Xəbərlər
Doğru və inamlı seçim!
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 82 saylı İmişli-Saatlı seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Səyyad Salahlının Saatlı rayonunun Kamallı kəndində Kamallı, Hacıqasımlı, Məzrəli və Naharlı kəndlərinin seçiciləri ilə görüşlər keçirilib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Görüşü giriş sözü ilə açan YAP Saatlı rayon təşkilatının sədri Elşən Əzizov Yeni Azərbaycan Partiyasının parlament seçkilərinə “Yeni dövrə yeni Azərbaycanla!” şüarı ilə qatıldığını diqqətə çatdıraraq bildirib ki, bu şüar özündə mühüm məqamları əks etdirir.
Çıxış edən deputatlığa namizəd Səyyad Salahlı bildirib ki, bu gün Azərbaycan dünya miqyasında sabit iqtisadiyyata və mühüm geostrateji mövqeyə malik olan, qlobal enerji təhlükəsizliyinin təminatında vacib rol oynayan bir dövlət kimi təqdir olunur. Ölkəmiz sivilizasiyalararası dialoqun, multikulturalizmin mərkəzinə, siyasi, iqtisadi, humanitar və digər sahələrdə qlobal məsələlərin müzakirə olunduğu məkana çevrilib. Azərbaycan beynəlxalq və regional əməkdaşlığa böyük töhfələr verir. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən strateji kurs özündə Azərbaycan xalqının və dövlətinin mənafeyinə cavab verən ən ali prinsipləri və normaları əks etdirir.
Tədbirdə, təşviqat qrupunun üzvləri Nəsir Ağayev, Əlimusa Əliyev və digərləri çıxış ediblər. Qeyd olunub ki, heç şübhə yoxdur ki, bu il keçiriləcək seçkilərdən sonra da formalaşacaq Milli Məclis ölkəmizin hərtərəfli inkişafına öz layiqli töhfəsini verəcək. Bütün mütərəqqi tərəfləri ilə yanaşı, növbədənkənar parlament seçkiləri yeni dövrün reallığı olmaqla yanaşı ölkəmizdə demokratiyanın növbəti təntənəsi kimi də şanlı tariximizdə öz yerini tutacaq.
Çıxış edən seçicilər də 1 sentyabr seçkilərində Yeni Azərbaycan Partiyasının namizədinə səs verəcəklərini vurğulayıblar.