azad edilməsi, ərazi bütövlüyümüzün bərpa olunmasıdır. Vətən müharibəsindəki qələbə həm də bütün dövlətçilik salnaməmizin ən böyük hadisəsi, bu qələbəni təmin edən İlham Əliyev isə müasir tariximizin müzəffər sərkərdəsidir”.
Görüşdə vurğulanıb ki, budəfəki parlament seçkiləri ilk dəfə olaraq ölkəmizin bütün ərazilərində keçirilməsi ilə əlamətdardır.
M.Qurbanlı çıxışında seçiciləri parlament seçkilərində fəal iştirak etməyə və ən layiqli namizədə səs verməyə çağırıb. O, deputat seçiləcəyi təqdirdə ona göstərilən inam və etimadı layiqincə doğrultmağa çalışacağına söz verib.
Tədbirdə, həmçinin kənd ağsaqqalı Xəlil Xəlilov, təqaüdçü Məhəbbət Quliyeva, kənd sakini Məhərrəm Qafarov və digərləri çıxış ediblər. Qeyd olunub ki, YAP qələbələr və qaliblər partiyasıdır. Yeni Azərbaycan Partiyasının banisi Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi prinsiplər bu gün Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir və bu uzunmüddətli bir strategiyadır. Uzunmüddətli strategiyanın daşıyıcısı olan partiya növbəti dəfə də qələbə çalacaq.
Çıxış edənlər uğurlarımızın davamı naminə seçiciləri parlament seçkilərində YAP-ın namizədinə səs verməyə çağırıblar.
Öz növbəsində çıxış edən seçicilər də 1 sentyabr seçkilərində YAP-ın namizədinə səs verəcəklərini vurğulayıblar.
Qeyd edək ki, deputatlığa namizəd rayonun Qarayeri qəsəbəsində də görüşlər keçirib.